İnflyasiya güclənsə də, monetar siyasət sərtləşdirilmir - Mərkəzi Bank niyə qiymət sabitliyini təmin etməyə çalışmır?

İnflyasiya güclənsə də, monetar siyasət sərtləşdirilmir - Mərkəzi Bank niyə qiymət sabitliyini təmin etməyə çalışmır?

2022-ci ildə ölkəmizdə yüksək inflyasiyanın qeydə alınmasına baxmayaraq Azərbaycan Mərkəzi Bankının pul-kredit siyasətində (monetar) sərtləşmə müşahidə edilmir.

 

Bir qayda olaraq inflyasiya səviyyəsi nəzərdə tutulan həddən çox olduqda mərkəzi banklar sərt monetar siyasət yürüdür. Bu halda uçot dərəcəsi artırılır, mərkəzi bankın kommersiya banklarına verdiyi kreditlər azaldılır, əmanətlər və kreditlər üzrə faizlər yüksəldilir, dövriyyədə olan pul kütləsinin həcmi azaldılır və s. Bu tədbirləri görməklə mərkəzi banklar tələbi müvəqqəti zəiflədir və nəticədə qiymətlərin daha çox artmasının qarşısı alınır.   

 

Sfera.az bildirir ki, 2022-ci ildə ölkəmizdə 4-6 faiz intervalında inflyasiyanın olacağı hədəfləndiyi halda, yanvar-aprel dövründə faktiki inflyasiya 12,6 faizə yüksəlib. İlin yekununda da qiymət artımlarının 12 faiz səviyyəsində olacağı gözlənilir. Belə olan halda Mərkəzi Bank monetar siyasətini sərtləşdirmir, faiz dərəcələrini artırmır. Halbuki, Mərkəzi Bankın əsas məqsədi qiymət sabitliyini təmin etməkdir.  

 

Bəs, Mərkəzi Bank niyə monetar tədbirlərini sərtləşdirmir, uçot dərəcəsini artırmır?

 

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov yüksək inflyasiya şəraitində Mərkəzi Bankın faizləri artırmamasının səbəbini bu alətin təsir imkanlarının olmaması ilə əlaqələndirdi. O qeyd etdi ki, Mərkəzi Bankın kommersiya banklarına verdiyi borcun faizi uçot dərəcəsi ilə müəyyən edilir: “Uçot dərəcəsi qaldırıldıqda bankların aldığı borc bahalaşır və banklar məcbur olub daha yüksək faizlə əhaliyə və biznes sektoruna kreditlər verir. Banklar kredit faizlərini artırdıqda ona maraq azalır və nəticədə ölkədə tələb zəifləyir. Faizlər endikdə isə əks proses baş verir”.

 

Ə.Həsənov bildirdi ki, ölkəmizdə Mərkəzi Bankın verdiyi borcun məbləği azdır, eyni zamanda bu borcu hər bank ala bilmir: “Cəmi bir neçə bank borc ala bilir. Buna görə də ümumən uçot dərəcəsinin dəyişməsi kredit bazarına, buradakı faizlərə təsir etmir.

 

Görünür, buna görə də Mərkəzi Bank uçot dərəcəsini artırmır”.

 

Ekspert söylədi ki, ABŞ və Avropada bütün banklar mərkəzi banklardan kredit götürə bilir. Bu səbədən ABŞ və Avropada faizlərin dəyişməsinin təsiri kredit bazarında hiss edilir.

 

Ə.Həsənovun fikrincə, Azərbaycan Mərkəzi Bankı bir qayda olaraq monetar siyasətini bazar alətləri ilə yox, inzibati alətlərlə apardığından sərt monetar siyasət görünmür. O hesab edir ki, Mərkəzi Bankın monetar siyasətini müəyyənləşdirmək üçün pul kütləsinin həcminə baxmaq lazımdır: “Pul kütləsi azalırsa və ya artım tempi zəifləyərsə, deməli sərt monetar tədbirlər görülüb”.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR