Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunun hesabına böyüyür – ŞƏRH

Azərbaycan iqtisadiyyatında pandemiyadan sonra qəribə, amma bir o qədər də maraqlı vəziyyət yaradıb. 2021-ci ildən başlayaraq neft-qaz sektoru iqtisadiyyatı kiçiltməyə çalışdığı halda, qeyri neft-qaz sektoru tamam əks istiqamətdə dəstək verərək iqtisadiyyatı böyütməyə çalışır və buna müvəffəq olur.
Sfera.az xəbər verir ki, son üç ildə iqtisadiyyatdakı böyümə yalnız və yalnız qeyri neft-qaz sektorunun hesabına mümkün olub, digər sahələr isə ancaq iqtisadi geriləməni dəstəkləyib.
Xatırladaq ki, 2020-ci ildə pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi iqtisadiyyatda 4,2 faizlik kiçilməyə səbəb oldu. Həmin ildə real qiymətlərlə hesabladıqda neft-qaz sahələrində istehsal 7 faiz, qeyri neft-qaz sahələrində isə 2,6 faiz azaldı.
Xüsusi karantin rejimi ləğv edildikdən sonra 2021-ci ildən başlayaraq qeyri neft-qaz sektorunda normal böyümə sürəti bərpa edildi. Amma neft-qaz sektorunda böyümə ya olmadı, ya da olduqca aşağı templə müşahidə olundu.
2021-ci ildə ölkə iqtisadiyyatı 5,6 faiz böyümüşdü. Üç il əvvəl böyümə qeyri neft-qaz sektorunda 7,2 faiz olduğu halda, neft-qaz sektorunda 1,8 faiz oldu.
Neft-qaz sektorunda böyümə 2021-ci ildən sonra müşahidə edilməyib. 2022-ci ildə neft qaz sektorunda 2,7 faizlik, 2023-cü ildə 1,7 faizlik kiçilmə qeydə alınıb.
Qeyri neft-qaz sahələrində isə 2022-ci ildə 9,1 faizlik, 2023-cü ildə 3,7 faizlik artım əldə edilib.
Ümumiləşdirsək, 2021-2023-cü illəri əhatə edən üçillik dövrdə neft-qaz sektoru 2,6 faizdən çox kiçilib. Yəni, neft-qaz sektorunda 2020-ci ildə 100 manat olan istehsal dəyəri 2023-cü ilin sonunda 97,4 manata enib.
Bu müddətdə qeyri neft-qaz sahələrində 21,3 faizlik böyümə baş verib. Başqa sözlə, üç il ərzində qeyri-neft qaz sahələrində 100 manatlıq istehsal dəyəri 121,3 manata çatıb.
Məhz qeyri neft-qaz sahələrindəki böyük artım sayəsində ümumən iqtisadiyyat 11,67 faiz böyüyə bilib.
Buradan aydın olur ki, son illərdə Azərbaycan iqtisadiyyatında böyümə birmənalı olaraq qeyri neft-qaz sektorunun hesabına baş verir. Neft-qaz sektoru isə yalnız bu böyüməni zəiflətməklə “məşğuldur”.
Vasif