Koronavirus pandemiyası bütün dünyada əksər sahələrə ciddi zərər vurub.
Dünya iqtisadiyyatının böhran fazasına daxil olması, hələ bu azmış kimi pandemiyanın da geniş vüsət alması, bütün dünyada neftə olan tələbatın azalmasında ciddi rol oynayıb. Bu da öz növbəsində neft qiymətlərinin kəskin şəkildə ucuzlaşmasına səbəb olub. Hətta ABŞ-da bəzi neft şirkərləri müflis olmaqla üz-üzə qalıb. Ölkəmizin gəlirinin böyük hissəsinin neftdən olduğunu nəzər alsaq onda bu dövrü necə keçirdiyimiz çox əhəmiyyətlidir. Azərbaycanda isə neft deyəndə ağla ilk gələn təbii ki, SOCAR şirkətidir. Bu brend artıq Azərbaycan sərhədlərini çoxdan aşıb.
Bəs ucuzlaşan neft qiymətlərində SOCAR vəziyyətdən necə çıxa bilir və ya ümumiyyətlə, bu çətinliklərin öhdəsindən gələ bilirmi?
SOCAR-ın pandemiya dövründə baş verənlərin öhdəsindən necə gəldiyini "MediaPost”a energetika üzrə ekspert Emin Axundzadə şərh edib.
Ekspertin sözlərinə görə, SOCAR hazırda hasil etdiyi nefti xarici bazarla yanaşı, daxili bazarda da istifadə edir. Hasil olunan neft Azərbaycanda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur.
Emin Axundzadənin sözlərinə görə, əsas məsələ odur ki, neftimiz xam məhsul olaraq satılmır: "İxracdan asılı olan ölkələr var ki, onlar nefti xam mal olaraq satdığı üçün qiymətin artıb-azalması bilavasitə bu ölkələrin neft şirkətlərinə təsir edir. Amma neft emal olunduğu zaman, dəyəri artır. Neft kimya emalında olan dalğalanmalar, neft bazarından dəfələrlə azdır. Neft kimya mallarının əsas malları neft olduğuna görə neft qiymətlərinin azalması, neft kimya məhsullarının istehsalının rentabelliyini artırır”.
Ekspertin fikrincə, müsbət hallardan biri də odur ki, SOCAR biznes portfelini şaxələndirib: "Böhran dövründə bir çox şirkətlərə nəzər yetirdiyimiz zaman görürük ki, biznes portfelini müxtəlif sahələrə yatırım edir. Belə şirkətlər neft qiymətlərinin aşağı olmasına daha dayanıqlıdır. SOCAR hələ neft qiymətlərinin yüksək olduğu vaxtlarda 2007-2008-ci illərdə həm neft qiymətlərindən asılılığı azaltmaq, həm də biznes portfelini şaxələndirmək üçün daxili və xarici bazarlarda strateji layihələr həyata keçirdi. Bunlar neft emalı, neft kimya sənayesinə yönələn sahələr idi. Buna misal olaraq SOCAR 2008-ci ildə "Petkim”in 51% hissəsini aldı və Türkiyə bazarına daxil oldu. "Petkim” hazırda Türkiyənin ən böyük neft-kimya kompleksidir. Ölkə daxilində isə karbomid, SOCAR Metanol, SOCAR Polimer kimi layihələr həyata keçirməyə başladı. Hansı ki, bunlar qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir və eyni zamanda dəyər yaradan layihələrdir”.
Emin Axundzadə qeyd edir ki, bütün sadalananlarla yanaşı SOCAR zamanında şaquli inteqrasiya strategiyası həyata keçirdi: "Bu strategiya dəyər zənciri üzrə bütün mərhələlərə investisiya qoymağa başladı. Əgər dəyər zəncirinin hər bir mərhələsini investisiya qoyarsınızsa, əlavə dəyərinizi bir o qədər artıra bilərsiniz. "Petkim Star” neft emalı zavodu, eyni zamanada SOCAR terminalının bir şaquli inteqrasiyasının həyata keçirdiyini görə bilərik. "Petkim”in əsas xam mal ehtiyacı naftadır. Bu gün "Petkim”i nafta tələbini "Star” zavodu təmin edir. Biz pandemiya dövründə bunun nə qədər əhəmiyyətli olduğunu gördük. Bu dövrdə əsasən də Çində təchizat zəncirində dayanmalar meydana gəldi. Bir çox neft kimya şirkətləri, digər böyük müəssisələri xam mal ilə vaxtında təchiz edə bilmədiyinə görə, istehsal ciddi şəkildə aşağı düşdü və şirkətlərin bazar payları əhəmiyyətli şəkildə azaldı. Lakin "Petkim” öz xam mal ehtiyacını birbaşa "Star”dan qarşıladığına görə, "Petkim” bu müddəti kəsintisiz, dayanmadan öz istehsalını keyfiyyətli bir şəkildə həyata keçirə bildi. Bundan sonra SOCAR bazarda öz payını artıra bildi. "SOCAR Petkim” və SOCAR terminalının inteqrasiyası əlavə dəyərlərinin yaradılması, şirkətin gəlirlərinin optimallaşmasına öz töhfəsini verdi.
Energetika üzrə ekspert pandemiya dövründə SOCAR-ın daha çox ehtiyac olunan məhsulların istehsalına keçdiyini bildirir: "Pandemiyaya qədər "Star” neft emalı zavodunda 1,6 milyon ton təyyarə yanacağı istehsal olunurdu. Ancaq bildiyiniz kimi pandemiyanın pik dövründə hava yolları ilə sərnişin daşıma 96% azaldı. Bu da bütün təyyarə yanacağı istehsal edən şirkətlərə mənfi təsir etdi. Lakin "Star” neft emalı zavodu beynəlxaq standartlara cavab verdiyi və eyni zamanda manevr imkanları geniş olduğu üçün tez bir zamanda təyyarə yanacağı əvəzinə dizel yancağı istehsal etməyə başladı. Çünki bazarda dizelə hələ də təlabat var idi. Nəticədə də zavod öz istehsalını davam etdirdi. Bununla yanaşı ölkə daxilində "Azərkimya" İstehsalat Birliyində izoplin spirtinin istehsalına başlanıldı ki, bu da pandemiya dövründə ən çox tələb olunan məhsullardan biridir. Eyni zamnda SOCAR polimer qoruyucu maskaların istehsalında istifadə olunan məhsulların istehsalına başladı".