COP29-un Azərbaycan üçün siyasi, iqtisadi və ekoloji əhəmiyyəti - ŞƏRH

COP29-un Azərbaycan üçün siyasi, iqtisadi və ekoloji əhəmiyyəti - ŞƏRH

2024-cü ilin noyabrın 11-dən 24-nə kimi Bakıda COP29 beynəlxalq tədbiri keçiriləcək. İqlim dəyişiklikləri ilə bağlı məsələləri özündə ehtiva edən COP29 tədbiri Azərbaycanın təşkil edəcəyi ən böyük tədbir olacaq. 


Sfera.az xəbər verir ki, iştirakçıların sayının çox olması, dünyanın əksər ölkələrindən dövlət və hökumət nümayəndələrinin işitrak etməsi tədbirə olan diqqəti artırır.

 
Bəs bu beynəlxalq tədbirin Azərbaycan üçün əhəmiyyəti nədən ibarət olacaq? Tədbir sadəcə ekoloji problemlərin həlli üçün bir müzakirə platforması olacaqmı, yoxsa başqa təsirlərini də görəcəyikmi? 


COP29 tədbirinin mövzusu ekoloji məsələlər olsa da o, imkanlarının geniş olması və aktuallığı baxımından həm də siyasi və iqtisadi təsirlər yaradacaq.  
Məlumat üçün bildirək ki, ilk COP toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib. COP-un keçirilməsində məqsəd dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır. Hər il bununla bağlı bir tədbir keçirilir. Tədbiri təşkil edən ölkələr BMT-nin beş regional qrupu arasında rotasiya qaydasında müəyyən olunur. Hər regional qrup üzvlərindən birini konfransı təşkil edəcək namizəd kimi konsensus qaydasında irəli sürməlidir.

 

2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini verdilər. 2023-cü ilin dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılan birbaşa danışıqların nəticəsi olaraq verilən birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.

 

Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.


Sonuncu, COP28 adlandırılan 28-ci konfrans 2023-cü ildə noyabrın 30-dan dekabrın 12-nə kimi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak edib. İştirakçılar əsasən dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, elm adamları, tədqiqatçılar, ekspertlər, jurnalistlər və digər maraqlı olan tərəflərlərdən ibarət olub.


Böyük beynəlxalq marağa səbəb olan COP29 tədbirinin Azərbaycan üçün əhəmiyyətini 3 qrupa ayırmaq olar. Bunlar ekoloji, siyasi və iqtisadi məsələlərdir. 


Tədbirin Azərbaycan üçün ekoloji əhəmiyyəti ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılması istiqamətində işlərin təkmilləşdirilməsinə kömək etmək olacaq. 
Yuxarıda qeyd etdiyimiz kimi konfransın əsas məqsədi dünya ölkələri arasında istixana qazlarının emissiyasının inkişafının azaldılmasıdır. Bununla bağlı sonuncu dəfə razılaşma 2015-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə əldə edilib. Həmin razılaşmalara görə, hər bir ölkə öz üzərinə müəyyən öhdəlik götürür. Azərbaycan da bu konfransa dair bəzi öhdəliklər götürüb. Həmin razılaşmalara əsasən, Azərbaycan 2030-cu ilə qədər atmosferə atılan çirkli qazları 30 faiz azaltmalıdır. 


Bu öhdəlik Azərbaycanın dövlət strategiyasına da uyğundur. Ölkəmizdə ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqət yetirilir. COP29 tədbiri ətraf mühitə mənfi təsirin azaldılması üçün təcrübənin mənimsənilməsində ölkəmizə kömək edə bilər.Eyni zamanda iqlim dəyişikliyi ilə bağlı əldə edilən qabaqcıl təcrübələrin Azərbaycana inteqrasiyasını asanlaşdırmaq mümkün olacaq. Azərbaycan ekologiya və iqlim sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də fəal iş aparır. COP29 mövcud qaydaları müzakirə etmək və təkmilləşdirmək imkanı verəcək. 


Keçiriləcək konfransın siyası əhəmiyyəti də olacaq. Belə böyük beynəlxalq miqyaslı tədirin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın sabit, təhlükəsiz ölkə olduğunu göstərəcək. Tədbirə çoxlu sayda dövlət və hökumət nümayəndələrinin qatılması regional və beynəlxalq əhəmiyyətli, eləcə də ikitərəfli siyasi məsələlərin müzakirəsi imkanlarını da yaradacaq. 


Konfransın iqtisadi faydaları da böyükdür. İqtisadi təsirlər cari və uzunmüddətli dövrdə özünü göstərəcək. 


Cari faydası özünü ölkəmizə çoxlu sayda xarici ölkə vətəndaşının səfər etməsi, onların xərclərinin ticarət və xidmət müəssisələrində dövriyyənin artmasına töhfə verməsi şəklində büruzə verəcək. Çoxlu sayda xarici vətəndaşın Azərbaycana səfər etməsi, eləcə də beynəlxalq tədbirin xarici informasiya vasitələri tərəfindən işıqlandırılması ölkəmizin tanınmasına, gələcəkdə daha çox xarici turistin gəlməsinə stimul yaradacaq. 


Uzunmüddətli dövrdə isə iqtisadi faydası Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi olacaq. COP29 Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu göstərəcək. Yüzdən çox ölkənin dövlət və hökumət başçısı, yüksək səviyyəli rəsmi qonaqlar ölkəmizə gələcək, iki həftə ərzində bütün dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. Bu platformada ölkəmizlə bağlı ətraflı informasiyanı çatdırmaq imkanı olacaq. 


Azərbaycan yaşıl iqtisadiyyata keçidlə bağlı son 20 ildə görülən işləri təqdim etməklə yaşıl iqtisadiyyata keçid prosesində dəstək qazanacaq, daha yeni texnologiyaların ölkəmizə gətirilməsinə şərait yaranacaq. 


Beləliklə, COP29 tədbirinə sadəcə adi ekoloji tədbir kimi yanaşmaq, onun əhəmiyyətini dar çərçivəyə salmaq düzgün deyil. Bu beynəlxalq konfransın Azərbaycanın müxtəlif sahələrinə birbaşa və dolayı təsirlərini qarşıdakı illərdə görəcəyik. 


Altay


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...