Mənzil bazarında tələbin zəifləməsi qiymətlərin enməsinə SƏBƏB OLACAQ - TƏHLİL
Azərbaycanın mənzil bazarında tələbin zəifləməsi və bu səbəbdən inflyasiya tempinin aşağı düşməsi müşahidə edilir. Son ayların dinamikası göstərir ki, növbəti ildən mənzil bazarında bahalaşmanın ucuzlaşma ilə əvəzlənməsi ehtimalı var.
Sfera.az xatırladır ki, mənzil bazarında 2022-ci ilə qədər qiymətlər aşağı templə artırdı, əsasən, bazarda sabitlik müşahidə olunurdu. Amma Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra mənzil bazarında tələb həddən artıq gücləndi və qiymətlər daha sürətlə artmağa başladı.
Tələbin artmasına səbəb Rusiyadan ölkəmizə böyük məbləğdə vəsaitin daxil olması idi. Rusiyada yaşayan soydaşlarımız, eləcə də digər fiziki şəxslər vəsaitlərinin bir hissəsini Azərbaycana yönəltdi. Ölkəmizə daxil olan vəsaitlərin bir hissəsi banklarda əmanət kimi yerləşdirilsə də böyük hissəsi daşınmaz əmlak bazarına daxil oldu. Qısa müddətdə daşınmaz əmlak bazarına böyük vəsaitin daxil olması tələbi gücləndirdi və nəticədə mənzil bazarında qiymətlər kəskin şəkildə artdı.
Rəsmi statistik məlumatlara da baxdıqda görürük ki, 2022 və 2023-cü illərdə fiziki şəxslərin Rusiyadan Azərbaycana köçürdüyü vəsait xeyli artıb. 2021-ci ildə 623 milyon dollar dəyərində vəsait Azərbaycana köçürüldüyü halda, 2022-ci ildə 2,97 milyard dollar vəsait köçürülüb. 2023-cü ildə köçürülən vəsaitin xeyli azalmasına baxmayaraq, 2021-ci illə müqayisədə yüksək olub. Ötən il Rusiyadan ölkəmizə 1,05 milyard dollar dəyərində valyuta köçürülüb ki, bu məbləğ 2021-ci ildəki göstəricidən 500 milyon dollara yaxın çoxdur.
2024-cü ildə isə vəziyyət köklü şəkildə dəyişib. Birinci rübün məlumatına əsasən, Rusiyadan Azərbaycana 155 milyon dollar köçürülüb ki, bu da əvvəlki ilin birinci rübü ilə müqayisədə 158 milyon dollar və ya 2 dəfədən çox azdır. Köçürülən vəsaitlərin həcminin azalmasına baxmayaraq mənzil bazarında bunun güclü təsiri görünmür. Səbəb həmin vəsaitlərin hələ də Azərbaycanda qalmasıdır. Köçürülən vəsaitin həcminin azalmasına baxmayaraq, 2022 və 2023-cü illərdə daxil olan vəsaitlərin geri qayıdışı baş verməyib. Rusiyaya 2021-ci ildə 117 milyon dollar köçürüldüyü halda, 2022-ci ildə 90 milyon dollar, 2023-cü ildə 74 milyon dollar köçürülüb. Köçürmələrdə azalma 2024-cü ildə də müşahidə edilir. Birinci rübdə 16 milyon dollar köçürülüb ki, bu məbləğ də əvvəlki ilin birinci rübündəki göstəricidən 3,7 milyon dollar azdır.
Əmanətlərə dair açıqlanan məlumatlar da göstərir ki, son 2 ildə ölkəmizə daxil olan vəsaitlər hələ də Azərbaycandadır. 2021-ci ildə banklarda əcnəbilərin 301 milyon manat dəyərində əmanəti var idi. Əcnəbilərin əmanətlərinin dəyəri 2022-ci ildə 1,174 milyard manata, 2023-cü ildə 1,24 milyard manata yüksəlib. 2024-cü ilin geridə qalan dövründə isə əcnəbilərin əmanətlərdə azalma və ya artım müşahidə edilmir. Bu məlumatlardan aydın olur ki, artıq Rusiyadan Azərbaycana vəsait daxilolmasında artım yoxdur, əksinə azalma prosesi baş verir. Lakin hələlik həmin vəsaitlərin geri qayıdışı da baş vermir.
Buna baxmayaraq mənzil bazarında tələb 2022 və 2023-cü ilə nisbətən zəiflədiyindən qiymətlərdə artım əlamətləri xeyli zəifləyib. Əgər Rusiya-Ukrayna müharibəsində gərginlik bir qədər də səngiyərsə, hətta uzunmüddətli atəşkəs təmin edilərsə, böyük ehtimalla əvvəlki illərdə Azərbaycana daxil olan vəsaitlərin bir hissəsi Rusiyaya qaytarılacaq. Artıq bu halda mənzil bazarında ucuzlaşmanın qarşısını almaq mümkün olmayacaq.
Yaxın gələcəkdə mənzil bazarında ucuzlaşma ehtimalını gücləndirən digər səbəb mənzillərin qiymətinin çox yüksəlməsidir. Təcrübə göstərir ki, mənzillərin qiyməti yüksək həddə çatdıqdan sonra bir müddət ucuzlaşma prosesi gedir. Çünki çox yüksək qiymətlər alıcılığı zəiflədir və əhali kiçik mənzillərə daha çox pul verməkdənsə bir qədər gözləməyi üstün tutur. Bu psixoloji yanaşma mənzil bazarında qiymətlərə azaldıcı təsir göstərir.
Mənzil bazarında tələbə mənfi təsir göstərə biləcək amillər arasında uzunmüddətli əmanət faizlərinin yüksəldilməsi də var. Son aylarda banklar uzun müddətə qoyulan əmanətlərə daha yüksək faizlər təklif edir. Uzunmüddətli əmanətlər üzrə faiz gəlirləri vergilərdən də azad olduğundan bu cür əmanət müqavilələrinə maraq artıb. Son bir ildə uzunmüddətli əmanətlərin həcminin 1 milyard manatdan çox artması da bunun sübutudur. Vəsaitlərin bir hissəsinin banklara uzun müddətə əmanət edilməsi mənzil bazarında tələbə azaldıcı təsir etmək imkanına sahibdir.
Beləliklə, ümumi vəziyyət onu göstərir ki, mənzil bazarında tələbin zəifləməsi prosesi gedir və bu amil 2025-ci ildə qiymətlərin yönünü aşağı yönəldə bilər. Bu halda Azərbaycanda bir müddət mənzillərin qiymətinin enməsinin şahidi olacağıq.
Vasif