2023-cü ildə qeyri neft-qaz mallarının ixracını artırmaq çətin olacaq – SƏBƏB

2023-cü ildə qeyri neft-qaz mallarının ixracını artırmaq çətin olacaq – SƏBƏB

2022-ci ildə Azərbaycanın qeyri neft-qaz məhsullarının ixracında rekord göstəriciyə nail olundu. Ötən il qeyri neft-qaz məhsulların ixrac dəyəri 2,992 milyard dollar oldu ki, bu da ən yüksək nəticədir. 


Sfera.az xatırladır ki, indiyə qədər ən böyük göstərici 2021-ci ildə qeydə alınmışdı. Həmin ildə qeyri neft-qaz mallarının ixrac dəyəri 2,713 milyard dollar idi. 
Ötən il ixracda 278 milyon dollarlıq, yəni 10,24 faizlik artıma nail olunub. 

 

Bəs, 2023-cü ildə Azərbaycan qeyri neft-qaz mallarının ixracını bir qədər də artıra biləcəkmi?


Bununla bağlı qəti, əmin fikir söyləmək mümkün deyil. Amma dünyada və bizə yaxın regionlarda baş verən proseslərin təhlili göstərir ki, 2023-cü ildə qeyri neft-qaz mallarının ixrac dəyərini artırmaq çətin olacaq, hətta ixracın azalması ehtimalı da güclüdür. 

 

İxracın dəyərinə təsir edəcək əsas amil qlobal iqtisadi böhran olacaq. Proqnozlara görə, 2023-cü ildə faizlərin artırılması səbəbindən, həmçinin Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla əlaqədar dünyada tələb, yəni alıcılıq qabiliyyəti zəifləyəcək. Faizlərin artırılmasına səbəb 2022-ci illərdə yüksək inflyasiyanın baş verməsidir. Mərkəzi banklar yüksək inflyasiya şəraitində sərt pul-kredit siyasəti yürütməyə məcbur olublar ki, bu da iqtisadi fəallığı, alıcılıq qabiliyyətini zəiflədib, iqtisadiyyatlarda durğunluq əlamətləri müşahidə edilib. Durğunluğun yaranması ötən ilin 4-cü rübündən hiss edilməyə başlanılıb. 

 

Faiz artımları ilə yanaşı yüksək qiymətlər də iqtisadi fəallığa mənfi təsir edir. Qiymətlər qısa müddətdə çox yüksələndə ev təsərrüfatlarının, biznes sektorunun alıcılıq gücü əvvəlki dövrlə müqayisədə azalır. Bu hal mal və xidmət dövriyyəsini kiçildir. 

 

Qiymətləndirmələrə görə, yüksək inflyasiya səviyyəsi 2023-cü ilin birinci yarısında da qalacaq və bu səbəbdən mərkəzi banklar faizləri bir qədər də artıracaq. Proqnozlar özünü doğruldarsa, mal və xidmət dövriyyəsi bir qədər də kiçiləcək, qlobal iqtisadiyyatın tənəzzülə meyillənməsi güclənəcək. 

 

Ehtimal edilən şərtlər daxilində mal və xidmətlərin qiymətlərinin enməsi realdır. 

 

Qiymətlərin enməsi ticarətin dəyərini kiçiltdiyindən Azərbaycanın qeyri neft-qaz mallarının ixracının azalması ehtimalı var. 

 

Qeyd edək ki, 2022-ci ildə qeyri neft-qaz mallarının ixracının artmasında məhz qiymət faktoru əsas rol oynayıb. Əgər ixracdakı 10,24 faizlik artımı inflyasiyanın payına çıxsaq, o halda məlum olur ki, Azərbaycan real ifadədə qeyri neft-qaz mallarının ixracını artıra bilməyib, yaxud artım cüzi olub.    

 

Əgər bu il inflyasiyanın təsiri sıfıra yaxınlaşarsa, eyni zamanda tələb zəifləməkdə davam edərsə, böyük ehtimalla qeyri neft-qaz mallarının ixracını artırmaq mümkün olmayacaq. 

 

Qeyri neft-qaz mallarının ixracına mənfi təsir edəcək digər amil Rusiya və Türkiyə ilə bağlıdır. Rusiya sanksiyalar səbəbindən idxal qabiliyyətini itirir. Bu dinamika 2023-cü ildə də davam edərsə, Rusiyaya ixracda azalma ehtimalı var. 

 

Türkiyədə də idxal imkanlarının məhdudlaşması proqnozlaşdırılır. Ölkədə yüksək inflyasiyanın olması alıcılığı zəiflədir ki, bu da Azərbaycandan Türkiyəyə ixraca mənfi təsir edə bilər. 


Sadalanan amillər qeyri neft-qaz ixracına mənfi təsir edən amillərdir. 


2023-cü ildə Azərbaycandan ixracı artırmağa yalnız ixrac bazarlarının şaxələndirilməsi və yeni məhsulların satışa çıxarılması kömək edə bilər. Amma qısa müddətdə buna nail olmaq çətin olacaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR