Bu gün futbol dahisinin doğum günüdür: Anatoli Banişevski haqqında bilmədiklərimiz...
00:35 / 23.02.2019
4578
Əgər mən yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi”ni seçərdim.
Bu sözlər Azərbaycan futbolunun görkəmli nümayəndələrindən biri, "Neftçi”nin və SSRİ yığmasının hücumçusu Anatoli Banişevskiyə məxsusdur. Həqiqətən də özünün dediyi kimi, "Neftçi”ni heç bir kluba dəyişməyən əfsanəvi futbolçunun xatirəsi indi də bakılıların, ölkəmizin futbol ictimaiyyətinin qəlbində yaşamaqda, vurduğu bir-birindən gözəl qollar idmansevərlər tərəfindən tez-tez xatırlanmaqdadır.
Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olub. On altı yaşında "Neftçi”nin əsas heyətində debüt etmiş gənc futbolçu üç il sonra SSRİ yığmasına çağırılıb. Yığma komandada keçirdiyi ilk 8 oyunda 7 qol vuraraq qısa müddətdə əsas heyətin əvəzolunmaz üzvünə çevrilib. 1966-cı ildə "Neftçi”nin heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Anatoli həmin il yığma komandanın tərkibində İngiltərədə keçirilən dünya çempionatının yarımfinalında oynayıb. Ümumilikdə SSRİ yığmasında 50 oyun keçirmiş Banişevski rəqib qapılarına 19 qol vurub.
1963-cü ildən 1978-ci ilədək çıxış etdiyi "Neftçi”nin heyətində 288 oyun keçirən A.Banişevski 136 qola imza atıb və adını bombardirlərin "Qriqori Fedotov klubu”na üzv yazdırıb. 1968-ci və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında da çıxış edən həmyerlimiz sonuncu qitə turnirində gümüş mükafata layiq görülüb.
Futbolçu karyerasını başa vurduqdan sonra A.Banişevski 1981-ci ildə "Neftçi”də məşqçilik fəaliyyətinə başlayıb. Doğma komandasına iki mövsüm rəhbərlik edən Anatoli 1983-cü ildə komandadan ayrılıb və 1984-1988-ci illərdə Burkina-Faso millisində məşqçi vəzifəsində işləyib. Afrikadan qayıtdıqdan sonra isə sağalmaz xəstəliyə düçar olub və 1997-ci il dekabrın 10-da dünyasını dəyişib.
Azərbaycan futbolunun əfsanəsi olan Anatoli Banişevskinin ölümündən 20 ilədək vaxt keçməsinə baxmayaraq, onunla bağlı xatirələr zaman-zaman dilə gəlir, yaxınları, dostları onu tez-tez yad edirlər.
Görkəmli futbolçunun qızı Milena atası ilə bağlı xatirələrini bölüşərkən deyir: "Artıq 19 ildir ki, atam aramızda yoxdur. Onun ölümü təkcə ailəmiz üçün deyil, Azərbaycan futbolu, idman ictimaiyyəti və azarkeşlər üçün də ağır itki oldu. Atam mənim xatirəmdə çox qayğıkeş, ailəcanlı, ürəyiaçıq bir insan kimi qalıb. O, mənim həkim olmağımı arzulayırdı. Onun istəyi ilə mən məhz bu sahəni seçdim. Hətta özünə məndən başqa kimsənin iynə vurmasına icazə verməzdi”.
Atasının futbola son dərəcə bağlı olduğunu qeyd edən Milena bu barədə danışarkən deyir: "Həyatının çox hissəsini idmana həsr etdiyindən atamla yetərincə ünsiyyətdə ola bilmirdik. Çünki tez-tez səfərlərdə, məşqlərdə olurdu. Adətən hər ilin dekabrında atamın komanda yoldaşları və onların ailələri ilə birlikdə istirahət edərdik. Biz atamızı yalnız onda doyunca görüb, söhbət edə bilirdik. Atamı çox sevir, ona hörmət edirdilər. Biz hərdən şəhərə gəzməyə çıxanda insanlar yaxınlaşıb, onunla görüşərdilər. Bəzən tanımadığımız adamlar evimizə gəlib atamdan kömək istəyərdilər. Atam onlara bacardığı köməyi edərdi. Hətta şöhrəti elə səviyyəyə çatmışdı ki, atamla anamın toyunda İngiltərə şahzadəsi də təbrik məktubu göndərmişdi”.
Vaxtilə Banişevski ilə komanda yoldaşı olmuş, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya ehtiyatları uşaq-gənclər şahmat idman məktəbinin direktor müavini işləyən Ələkbər Məmmədov da dahi futbolçu haqqında xatirələrini bölüşərək deyir: "Mən Anatolini uşaqlıq illərindən tanıyırdım. Tale elə gətirdi ki, 1973-1978-ci illərdə "Neftçi”də birlikdə oynadıq. Hətta onunla iki il bir otaqda qalmışam. Son dərəcə mərd, təvazökar, vətənpərvər insan idi. Banişevskini nəinki Azərbaycanda və Bakıda, Avropada da tanıyır və sevirdilər. Biz səfərlərə gedərkən otelə daxil olduğumuz andan onun azarkeşləri zəng edib Anatoli ilə danışmaq, görüşmək istəyirdilər”.
Banişevskinin ideal komanda yoldaşı olduğunu, dəqiq zərbələri ilə yanaşı, gözəl ötürmələri ilə də oyunu canlandırdığını qeyd edən Ə.Məmmədov xatırlayır: "O, meydançanı çox dəqiq görür, gözəl ötürmələr edirdi. Yadımdadır, 1975-ci ildə Mərakeş komandası ilə qarşılaşırdıq. İkimiz də hücumda oynayırdıq. Biz 5:0 hesabı ilə qalib gəldik və qollardan ikisini mən, ikisini isə Banişevski vurdu. Mən bu qolları Anatolinin, o isə mənim ötürmələrimlə vurmuşdu. Banişevski topu elə dəqiqliklə ötürürdü ki, onu yalnız qapıdan keçirmək qalırdı”.
Veteran futbolçu, "Neftçi” klubunun Müşahidə Şurasının üzvü Səməd Qurbanov da Anatoli Banişevski ilə bağlı xatirələrini bölüşərək deyir: "Banişevski böyük futbolçu idi və Azərbaycanı SSRİ yığmasının heyətində uğurla təmsil edirdi. Mənim futbola gəlişimdə onun böyük rolu olub və bunu indi də unutmuram. Peşəkar futbolçu kimi yetişməyimdə onun mühüm xidmətləri olub. Banişevski mehriban, qayğıkeş insan idi. Onunla 6-7 il bir komandada çıxış etdiyim üçün özümü çox xoşbəxt sayıram”.
Banişevskinin Bakını çox sevdiyini və ömrünün sonuna kimi doğma komandasına, vətəninə sadiq qaldığını diqqətə çatdıran ümumittifaq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi Rüstəm Rəhimov da onun barəsində ehtiramla danışır: "Çox xoşbəxtəm ki, Anatoli Banişevski ilə həm bir komandada oynamışam, həm də işləmişəm. Azərbaycanda futbolun inkişafında onun mühüm xidmətləri var. Əbəs yerə ona "Azərbaycan futbolunun brilyantı” demirlər. Banişevski beynəlxalq arenada da bir sıra uğurlar qazanmış, dünya və Avropa çempionatlarının mükafatçısı olmuşdu. O, həm də gözəl insan və səmimi dost, ölkəsinə bağlı vətənpərvər insan idi. Bakını çox sevirdi. Hətta SSRİ-nin güclü komandaları onu heyətlərinə dəvət etsələr də, Bakıya olan sevgisi onu Vətəndən getməyə imkan vermirdi. Bir sözlə, Anatoli Banişevskinin adı Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazılıb”.
Dahi futbolçu Anatoli Banişevskinin ölkəmizdə futbolun inkişafındakı xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Belə ki, 1997-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Sərəncamına əsasən, Anatoli Banişevski "Şöhrət” ordeni ilə təltif olunub. 2007-ci il fevralın 2-də isə Prezident İlham Əliyevin Sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub.