Azərbaycan Avropaya maksimum nə qədər qaz sata bilər? – Artan tələb və reallıqlar

Azərbaycan Avropaya maksimum nə qədər qaz sata bilər? – Artan tələb və reallıqlar

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra təbii qaz problemi ilə üzləşən Avropa ölkələri Azərbaycana üz tutmağa başlayıb. Artıq 10-dan artıq ölkə qaz almaq üçün Azərbaycana rəsmi müraciət ünvanlayıb.

Bəs hansı ölkələr Azərbaycan qazına maraqlı ola bilər, bu amil iqtisadiyyatımıza necə təsir edəcək?

 

Bu barədə Sfera.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli deyib ki, sentyabrın 1-dən “Şimal axını-1” qaz layihəsi dayanandan sonra bütün Avropa ölkələri Azərbaycan qazına maraqlı ola bilər:

 

“Burada məhdudlaşma yoxdur. Söhbət ondan gedir ki, Azərbaycan qazı TAP layihəsi ilə Avropanın cənubuna gedib çatır, ondan sonra ölkələrarası qaz boru xətləri qurulur. Yəni məsələ çatdırılmadan asılıdır. Tutaq ki, Almaniyaya qaz vermək üçün gərək boru xətti olsun. İkincisi, Avropanın illik qaza tələbatı təqribən 500 milyard kubmetrdir. TANAP-ın maksimal ötürücü gücü 31, TAP-ın 16 milyard kubmetrdir. Yəni biz Avropaya 16 milyarddan artıq qaz verə bilmirik. Çox ölkə Azərbaycan qazında maraqlı ola bilər, amma bu, praktiki olaraq mümkün deyil”.

 

Müsahibimiz qeyd edib ki, bizə ölkələrdən çox, qazın bazar qiymətləri ilə alınması maraqlı olmalıdır:

 

“Ümumiyyətlə, bu, valyuta gəliridir. Azərbaycan məhsul satır, tədiyyə balansı yaxşılaşır, ehtiyatları, neft fondunun gəlirləri artır. Qeyd etdiyim kimi, ötürmə gücü məhdud olduğuna görə Avropaya istədiyimiz qədər qaz sata bilmirik – nə mövcud boru xətləri buna imkan verir, nə də yataqlarımızın ehtiyatı və hasilat gücü”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR