Əhali pulunu banklara niyə qısa müddətə etibar edir? – SƏBƏBLƏR

Əhali pulunu banklara niyə qısa müddətə etibar edir? – SƏBƏBLƏR

Azərbaycan banklarında əhaliyə məxsus olan pulların (əmanət) həcmində davamlı artım müşahidə edilsə də yerləşdirilən vəsaitlərin daha çox qısa müddətə qoyulması diqqəti cəlb edir. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin mayın 1-nə olan məlumata əsasən, banklarda 12,212 milyard manat dəyərində fiziki şəxslərə məxsus əmanət var. Əmanətlərin həcmi son 1 ayda 248 milyon manat (2 faiz), son bir ildə 1,697 milyard manat (16,13 faiz) artıb. 


Fiziki şəxslərin vəsaiti artsa da hələ də əhali pulunu banka qısa müddətə qoymağa üstünlük verir. Daha uzun müddətə, bir ildən artıq müddətə qoyulan əmanətlərdə isə ya artım olmur, ya da artım miqdarı kiçik olur. 


2017-ci illə müqayisə etsək, görərik ki, son 6 ildə əmanətlərin məbləği 4,65 milyard manat (61,5 faiz) artıb. Bu müddətdə qısamüddətli əmanətlər 74 faizdən çox (4,1 milyard manat) artdığı halda uzunmüddətli əmanətlər 27 faiz (547 milyon manat) artıb. Qısamüddətli əmanətlərin həcmində artım uzunmüddətli əmanətlərlə müqayisədə 7,5 dəfə böyük olub.


Hazırda banklarda olan hər 100 manat əmanətin 79 manatı qısa müddətə, 21 manatı uzun müddətə qoyulan pullardır. 


Bəs əhali niyə qısa müddətə əmanət qoymağa üstünlük verir? 


Qısa müddətə qoyulan əmanətlərin önəmli hissəsi əhali tərəfindən müxtəlif cari xərclər üçün istifadə edilir. Buna görə də ümumi əmanətlərin təxminən 48 faizi (5,82 milyard manat) cari hesablarda saxlanan puldur. Yerdə qalan vəsaitlərin 3,82 milyard manatı 1 ilə qədər, 2,58 milyard manatı isə bir ildən artıq müddətə, yəni uzun müddətə banklarda əmanət müqaviləsi ilə saxlanılır. 


Əhalinin qısa müddətə, yəni cari hesabdakı vəsaitlər nəzərə alınmadan bir il müddətinə kimi banka pul əmanət etməsini 2 səbəblə əlaqələndirmək olar.


Birinci səbəb bir il müddətinə qoyulan əmanət faizləri ilə uzun müddətə yerləşdirilən əmanət faizləri arasında ciddi fərqin olmamasıdır. Məsələn, bir il müddətinə qoyulan əmanətlər üzrə 10 faiz ödənildiyi halda, 3 il il müddətinə yerləşdirilən əmanətlər üzrə ödənən faiz 11 olur. Bu şərt daxilində əmanətçi pulunu 1 il müddətinə qoymağa üstünlük verir. Əgər banklar daha uzun müddətə əmanət yerləşdirilməsinə müvəffəq olmaq istəyirlərsə, o halda, müddətə görə faiz dərəcələrini xeyli artırmalıdırlar. Məsələn, bir il müddətinə qoyulan əmanətlərə 8 faiz, üç il müddətinə qoyulan əmanətlərə 11-12 faiz gəlir vəd etməklə uzunmüddətli əmanətlərin həcmini artırmaq olar. 


Görünür, banklar daha qısa müddətə əmanət cəlb etməkdə maraqlıdır. Çünki müddət qısa olduqda cəlb edilən vəsait də ucuz başa gəlir və banklar bu vəsaitlərdən istifadə etməklə daha çox gəlir əldə edə bilir. 


Banklara qısa müddətə əmanət qoyulmasının ikinci səbəbi risklərlə bağlıdır. Əhali hələ də manatın ucuzlaşması və bankların bağlanması ehtimalını nəzərə alaraq vəsaitlərini banklara ya qoymaq istəmir, ya da qısa müddətə yerləşdirməyi üstün tutur.


Sadalanan səbəblərdən bankların əhalidən cəlb etdiyi vəsaitlərin 80 faizə yaxını qısa müddətə qoyulur. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR