Lirə və rubl ucuzlaşır – Bu, Azərbaycana sərf edirmi?

Lirə və rubl ucuzlaşır – Bu, Azərbaycana sərf edirmi?

Azərbaycanın əsas ticarət tərəfdaşı olan 2 ölkənin milli valyutasında bu ilin əvvəlindən davamlı ucuzlaşma müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, türk lirəsi və rus rublu 2023-cü ilin əvvəlindən nəzərəçarpacaq dərəcədə dəyər itirib.

 

Ötən ilin sonunda 100 lirə 9,1 manat, 100 rubl 2,6 manat idi. Hazırda 100 lirə 6,5 manat, 100 rubl 1,9 manatdır.

 

Müqayisə göstərir ki, altı ay ərzində lirə manata nəzərən 28,6 faiz, rubl isə 27 faiz ucuzlaşıb.

 

Türk lirəsinin ucuzlaşmasının səbəbi ölkənin xarici ticarətində böyük kəsirin yaranmasıdır. Bu ilin geridə qalan ayları ərzində xarici ticarətdə 50 milyard dollara yaxın kəsir yaranıb.

 

Xarici ticarətdəki kəsirin böyük olması cari əməliyyatlar balansında da kəsir yaradır ki, bu vəziyyətdə də lirə ucuzlaşır.

 

Rus rublunun dəyər itirməsi isə ölkənin neft, neft məhsulları və təbii qaz gəlirlərinin azalmasıdır. Gəlirlər azaldığından dövlət büdcəsində kəsir böyüyür və buna görə də rubl dəyər itirir.

 

Türkiyə və Rusiya Azərbaycanın qeyri neft-qaz sektoru üzrə əsas ticarət tərəfdaşıdır. Ümumi qeyri neft-qaz mallarının ixracının 58 faizi bu iki ölkənin payına düşür.

 

İdxalımızda da iki ölkə böyük paya malikdir. Xaricdən aldığımız malların 33 faizindən çoxu Türkiyə ilə Rusiyanın payına düşür.

 

Bu səbəbdən lirə və rublun sürətlə ucuzlaşması Azərbaycanda da yaxından izlənilir. İndiki yüksək inflyasiya şəraitində hər iki ölkənin valyutasının dəyər itirməsi Azərbaycan üçün əlverişlidir. Bu vəziyyət idxal edilən malların dəyərinin daha əlverişli olmasına şərait yaratdığından idxal inflyasiyasına azaldıcı təsir edir. Son məlumatlara görə Azərbaycana idxal edilən mallarda inflyasiya 20 faiz səviyyəsindədir. İdxal edilən mallarda bahalaşma yüksək olduğundan Azərbaycanda da qiymət artımları güclü olur. Belə bir vəziyyətdə lirənin və rublun ucuzlaşması idxal inflyasiyasının azalmasına müəyyən qədər kömək edəcək.

 

Nəzərə cəhətdən əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması isə ölkəmizdən qeyri neft-qaz mallarının ixracını çətinləşdirir. Idxalı həyata keçirən ölkədə yerli valyutanın ucuzlaşması həmin bazara idxal edilən malları bahalaşdırır. Türkiyədə və Rusiyada milli valyutalar ucuzlaşdığından Azərbaycanın satdığı mallar həmin bazarlarda bahalaşır. Bu hal ölkəmizdən Türkiyə və Rusiyaya ixracı çətinləşdirir. Buna görə də bəzi ekspertlər ixracı dəstəkləmək üçün manatın ucuzlaşdırılmasını da təklif edir.

 

Amma 2015-ci ildə manatın 2,16 dəfə ucuzlaşmasından sonra yaşanan təcrübə göstərdi ki, ucuz manat ixracı ciddi artırmır, əksinə iqtisadiyyatın həm real, həm də maliyyə sektorunda ciddi problemlər yaradır, əhalinin sosial vəziyyəti ağırlaşır.

 

Ötən illərdəki təcrübəni nəzərə alaraq əsas ticarət tərəfdaşlarımızda milli valyutaların ucuzlaşmasına baxmayaraq, manatın sabitliyini qorumaq daha doğrudur. Manatın sabit olması həm inflyasiyanı zəiflədir, həm də milli iqtisadiyyata güvəni artırır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR