COP29-un əsas mövzusu: "Yaşıl Enerji"yə keçid - Azərbaycan bu sahədə hansı işləri görür?

COP29-un əsas mövzusu: "Yaşıl Enerji"yə keçid - Azərbaycan bu sahədə hansı işləri görür?

Atmosfer havasına atılan istixana qazları Yer planetində yaşayan canlı ələm üçün ciddi təhdidlər yaratdığından ölkələr “yaşıl enerji” növlərinə keçid prosesini son onilliklərdə sürətləndirib. Elmi araşdırmalar göstərir ki, istinaxa qazları dünyada qlobal istiləşmə yaradır və bu, ciddi iqlim dəyişikliklərinə səbəb olur. Buna görə də dövlətlər istixana effekti yaradan yanacaq növlərindən ekoloji cəhətdən zərərsiz enerji növlərinə mümkün qədər daha tez keçidi dəstəkləyir. 


Sfera.az xatırladır ki, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirinin də mövzusu məhz iqlim dəyişikliyini sürətləndirən insan fəaliyyəti ilə bağlı olan səbəblərin minimuma endirilməsidir. Bu məqsədlə enerji istehsalında ənənəvi yanacaq növlərindən, yəni neft, təbii qaz, daş kömür və digərlərinin istifadəsinin azaldılması, əvəzində günəş, su, külək, biokütlə, geotermal istilikdən istifadənin genişləndirilməsi nəzərdə tutulur. 


Qeyd olunan çağırışlara Azərbaycan da qoşulub. Ölkəmizdə son illərdə dövlətin dəstəyi ilə alternativ enerji sahələrinin inkişafı müşahidə edilir. Son bir neçə ildə günəş, külək, tullantıların və biokütlənin yandırılması hesabına alınan elektrik enerjisinin miqdarı artıb. 2012-ci ildə adıçəkilən növlər üzrə istehsal qeydə alınmadığı halda 2022-ci ildə günəş, külək və tullantıların yandırılması növləri üzrə istehsal genişlənib. 2022-ci ildə külək elektrik stansiyalarında 83,3 milyon kVt/saat, günəş elektrik stansiyalarında 61 milyon kVt/saat, tullantıların yandırılması hesabına isə 205,3 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. 


Azərbaycan əvvəllər bərpaolunan enerji növlərindən yalnız hidro güclərdən istifadə edilirdi. 2022-ci ildə su elektrik stansiyalarında 1,6 milyard kVt/saat elektrik enerjisi istehsal edilib. Həm ənənəvi, həm də yeni bərpaolunan mənbələr hesabına 2022-ci ildə 1,95 milyard kVt/saat elektik enerjisi əldə edilib. Bu, Azərbaycanda 2022-ci ildə istehsal edilən elektrik enerjisinin 6,7 faizidir. Əlbəttə, bu nisbət çox azdır və Azərbaycan 2030-cu ilədək elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını hədəfləyir. 


Bu məqsədlə günəş, su, külək elektrik stansiyalarının sayı və gücü artırılacaq. Sadəcə Bakı və onun ətrafında deyil, həm də əyalətlərdə də bərpaolunan enerji növlərindən istifadə edən stansiyaların sayı artırılacaq. 


İşğaldan azad olunan ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi hədəfi də bu məqsədə xidmət edir. İqlim şəraiti və coğrafi imkanlar ölkəmizdə elektrik bərpaolunan enerji növlərinin inkişafına əsas yaradır. Azərbaycanın külək enerji ehtiyatı 800 MVt-a yaxındır ki, bu da ildə 2,4 milyard kVt/saat elektrik enerjisi istehsal etməyə imkan verir. Külək Xəzər dənizinin sahili boyu ensiz zolaqdan, Böyük və Kiçik Qafqaz dağları arasındakı hava dəhlizindən Azərbaycan ərazisinə daxil olduğundan bu ərazilərdə küləyin tez-tez güclənməsi müşahidə olunur.

 

Xəzər dənizinə doğru ensiz zolaqla uzanan Abşeron yarımadasında və Abşeron dəniz akvatoriyasında bu effekt maksimuma çatır. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin araşdırmalarına görə, burada il ərzində küləyin orta sürəti yer səthindən 80 metr hündürlükdə 7–8,5 metr/saniyə təşkil edir ki, bu da beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (İRENA) təsnifatına görə "yüksək dərəcədə əlverişli" enerji potensialı sinfinə aiddir. 

 

Azərbaycan kimi isti iqlimə sahib olan ölkələrdə günəş enerjisindən istifadə daha əlverişli hesab olunur.

 

Günəş enerji alınması üçün tükənməz mənbədir və ekoloji cəhətdən təmizdir. Onun əsasında qurulmuş energetika perspektivli sahə hesab olunur. Ehtimallara görə, dünyada 2100-cü ildə Günəş ən başlıca enerji mənbəyinə çeviriləcək. 

 

Azərbaycan ərazisində yer səthinə düşən günəş enerjisinin miqdarı 1500–2000 kVt/saat təşkil edir. Abşeron, Naxçıvan Muxtar Respublikası və Kür-Araz kimi bölgələrində günəş enerjisindən istifadə üçün geniş imkanlar var. Bu məqsədlə Bakı və şəhərətrafı qəsəbələrdə inzibati və sosial təyinatlı binaların, küçələrin, parkların işıqlandırma sistemlərində, eləcə də Qobustan, Salyan, Biləsuvar və s. rayonlarda günəş PV modullarının istifadəsi ilə içməli suyu təmizləmək, yerli əhalini təmiz su ilə təchiz etmək məqsədilə 5 MVt gücündə günəş panellərinin quraşdırılması layihələrinin icrası həyata keçirilib. 

 


Günəş və külək enerji növlərinin Azərbaycan üçün daha əlverişli olduğunu nəzərə alaraq 2023-cü il oktyabrın 26-da Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti arasında ölkə ərazisində iki günəş və bir külək elektrik stansiyasının inşası layihələri ilə bağlı investisiya müqavilələri imzalanıb.
Üç yeni stansiyanın ümumi gücü 1 QVt olacaq.


Neftçala rayonunda günəş elektrik stansiyasının gücü 315 MVt, Biləsuvar rayonunda günəş elektrik stansiyasının gücü 445 MVt, Abşeron-Qaradağ rayonunda külək elektrik stansiyasının gücü isə 240 MVt təşkil edəcək.


Bu günədək “Masdar” şirkəti Azərbaycanda dəyəri 262 milyon dollar olan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi layihəsini də həyata keçirib.

 

Beləliklə, Azərbaycan daxili və xarici investisiyalar hesabına “yaşıl enerji”yə keçidi sürətləndirir. Planlaşdırılan layihələrin icrasından sonra Azərbaycanın elektrik enerjisi istehsalında bərpaolunan enerji növlərinin payı bir neçə dəfə artacaq ki, bu dəyişiklik də ətraf mühitə atılan qazların miqdarının azalmasına kömək edəcək. 

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR