“İşğaldan azad edilən ərazilərdə xüsusi sığorta proqramı tətbiq edilməlidir” – Natiq Cəfərli

“İşğaldan azad edilən ərazilərdə xüsusi sığorta proqramı tətbiq edilməlidir” – Natiq Cəfərli

Qarabağın işğaldan azad edilən ərazilərində artıq iki ildir ki, yenidənqurma və bərpa işləri görülür. Bu işlərə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb edilib. 


Sfera.az xəbər verir ki, redaksiyamıza həmin ərazilərdə texnikanın və işçilərin sığortalanması ilə bağlı çətinliklərin yarandığına dair məlumatlar daxil olur. Bu məlumatlara əsasən, sığorta şirkətləri risk səviyyəsinin yüksək olmasını bəhanə edərək nəqliyyat vasitələrini, tikinti texnikasını və işçiləri sığortalamaq istəmir. 
Bu cür vəziyyət şirkət və fərdi şəxslərin Qarabağ və Şərqi Zəngəzur regionunda işləmək həvəsini öldürür. 


Bəs belə arzuedilməz vəziyyətin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?


İqtisadçı-ekspert Natiq Cəfərli saytımıza açıqlamasında bildirdi ki, özəl sığorta şirkətləri hər zaman yüksək riskə sahib olan halları sığortalamaqdan yayınır. Onun fikrincə, bunu müəyyən mənada başa düşmək olar. Çünki sığorta şirkətləri gəlir əldə etmək istəyirlər. Buna görə də, özəl sığorta şirkətləri yüksək riskə malik olan halları sığortalamaqda maraqlı olmurlar”.


 

N.Cəfərli düşünür ki, sığorta sahəsində yaranan çətinliklər işğaldan azad edilən ərazilərdə işlərin gedişatını ləngidə bilər. Bu səbəbdən o, Qarabağın işğaldan azad edilən hissəsində xüsusi sığorta qaydasının tətbiqini təklif edir:

 

“Yaxşı olardı ki, dövlət, aidiyyatı qurumlar məsələni araşdırıb, adekvat tədbirlər görsün, yaxşı mənada prosesə müdaxilə etsin.


Dövlət həmin ərazilərdə bağlanan sığorta müqavilələrinin yeni növünü təklif edə bilər. Aqrar sığortada olduğu kimi burada da sığorta haqlarının bir hissəsini dövlət öz üzərinə götürməlidir. Məsələn, dövlət mövcud sığorta haqqının iki misli qədərində əlavə ödənişi sığorta şirkətlərinə verə bilər. Dövlət belə bir təşviq proqramı tətbiq edərsə, sığorta şirkətlərində də maraq yaranacaq. 


Yaxud, digər bir variant da mümkündür. Həmin ərazilərdə istifadə edilən texnikanın və işçilərin sığortalanması səhmləri dövlətə məxsus olan şirkət vasitəsilə həyata keçirilə bilər. Dövlət şirkətinin sığorta hadisəsinə görə, yaranan əlavə xərclərini büdcə vəsaiti hesabına maliyyələşdirmək olar. 


Hər bir halda, biznes məntiqi ilə yanaşsaq, özəl sığorta şirkətlərinin risklərdən yayınması ehtimalı anlaşılandır. Amma bu vəziyyətin işləri ləngitməməsi üçün dövlət ya özəl şirkətlərə hər müqavilə üzrə bonuslar verməli, ya da əlavə xərclər dövlət sığorta şirkəti vasitəsilə maliyyələşdirilməlidir”.  


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR