Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib. 


Sfera.az xatırladır ki, Amerika mediasında yayılan xəbərlərə görə, İsrail İranın bir neçə şəhərinə raket zərbələri endirib. Bu zərbələr nəticəsində İranın hərbi obyektlərinə ciddi ziyan dəyib. 


Xəbərlərin yayılmasından sonra İranın dövlət televiziyası Press TV öz mənbələrinə əsaslanaraq İsrailin raket hücumu həyata keçirməsi iddiasını təkzib edib. Həqiqətən də, nə İsrail, nə ABŞ, nə də İran tərəfi iddialarla bağlı hər hansı bir açıqlama verib. Amma buna baxmayaraq,  ABŞ mediasında iddiaların yayılması qızılı və nefti bahalaşdırıb. 


İlk olaraq neftin qiymətində artım qeydə alınıb. Qısa müddətdə “Brent” markalı neftin qiyməti 3 dollar artaraq 90 dollara çatıb. Xəbərin təsdiqlənməməsi səbəbindən sonrakı saatlarda neftin qiyməti 88 dollara düşüb. 


Yaxın Şərqdə gərginlik davam etdikcə qızıl da bahalaşır. İnvestorlar keçən həftəyə bənzər gərginlik ehtimalını nəzərə alaraq, riskdən yayınma hərəkətlərini sürətləndiriblər. Buna görə də qızılın troya unsiyası təxminən 1,5% bahalaşaraq 2417 dollara yüksəlib. Sonrakı saatlarda isə rəsmi mənbələrdən təsdiq gəlmədiyindən qızılın qiyməti 2400 dollara geriləyib. 


Adi hətta təsdiqlənməyən xəbərin qızıl və neft qiymətlərində sıçrayış yaratması onu göstərir ki, Yaxın Şərqdə böyük müharibə başlayarsa, bu, mühüm əmtəələrin qiymətində kəskin artıma səbəb olacaq və dünya yeni bahalaşma dalğası ilə qarşılaşacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR