Neft Fondunun dollarlarına tələb niyə zəifləyir? – İKİ ƏSAS SƏBƏB
Azərbaycan Dövlət Neft Fondunun məlumatına əsasən, mayda hərraclarda valyuta satışı 47 faizdən çox azalaraq 288 milyon dollara enib. Apreldə hərraclarda 548,7 milyon dollar satılmışdı ki, bu da ötən ayın göstəricisindən 260,7 milyon dollar çoxdur.
Sfera.az xatırladır ki, hərracda yanvarda 727 milyon dollar, fevralda 371,2 milyon dollar, martda 526,2 milyon dollar dəyərində xarici valyuta satılıb. Ümumilikdə, yanvar-may ayları ərzində hərraclarda 2,4611 milyard dollar dəyərində valyuta satışı olub.
İlk 5 ayda satılan valyutanın həcmi nəzərdə tutulan vəsaitdən azdır. Neft Fondunun büdcəsində göstərilir ki, bu il hər ay orta hesabla 623 milyon dollar, 5 ayda isə 3,115 milyard dollar manata çevrilərək dövlət büdcəsinə köçürülməlidir. Lakin hərracların nəticəsinə görə, satılan valyuta nəzərdə tutulandan 654 milyon dollar az olub.
Yanvar-may aylarında daha az vəsaitin satılmasını Neft Fondunun dollarlarına tələbin zəiflməsi ilə əlaqələndirmək olar ki, burada isə 2 səbəb önə çıxır.
Birinci səbəb neftin bahalaşmasının yaratdığı psixoloji və qiymət dəyişikliyidir. Neftin dəyəri yüksək olduqda əhalidə, biznes qurumlarında devalvasiyanın olmayacağına dair əminlik yaranır və bu əminlik manatla yığımları artırır.
Manatla yığımların bir hissəsi yeni gəlirlər hesabına, digər hissəsi dollarda olan vəsaitlər hesabına artırılır. Banklarda yerləşdirilən depozit və əmanətlərin valyuta tərkibinə diqqət yetirdikdə görürük ki, xarici valyutada olan vəsaitlərin həcmindəki artım manatla müqayisədə azdır. Son bir ildə milli valyutada olan depozitlər 3,95 milyard manat artdığı halda, xarici valyutada olan depozitlər 2,73 milyard manat artıb. Müqayisədən göründüyü kimi, manatla yığımlara meyillilik aşkardır. Bu hal dollara tələbi zəiflədir.
Neft bahalaşdıqda digər malların da dəyəri artır. Bu il ərzaq qiymətlərinin 19,1 faiz, qeyri-ərzaq qiymətlərinin 7,1 faiz yüksəlməsində neft, neft məhsullarının və təbii qazın qiymətinin yüksək səviyyəyə çatmasının da güclü təsiri var. Qiymətlər çox artdıqda əhalinin, biznes qurumlarının xərcləri daha çox yüksəldiyindən nəticədə, yığımlar azalır və xarici valyutaya tələb də bir qədər zəifləyir.
Neft Fondununun dollarlarına tələbi zəiflədən ikinci səbəb dövlət büdcəsinin gəlirlərinin proqnozdan xeyli çox olmasıdır. Cari ildə büdcənin Dövlət Vergi Xidmətinin xətti ilə gəliri 5,035 milyard manat olub ki, bu da proqnozdan 50,5 faiz yüksəkdir.
Gömrükdə isə yığım proqnozu 20 faiz artıqlaması ilə icra edilib.
Hər iki mənbə üzrə yanvar-aprel ayları ərzində 1,95 milyard manat əlavə vəsait toplanıb. Belə davam edərsə, ilin sonunda büdcəyə vergi və gömrük rüsumu üzrə mədaxil nəzərdə tutulandan 5 milyard manat çox olacaq.
Əlavə mədaxil çox olduğundan Neft Fondunun vəsaitlərinə tələb azalır və beləliklə də hərraclarda valyuta alışı miqdarı aşağı düşür.
Vasif
Sfera.az