Dövlətin sahibkarlara dəstəyi: subsidiyalar, vergi güzəştləri, güzəştli kreditlər

Dövlətin sahibkarlara dəstəyi: subsidiyalar, vergi güzəştləri, güzəştli kreditlər

Ölkə iqtisadiyyatının elə sahələri var ki, burada sahibkarlığın davamlı, digər sahələrlə müqayisədə rəqabətədavamlı şəkildə inkişafına nail olmaq olduqca çətindir. Bazar iqtisadiyyatı nə qədər özü-özünü tənzimləyən, maliyyələşdirən sistem olsa da, təcrübə göstərir ki, iqtisadiyyatda şaxələnmiş şəkildə böyümək, bütün sahələrdə yaxşı nəticələrin əldə edilməsi üçün dövlətin dəstəyinin olması vacibdir.


Azərbaycan da bu təcrübədən kənarda qalmadığından dövlət özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da güclənməsi üçün əlverişli mühitin yaradılması məqsədilə müxtəlif yardım və təşviq mexanizmlərini tətbiq edir. 


Bu hədəflər naminə dövlət sahibkarlıq fəaliyyətinə iki formada - birbaşa (yardımlar, subsidiyalar) və dolayı (vergi və gömrük güzəştləri, güzəştli kreditlər) dəstək göstərir. 


Yardım və subsidiyalar bir qayda olaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına verilir. Ümumilikdə, 2007-ci ildən kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 1 milyard manatdan artıq subsidiya ayrılıb.  


Bununla yanaşı, “Aqrolizinq” ASC-nin (2020-ci ilə qədər “Aqrolizinq” ASC adlanırdı) xətti ilə alınıb respublikamıza idxal olunan kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, mineral gübrələr və yüksək məhsuldar damazlıq heyvanlar kənd təsərrüfatı məhsullarının istehsalçılarına, emal və xidmət sahələri ilə məşğul olan sahibkarlara lizinq yolu ilə verilir və ya güzəştlə satılır.  


Dövlətin sahibkarlıq fəaliyyətinə ən böyük dəstəyi şübhəsiz ki, güzəştli kreditlər və vergi güzəştləri şəklində olur. 


Azərbaycanda sahibkarlıq subyektlərinin dövlət büdcəsinin vəsaitləri hesabına güzəştli şərtlərlə kreditləşməsinin isə iki yolu var. Birinci yol 1992-ci ildə yaradılan, lakin faktiki fəaliyyəti 2002-ci ildən hiss edilən İqtisadiyyat  Nazirliyinin nəzdindəki Sahibkarlığın İnkişafı Fondu (SİF), ikincisi isə Kənd Təsərrüfatı Nazirliyinin nəzdində 2007-ci ildən fəaliyyətə başlayan Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətidir.


SİF-in yaradılmasında məqsəd ölkədə kiçik və orta sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərməkdir. Rəsmi məlumatlara əsasən, SİF 2002-2022-ci illər ərzində sahibkarlara 2,74 milyard manat həcmində güzəştli kredit verib. Bu qədər vəsait 41 475 sahibkara ayrılıb və onlar 6,38 milyona yaxın layihəni reallaşdırıblar. 
İyirmi illik təcrübə göstərdi ki, dövlət SİF-in xətti ilə ayrılan kreditlərin daha səmərəli olduğu qənaətinə gəlib. Əgər belə olmasaydı, verilən kreditlərin həcmini qısa müddətdə bir neçə dəfə artırmazdı. 


Kreditlərin həcminin artırılması ilə yanaşı kreditlərin verilmə şərtləri də yüngülləşdirilib. İndi həm kreditlərin faizi aşağıdır, həm də daha uzun müddətə borc almaq mümkündür. 


SİF-in güzəştli kreditləri əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli və ixracyönümlü yeyinti və digər sənayesi məhsullarının istehsalı, müasir soyuducu anbar kompleksinin yaradılması və kiçik sahibkarlığın (o cümlədən gənclərin, məcburi köçkünlərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması) inkişafı məqsədilə ayrılır.


Azərbaycanda güzəştli kreditlərin ayrılmasının ikinci yolu Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətidir. Dövlət Xidmətinin xətti ilə güzəştli kredit ayrılmasına 2007-ci ildən başlanılıb. Lakin təəssüflər olsun ki, bu kreditlərin ayrılması ilə bağlı müfəssəl məlumatlar açıqlanmır. 


Nəhayət, vergi güzəştləri də sahibkarlıq fəaliyyətinin inkişafına, iqtisadiyyatın şaxələnməsinə xidmət edən vasitələrdəndir. Vergilər Nazirliyinin rəsmilərinin açıqlamasına görə, tətbiq edilən vergi güzəştlərinin ümumi həcmi ümumi vergi yığımlarının 30 faizi həcmindədir. 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 12 milyard manat olub. Bu həcmin 30 faizi 4 milyard manatdan çoxdur. Buradan belə məlum olur ki, dövlət vergi güzəştləri yolu ilə iqtisadiyyata bir ildə 4 milyard manat həcmində investisiya dəstəyi verib. 


Bildirək ki, vergi güzəştləri daha çox kənd təsərrüfatı sahəsinə, xüsusi iqtisadi zonalara tətbiq olunur. 


Beləliklə, dövlət başda kənd təsərrüfatı sahəsi olmaqla iqtisadiyyatın şaxələnməsi, rəqabətə davamlılığını artırmaq məqsədilə hər il sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara birbaşa və dolayı yolla 4-5 milyard manat həcmində investisiya dəstəyi verir. 


Bu dəstəyi yetərli saymaq olarmı?

 

Əlbəttə, əgər aqrar sahədə çalışanların biznes fəaliyyəti rentabelli olsaydı, bu suala “hə” cavabını vermək olardı. Çünki rentabelli işləyən subyektlər üçün vergi güzəştlərindən istifadə əlavə investisiya kapitalı yarada bilərdi və bu aqrar sahənin müxtəlif  bölmələrində təkrar maliyyələşmə üçün gözəl imkanlar açardı. Amma məlumdur ki, kənd təsərrüfatında çalışanlar hətta vergi güzəştlərinin qüvvədə olduğu şəraitdə normal rentabelliyə nail ola bilmir. 


Buna görə də, mütəxəsislərin firkrincə dövlət vergi güzəştləri ilə bərabər güzəştli kreditləşməni və subsidiyalaşmanı bir qədər də gücləndirməlidir. Onlar həm hər il dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin artırılmasını, həm də kredit şərtlərinin bir qədər də yüngülləşdirilməsini tövsiyə edir. 


İndi regionlar üçün güzəştli kreditlərin əhəmiyyəti daha böyükdür. Məsələ burasındadır ki, kredit təşkilatlarının ayırdığı kreditlərin 87 faizi Bakıya yönəldilir. Regionlara verilən kreditlərin həcmi cəmi kreditlərin 12 faizini təşkil edir. Digər tərəfdən, Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanda ən yüksək kreditlər məhz regionlarda ayrılır. Bunun da əsas səbəbi regionlarda rentabelliliyin aşağı olmasıdır. Bu cəhəti nəzərə alaraq deyə bilərik ki, regionlara yönəldilən güzəştli kreditlərin həcminin dəfələrlə artırılması şərtdir.

 

Vasif

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 
Mövzu: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

 

 


 


OXŞAR XƏBƏRLƏR