Rusiyaya qarşı sanksiyalar “qızıl suyu”na salınır – TƏHLİL

Rusiyaya qarşı sanksiyalar “qızıl suyu”na salınır – TƏHLİL

“Böyük yeddilik ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Kanada, Yaponiya) Rusiyanın müdafiə sənayesinə və qızıl ixracına qarşı yeni sanksiyalar paketini hazırlayır”.

Sfera.az xəbər veri ki, bu sözləri siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov deyib.

 

Onun sözlərinə görə, bu zamana qədər tətbiq edilən embarqolar Rusiyanı Ukraynaya hərbi müdaxiləsindən çəkindirməyib və sanksiyalar bumeranq effekti verərək Qərbin özündə bahalaşma və inflyasiya dalğası yaradır:

 

“İndi “Yeddi qardaş” əllərindəki barıtı Rusiyanın qızıl mədənlərinə və müdafiə sənayesinə “qoyaraq oranı partlatmaq” niyyətindədirlər. Bu, Moskvanın Ukraynada aylarca davam etdirdiyi işğal planına ən ağır cəza kimi qiymətləndirilir. Qərbdə hesab edirlər ki, Rusiyanın müdafiə sənayesinə sanksiya tətbiq edilməsi Moskvanın öz ordusu üçün lazım olan texnologiyaya çıxışını bloklayacaq. Bununla da hədəflənir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi əngəllənsin və onun Ukraynadakı imkanları minimallaşdırılsın.

 

Rusiya özü üçün yaranan qlobal məhdudiyyətlərin və iqtisadi cəzaların təsirini azaltmaq üçün qızıl hasilatını artırmaq imkanlarına sahibdir, lakin yeni sanksiyaların Ukraynadakı müharibəyə hansı səviyyədə təsir edəcəyi bəlli deyil. Rusiya enerji resurslarından sonra ən böyük ixracı qızıldır, hazırda Moskvanın bu ixracatdan əldə etdiyi gəlir 20 milyard dollar səviyyəsində dəyərləndirilir ki, bu da qlobal qızıl ixracının 5%-i deməkdir.

 

Rusiya qızılının 90%-ni G7 ölkələrinə göndərir. Bu ixracda əsas pay Böyük Britaniyanın hesabına düşür, belə ki, Birləşmiş Krallıq Rusiyadan il ərzində 17 milyard dollarlıq qızıl idxal edir”.

 

Ekspertin sözlərinə görə, Rusiyanın Türkiyə, Qazaxıstan, Hindistan kimi bazarları da var ki, sanksiyalardan sonra həmin zonalara ixrac həcmini artırmaqla itkiləri kompensasiya edəcəyini söyləmək olar:

 

“Rusiya üçün digər cəlbedici alternativ bazar Çindir.  G7 ölkələri arasında fikir ayrılıqları da mövcuddur, çünki sanksiyaların “qızıl suyuna” salınması dünya bazarlarındakı qiymətlər üçün risk yarada biləcəyi ehtimallarını artırır. Ümumiyyətlə sanksiya təzyiqlərinin tam gücü ilə işləməmək səbəblərindən biri böyük şirkətlərin ticari maraqları hər şeydən üstün tutmaları ilə əlaqədardır.  Rusiya daha çox “Böyük yeddilik” ölkələrinə qızıl satsa da, həmin yeddiliyin yurisdiksiyasından kənar dövlətlərə də qızıl ixrac etmək gücünə sahibdir. Amma qısa müddətdə Rusiya alternativ bazarlardakı qızılla iştirakını artırsa belə əldə etdiyi gəlir əvvəlki səviyyədən aşağı olacaq”.

 

A. Kərimov hesab edir ki, Rusiyanın qızıl ixracına qadağa qoyulması planı Rusiyanı iqtisadi cəhətdən təcrid etmək, onun maliyyələşdirmə qollarını sındırmaq, çirkli pulların yuyulmasının qarşısını almaq məqsədi daşıyır:

 

“Bununla belə, qara bazarlarda həmişə maliyyələşmə qolları regenerasiya edərək alternativ gəlir mənbələrinə çevrilir. Proqnoz kimi deyəcəyimiz budur ki, qızıl qadağası onun qiymətlərinin uzunmüddətli perspektivinə və Ukraynadakı müharibənin miqyasına əhəmiyyətli təsir etməyəcək. Bu, Rusiyanın əsasən, Çin, Hindistan bazarlarında var-gəl etməsini sürətləndirəcək. Rusiyanın qızılına qadağa qoyulmasından sonra Çin və Hindistan qızılı daha ucuz qiymətə almağa çalışacaq.

 

Bununla da Rusiya itkiləri kompensasiya etmək üçün həmin bazarlara hasilatı çoxaltmalı olacaq”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR