350 manatlıq zəfəran, saxta "Dior", icarə pulundan azad mağazalar - "Şərq Bazarı"ndan REPORTAJ
Xəbər verdiyimiz kimi 18 iyun tarixindən etibarən Şərq Bazarı fəaliyyətə başlayıb.
Sfera.az Şərq ölkələri mədəniyyəti və üslubunu qoruyan məkandan reportajı təqdim edir:
Əvvəla qeyd edək ki, sözügedən bazar kompleksi şəhər mərkəzindən, yəni getməyi az qala vərdiş halına çevirdiyimiz “Tarqovı”, “Mall”lardan, bulvardan daha fərqli və bir qədər uzaq ərazidə yerləşir. Yəni "Şərq Bazarı"na getmək üçün yolunuzu Qarabağdan – Qarabağ küçəsindən salmalı olmalısınız.
Bazar kənardan ilk olaraq gümbəzləri ilə diqqəti çəkir. Belə ki, "Şərq Bazar"ı 3-ü böyük, 13-ü kiçik olmaqla 16 gümbəzə sahibdir.
Bazara daxil olarkən məkan haqqında ətraflı məlumatı bizə kompleksin ictimaiyyətlə əlaqələr üzrə meneceri Fuad İbrahimov verdi. O, artıq bazarda icarəyə götürülməmiş mağazanın olmadığını diqqətimizə çatdırdı:
“Şərq "Bazarı"nda 78 ticarət obyekti var və artıq bütün mağazalar icarəyə verilib. Yeni mağaza icarəyə götürmək istəyənlər, yəni bununla bağlı bizə müraciət edənlər kifayət qədərdir. Bazarda hazırda bağlı olan yerlərdə isə işlər bir neçə günə tamamlanacaq və onlar da ticarət dövriyəsinə qoşulacaq. Burada əsasən yerli brendlər üstünlük təşkil edir. Məkan "Şərq bazarı" adlandırıldığı üçün Şərq tarixini əks etdirən ticarət obyekti hesab edilir. İaşə obyektlərində geniş Şərq mətbəxinə, türk və Azərbaycan mətbəxinə yer verilir”.
F.İbrahimov ilk aylar üçün icarədarlara güzəş olunduğunu deyib:
“Bazara gələn turistlər daha çox Şərq ölkələrindən olur və onlar konkret şəkildə hansısa mağazadan məhsul almaq üçün bura gəlir. Belə deyə bilərəm ki, Bakıya gələn turistlər artıq bazara gəlməyi də öz planlarına daxil edirlər. Bazarda iş saatı 10:00-22:00 aralığındadır. Lakin bəzi mağazalarda bu qrafik fərqli də ola bilir. Bu da həmin mağazanın birbaşa küçəyə çıxışı ilə əlaqədardır. Qeyd edim ki, icarədarlara ilk 3 ay güzəşt edilib və onlar icarə haqqı verməyəcəklər. Ümumi icarə qiymətləri isə mağazanın yerləşdiyi hissə, ölçüdən asılı olaraq dəyişir”.
Bazarda ilkin diqqətimizi çəkən mağazalardan biri də milli ornamentimiz hesab edilən kələğayıların satıldığı mağaza oldu. Burada çalışan satıcının sözlərinə görə bu milli ornamentimizin qiyməti 50-65 manat arasında dəyişir. Onun alıcıları isə daha çox qazaxlar və ərəblərdir...
Kompleksdə Şəki şirniyyatlarının yerləşdiyi şirin bir mağaza da fəaliyyət göstərməkdədir. Mağazada satıcı kimi çalışan və əslən Şəkidən olan Sahib İsmayılov deyir ki, satdığı bütün şirniyyatlar birbaşa Şəkidən gətirilir:
“Mağazamız 4 gündür fəaliyyətə başlayıb, amma gəlib gedənlər var, Şükür...Bütün şirniyyatların hamısı Şəkidən gətirilir. Qiymətlər də şəhərdəki mağazalardan fərqlənmir. Məsələn, 4 kq halvanı biz 28 manata satırıq. Məhsullarımız sifarişə uyğun olaraq gətirilir”.
Bir kvadrat metri 600 manat olan “nəhəng” xalça...
Bazar kompleksinin birinci mərtəbəsində xalça mağazası da fəaliyyət göstərməkdədir. Mağaza sahibi Zakir Qəhrəmanov deyir ki, burada qiymətlər baha deyil, lakin elə xalça var ki, kvadrat metri 600 manatdır:
“Xalçaların əksəriyyəti Eldar Hacıyevin əl işləri əsasında hazırlanıb. Lakin mağazada eyni zamanda milli xalçalarımız da var. Burada qiymətlər bazar qiymətlərindən ucuzdur. Mağazada elə xalça var ki, bir kvadrat metri 200 manatdır, elə xalça da var ki, bir kvadrat metri 600 manatdır. Ən kiçik stulüstü xalçaların qiymətləri isə 80-120 manat arasında dəyişir”.
68 manatlıq paxlava, türk şirniyyatları...
Kiçik mağazanı icarəyə götürən “Köz Künefe”nin satıcısı Ağalarova Pərvanə mağazadakı ən bahalı şirniyyatın qiymətinin 68 manat olduğunu bildirib:
“Bizim mağazada daha çox türk şirniyyatlarına üstünlük verilir. Şirniyyatlarımız depolarda türk ustaları tərəfindən hazırlanır. Şirniyyatlara tələbat çoxdur, xüsusilə də künefe üçün müraciət edənlər üstünlük təşkil edir. Bizdə şirniyyatların qiyməti 25 manatdan başlayır və 68 manatadək davam edir. Ən bahalı şirniyyatımız fıstıq sarmadır, tərkibinin 90 faizi Antep fıstığından olur. Ən ucuz şirniyyat isə bir kiloqramı 26 manata satılan ceviz paxlavadır”.
“Çılğın Ağabala”, dadlı içkilər və bahalı zəfəran....
Binada diqqətimizi çəkən məkanlardan biri də “Crazy Aghabala” adı altında fəaliyyət göstərən içkilər satılan kiçik kafe oldu. Burada müxtəlif meyvə və bitkilərdən çaylar, şirələr hazırlanır. Qiymətlər isə elə də baha deyil. Məsələn, bu kafedə bir stəkan çayı 1.50 AZN-ə, bir stəkan şirəni isə dadlı lokumla birgə 2.80 AZN-ə içə bilərsiniz. Məkan müxtəlif papaqlardan ibarət dekorasiyaya sahibdir. Burada işləyənlər bildirdilər ki, müştərilər bu papaqlarla şəkil çəkdirməyi çox sevirlər:
350 manatlıq zəfəran, saxta "Dior"...
Burada rəsm əsəri, aksessuarlar, məişət əşyaları satılan mağaza da var. Mağaza “Crazy” adı altında fəaliyyət göstərir. Sözügedən şirkətinin rəhbəri Fidan Bağırova bizə açıqlamasında bildirdi ki, mağazadakı məhsullar əsasən ortaq seqment üçün nəzərdə tutulub, bahalı məhsullar isə keyfiyyətin göstəricisidir:
“Artıq bir neçə gündür ki, mağazamız fəaliyyətdədir. Həftəsonu müştərilər daha çox olur, amma ümumilikdə vəziyyət başlanğıc üçün pis deyil. Mağazamızda “ucuz məhsul” deyə anlayış yoxdur, çünki mağazamız orta seqment üçün nəzərdə tutulub. Ən aşağı qiymətə, yəni 10 manata Lahıcda misdən hazırlanan bilərzik, keramikadan hazırlanan stəkan almaq olar. Ən baha məhsullarımız isə “Saffron” şirkətinə məxsus zəfərandır ki, onun da 11 mq-ı 350 manatadır. Bundan başqa rəssam Sabina Nadirə məxsus vitraj texnikası ilə çəkilən əsərlər var ki, onların da qiyməti 200 manatdan çox olmaqla sıralanır. Mağazanın icarə haqqı da bizi qane edir, ilk bir ay üçün bizə güzəşt edildi”.
Bina kompleksinin birinci mərtəbəsində “Pirizada” markası adı altında fəaliyyət göstərən mağazanın işçisi Leyla Hüseynova ilə də söhbətləşdik. Leyla müxtəlif əşyaların üzərinə fərqli və bir-birindən maraqlı rəsmlər çəkir. Necə deyərlər, əl əməyi, göz nuru...
Sənətçinin sözlərinə görə, turistlər təbiət rəsmlərindən çox Azərbaycanın milli ornamentlərinə üstünlük verir:
“Biz həm keramika, həm gil, həm də taxta üzərində rəsmlər hazırlayırıq. Çəkdiyim rəsmlər insanların öz istəklərinə uyğun da ola bilir, mənim istəyimlə də hazırlanır. Daha çox təbiət görüntülərivə miniatürlər çəkdiyim rəsmlər arasında üstünlük təşkil edir. Minimal qiymətlər keramika üzərində 20 manatdan başlayır.Yerli camaat, elə turistlər də daha çox milli ornamentlərə üstünlük verirlər”.
Əzizə Zeynal
Foto: Anar BAYRAMLI