Rusiya razılaşmır, taxılın qiyməti yenidən BAHALAŞACAQ
ABŞ-nin dövlət katibi Entoni Blinken Beynəlxalq Fransız Radiosuna (RFI) müsahibəsində Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasını və mövcud vəziyyəti dəyərləndirib.
Sfera.az xəbər verir ki, Blinken Rusiyanı razı salmaq üçün ciddi cəhdlər etdiklərini, lakin müsbət nəticə əldə olunmadığını söyləyib.
Rusiyanın irəli sürdüyü tələblərlə bağlı danışan dövlət katibi rəsmi Moskvanın razılaşmanın baş tutumaması üçün müxtəlif bəhanələr yaratdığını deyib: “Burada məsələ güzəşt məsələsi deyil. Məsələn, Rusiya öz taxılını ixrac etməkdə problem yaşadığını iddia edir. Bu, yanlış fikirdir. Rusiyanın taxıl ixracının miqdarı işğaldan əvvəlki illərin səviyyəsini ötüb, hətta rekord həddə çatıb”.
Blinken Rusiyanın bankçılıq və nəqliyyatla bağlı tələblərinə da toxunub: "Biz bu məsələ ilə bağlı problemləri həll etmək üçün əlimizdən gələni etdik. Məsələn, mən banklarımıza məktub göndərərək bildirdim ki, biz Rusiya taxılının ixracını tam dəstəkləyirik və onların Rusiya taxılına, nəqliyyatına, Rusiyaya qarşı sanksiyalardan qorxmalarına ehtiyac yoxdur, sığorta ilə bağlı problem olmayacaq və s. Hazırda BMT də Rusiyanın narahatlığını aradan qaldırır və bununla bağlı bir təklif də irəli sürülüb. Bu təklifə Rusiyanın cavabı Odessa limanına hücum oldu. Ruslar limana hücum edərək buradakı 220 min ton taxılı məhv etmək istədilər".
Qeyd edək ki, taxıl razılaşmasının uzadılmaması dünyada narahatçılıqla izlənilir. Çünki bu razılaşmaya qədər dünyada taxılın, xüsusən də buğdanın qiyməti xeyli yüksəlmişdi. Bununla əlaqədar olaraq bütün ölkələrdə, o cümlədən Azərbaycanda unun və çörəyin dəyəri artdı. Yalnız razılaşmadan sonra taxıl ucuzlaşdı. Narahatçılıq ondan ibarətdir ki, əgər yeni razılaşma olmasa, taxılın qiyməti yenidən yüksələcək.
Taxılın bahalaşması isə digər ərzaq qiymətlərinin, o cümlədən heyvandarlıq məhsullarının bahalaşmasına səbəb olur. Buna görə də 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimdə BMT, Rusiya, Türkiyə və Ukrayna Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb.
Rusiya sazişin müddətini uzatmamasını taxıl, gübrə və digər kənd təsərrüfatı üçün zəruri olan məhsulları tam ixrac edə bilməməsi ilə əlaqələndirib.
Vasif