Daxili bazarda satılan malların 36 faizi idxal mallarıdır - ŞƏRH

Daxili bazarda satılan malların 36 faizi idxal mallarıdır - ŞƏRH

Azərbaycana idxal edilən mallar arasında istehlak mallarının payı hər zaman böyük olub. Bir qayda olaraq ümumi idxalın təxminən 60-70 faizini istehlak malları təşkil edib. Əhali istər ərzaq, istərsə də qeyri-ərzaq mallarının çox hissəsini xaricdən gətirməklə ehtiyacını qarşılayıb.


Bu hal ölkəmizdən xaricə böyük məbləğdə valyutanın axmasına şərait yaradıb ki, bu da arzu edilən hal deyil. Vəziyyəti dəyişmək məqsədilə son 15 ildə hökumət yerli istehsalın, emal sənayesinin inkişafı üçün səylərini artırıb. Rəsmi məlumatlar göstərir ki, son illərdə ölkəmizdə istehlak mallarının istehsalını həyata keçirən çoxlu sayda müəssisə istifadəyə verilib. Bu dəyişiklik istehlak mallarının idxalını müəyyən qədər azaltsa da pərakəndə ticarətdə onun payının minimum endirilməsinə imkan yaratmayıb.

 

Məlumatların təhlili göstərir ki, son illərdə ərzaq məhsullarının idxal səviyyəsi sabitləşdiyi halda qeyri-ərzaq mallarının idxalında artım dinamikası qalır. Ötən dövrdə qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin sayının artması istehlak məqsədli ərzaq mallarının idxalındakı artım sürətini xeyli zəiflədib. Amma eyni proses qeyri-ərzaq mallarının istehsalında müşahidə edilmədiyindən hələ də pərakəndə ticarətdə idxal mallarının payı yüksəkdir.

 

Sfera.az bildirir ki, 2019-cu ilin məlumatına əsasən, Azərbaycanda əhali daxili ticarətdə idxal mallarına 14,381 milyard manat xərcləyib. Bu vəsait 2014-cü illə müqayisədə 2 dəfə, 2017-ci ilə nisbətən 1,4 milyard manat, 2018-ci illə müqayisədə 1 milyard manat çoxdur.

 

Pərakəndə ticarət dövriyyəsində idxal mallarının payı 36,5 faiz olub. Başqa deyimlə əhalinin aldığı 3 maldan biri idxal malıdır.

 

İdxal edilən istehlak malları əsasən qeyri-ərzaq mallarıdır. Əhali ərzaq mallarında yerli istehsal məhsullarına daha çox üstünlük verir. Amma qeyri-ərzaq mallarının ticarətində vəziyyət bir qədər fərqlidir. Tikinti materiallarının istehsalı və mebel sənaye məhsulları istisna olmaqla digər qeyri-ərzaq mallarının çox hissəsini əhali idxal edir.

 

Qeyd etdiyimiz kimi pərakəndə ticarətdə 2018-ci illə müqayisədə idxal mallarının payında artım var. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə ölkə üzrə pərakəndə ticarətdə alınan məhsulların 36,1 faizi idxal edilən mallar olub. 2015-ci ildə bu göstərici 37,2 faiz, 2017-ci ildə 36,8 faiz təşkil etmişdi.

 

Pərakəndə ticarətdə idxal edilən malların payı beşillik müqayisəd azalıb. Bu azalma onlara xərclənən pulun azalması ilə bağlı deyil. Əksinə ötən il idxal məhsullarına xərclənən vəsait bir qədər də artıb. 2017-ci ildə idxal mallarının alınmasına 12,963 milyard manat xərcləndiyi halda, 2018-ci ildə 13,383 milyard manat xərclənmişdi.

 

Pərakəndə ticarətdə idxal mallarının payının azalması yerli məhsulların alınmasına çəkilən xərcin daha çox artması ilə əlaqədardır. 2015-ci ildə yerli istehsal mallarının alınmasına 16,166 milyard manat xərcləndiyi halda, 2018-ci ildə yerli malların pərakəndə ticarətinə çəkilən xərc 23,706 milyard manat olub.

Bu faktın özü yerli istehsal mallarına tələbin artması ilə də izah edilə bilər. Əhali əvvəlki illərlə müqayisədə sadəcə ərzaq sektorunda yox, həm də qeyri-ərzaq sahəsinə aid olan yerli malları almaqda tərəddüd etmir. İqtisadiyyatın qida məhsullarının istehsalı, yüngül sənaye və digər emal sahələrində yeni müsəssisələrin yaradılması bir sıra idxal mallarının daxili bazarda payının azalmasına gətirib çıxarıb.

 

Son məlumatlara əsasən idxal mallarına daha böyük tələb əsasən iri şəhərlərdə və sərhəd rayonlarında müşahidə edilir. Bakıda əhalinin pərakəndə ticarət xərclərinin 41 faizi idxal məhsullarının payına düşür. Bu göstərici Gəncədə 45 faiz, Sumqayıtda 36 faizdir.

 

Ən yüksək göstərici Qusar rayonunda qeydə alınıb. Qusar sakinlərinin aldığı ərzaq və qeyri-ərzaq mallarının 51,6 faizi idxal mallarıdır. Bu göstərici 2015-ci ildə 37 faiz səviyyəsində idi.

 

İdxal mallarının alınmasına ən az pulu isə Xızı rayonunun sakinləri ayırıb. Bu rayonda insanlar pərakəndə ticarətdə xərclərin 21 faizini idxal mallarının alınmasına ayırıb.

 

Ümumilikdə, elektron avadanlıqların, məişət mallarının, avtonəqliyyat vasitələrnin ticarətində idxal mallar böyük üstünlüyə sahibdir. Demək olar ki, bu növ malların hamısı idxal hesabına təmin edilir. Amma geyimdə, yüngül sənaye mallarında, mebel məhsullarında yerli mallara da tələb artmaqdadır.

 

 

Vasif


OXŞAR XƏBƏRLƏR