Dövlət Proqramının icrası bu il yekunlaşır: ötən il hansı tədbirlər görülüb?

Dövlət Proqramının icrası bu il yekunlaşır: ötən il hansı tədbirlər görülüb?

Bakı ilə regionlar arasında iqtisadi və sosial sahədə olan kəskin fərqlərin aradan qaldırılması üçün qəbul edilən sonuncu beşillik proqram bu il başa çatacaq. 


Sfera.az xatırladır ki, 2019-cu ilin yanvarında Azərbaycan Prezidentinin Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul olunub. Həmin proqram çərçivəsində nəzərdə tutulan işlər, tədbirlər bu il yekunlaşdırılmalıdır. 


2023-ci ilin sonunda proqram başa çatsa da böyük ehtimalla növbəti ildən daha 5 il müddətinə yeni proqram qəbul olunacaq. Çünki dövlət proqramlarının hazırlanması, burada nəzərdə tutulan layihələrin həyata keçirilməsi regionların inkişafında vacib rol oynayır. 2003-cü ildən başlayaraq hər birinin icra müddəti 5 il olmaqla bir neçə oxşar proqram qəbul edilib. Bu proqramlar hesabına regionların iqtisadi və sosial mənzərəsində ciddi dəyişikliklə baş verib. Buna görə də 2024-cü ildə regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə yeni proqram qəbul olunacaq. 


Bəs bu proqramlar çərçivəsində bölgələrdə dövlətin dəstəyi ilə hansı tədbirlər həyata keçirilir? 


2022-ci ilin yekunlarına aid olan məlumata əsasən dövlət proqramına uyğun olaraq xeyli işlər görülüb. Bu işlərdən bəzilərini təqdim edirik.


 
Ölkədə real sektora özəl investisiyaların cəlb edilməsini artırmaq məqsədi ilə Azərbaycan Prezidentinin 2016-cı il 18 yanvar tarixli Fərmanı ilə təsdiq olunan “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na uyğun olaraq ötən il investisiya təşviqi sənədinin verilməsi davam etdirilib. 2022-ci il ərzində 49 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olunub. İnvestisiya təşviqi sənədi təqdim edilən layihələrin reallaşması nəticəsində yerli istehsala 664,6 milyon manat investisiyanın yatırılması və 2323 yeni iş yerinin açılması nəzərdə tutulur. 


2022-ci il ərzində isə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 77 milyon ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 630 təsdiqedici sənəd verilib və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 18,54 milyon dolları məbləğində güzəşt əldə edilib. 


Ötən il sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin göstərilməsi davam etdirilib, 2022-ci il ərzində müvəkkil kredit təşkilatları vasitəsilə 2726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat, o cümlədən respublikanın regionları üzrə 2644 investisiya layihəsinin maliyyələşdirilməsinə 121,2 milyon manat güzəştli kredit ayrılıb. Maliyyələşdirilmiş layihələr hesabına 3026 yeni iş yerinin açılması imkanı yaranıb. 


Aqrar sektorun inkişafında mühüm əhəmiyyət kəsb edən aqroparkların və müasir iri fermer təsərrüfatlarının yaradılması istiqamətində işlər 2022-ci ildə də davam etdirilib. Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark üzrə işlər davam etdirilir. Aqroparkların 34-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. Sözügedən aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır. 

 

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən istifadə, yaşıllaşdırma, meşəliklərin salınması istiqamətində işlər 2022-ci il ərzində davam etdirilib. Belə ki, ötən il proqram çərçivəsində regionlarda meşə fondu ərazilərində 1,5 milyondan çox ağac əkilib, 1373,9 hektar sahədə meşəsalma və meşəbərpa işləri yerinə yetirilib. Qeyri-meşə fondu torpaqlarında yaşıllıqların salınması, bərpası, becərilməsi istiqamətində müvafiq işlər görülüb, 370 mindən çox (regionlarda 223 mindən çox) müxtəlif növ ağac və kollar əkilib, regionlarda 85 tona yaxın toxum tədarük edilib. 


Proqram çərçivəsində ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan nəqliyyat sektorunda həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində avtomobil yollarının çəkilməsi və yenidən qurulması, körpülərin tikintisi, regionlarda yol şəbəkələrinin bərpası işləri də davam etdirilib. Ümumilikdə, 2022-ci il ərzində ölkə üzrə 803,5 km, o cümlədən regionlarda 632,3 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilmiş və əsaslı təmir olunmuş, həmçinin regionlarda 300,7 km dəmir yolu xətti yenidən qurulmuş, 113 dəmir yolu tuneli və ya körpüsü tikilmiş və ya əsaslı təmir olunub. 

 

Sosial sahədə də ciddi işlər icra edilib. Ötən il regionlarda 52 məktəb və 5 uşaq bağçası, 9 tibb müəssisəsi, 10 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub. Regionlarda mədəni irsin qorunması, tarix və mədəniyyət abidələrinin bərpası və mühafizəsi, mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər diqqət mərkəzində saxlanılıb. 2022-ci ildə Azərbaycan Prezidenti Bakıda “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasında və “Çəmbərəkənd” parkında yaradılan şəraitlə, “Diri Baba” türbəsində, Şəki Xan məscidi kompleksində, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olub, Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin, Mərkəzi Parkın ikinci hissəsinin, Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin və Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak edib. Həmçinin, hesabat dövründə Zəngilan, Yuxarı Gövhər Ağa və Ağdam Cümə məscidlərində, Tarzən Sadıqcanın evində və Mehmandarovların malikanə kompleksində, Şuşada Şirin su hamamında aparılan təmir-bərpa işləri davam etdirilmiş, eyni zamanda dövlət başçısının iştirakı ilə Tərtərdə Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin, Qubadlı, Zəngilan və Kəlbəcər rayonlarında, Suqovuşan qəsəbəsində İşğal və Zəfər muzeyləri komplekslərinin təməlqoyma mərasimləri həyata keçirilib.  


Ümumiləşdirsək, Dövlət Proqramının icrası Azərbaycan üçün həm iqtisadi, həm də sosial hədəflərə çatmaq üçün əhəmiyyətli olub. 2023-cü ildə iqtisadi və sosial sahədə layihələrin icrasının davam etdirilməsi Azərbaycanın iqtisadi və sosial vəziyyətini bir qədər də yaxşılaşdıracaq. 


Vasif


Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Mövzu: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

 


 


OXŞAR XƏBƏRLƏR