Bahalaşma Azərbaycanın idxalını artırır – RƏQƏMLƏR

Xarici ticarət dövriyyəsinin həcminə təsir edən əsas amillərdən biri də qiymət dəyişikliyidir. Qiymətlərdəki artım və ya azalma xarici ticarət göstəricilərinə birbaşa təsir imkanına sahib olduğundan ixracın və idxalın həcmindəki dəyişiklik onunla sıx əlaqəli olur.
Sfera.az xəbər verir ki, qiymət təsirini 2023-cü ilin birinci rübünün xarici ticarətindəki dəyişiklikdən də görmək olar.
Bu ilin birinci rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi 12,27 milyard dollar, o cümlədən ixrac 8,24 milyard dollar, idxal 4,03 milyard dollar təşkil edib.
2022-ci ilin birinci rübündə xarici ticarət dövriyyəsi 12,2 milyard dollar, ixrac 9,26 milyard dollar, idxal 2,94 milyard dollar idi.
İki dövrün müqayisəsindən göründüyü kimi ixracda ciddi azalma, idxalda isə ciddi artım qeydə alınıb. İxracda azalma 11 faiz, idxalda artım 37 faiz olub.
İxrac və idxaldakı kəskin dəyişikliklə əlaqədar bu ilin birinci rübündə Azərbaycanın xarici ticarət profisitinin məbləği 6,3 milyard dollardan, 4,2 milyard dollara geriləyib.
2023-cü ildə ixracın azalmasında və idxalın artmasında qiymət amili mühüm rol oynayıb. Azərbaycanın ixrac etdiyi malların dəyəri ümumilikdə 13,8 faiz azaldığı halda, idxal etdiyimiz malların dəyəri 21,1 faiz artıb.
İxrac real göstəricilərlə artsa da qiymətlərin düşməsi ixracın azalmasına səbəb olub. İdxalda isə faktiki artımla yanaşı qiymətlərdə də kəskin artım baş verdiyindən ümumi artım 37 faizi ötüb.
Bu məlumatlar xarici ticarətdə qiymət amilinin təsirinin nə qədər əhəmiyyətli olduğunun sübutudur.
Bəs 2023-cü ilin birinci rübündə hansı ixrac və idxal mallarında ciddi qiymət dəyişikliyi baş verib?
Azərbaycanın əsas ixrac məhsulu neft və qazdır. Rəsmi məlumatlara görə, yanacaq qiymətləri bu il 15,3 faiz enib. Ölkəmizdən ixracında payı yüksək olan qeyri-üzvi kimya sənayesi məhsullarının dəyəri 10,9 faiz, azqiymətli metallar 12,1 faiz dəyər itirib.
İdxalda isə əksinə əksər malların dəyəri artıb. O cümlədən müxtəlif sənaye məhsulları 45 faiz, toxuculuq malları 36 faiz, hazır qida məhsulları 30 faiz, qeyri-üzvü kimya məhsulları 28 faiz, heyvan mənşəli məhsullar 25,4 faiz, yanacaq 23 faiz, azqiymətli metallar 15 faiz artıb.
Maraqlı fakt ondan ibarətdir ki, bəzi eyni növ mallarda ixrac ucuzlaşdığı halda, idxal artıb. Bu vəziyyət ümumən xarici ticarətin vəziyyətinə mənfi təsir edib.
Vasif