Ukrayna İranın dünya çempionatından kənarlaşdırılmasını xahiş edir

Ukrayna İranın dünya çempionatından kənarlaşdırılmasını xahiş edir

Qətərdə keçiriləcək dünya çempionatına bir aydan az vaxt qalıb və qalmaqallar hələ də səngimək bilmir.
 

FİFA Ekvador millisini çempionatdan çıxarmaq istəyirdi. Lakin sonra bəraət aldılar. Mətbuatda turnirə hazırlıq problemləri işıqlandırlır, ev sahibi ölkə Qərb mətbuatını qərəzli olmaqda ittiham edir. İndi isə yeni hadisə gündəmə gəlib.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, “Şaxtyor” Donetsk klubunun baş direktoru Sergey Palkin FİFA-nı İranı dünya çempionatının iştirakçılarından çıxarmağa və Ukrayna yığmasını Qətərə əvəzedici kimi göndərməyə çağırıb.


Sentyabrın ortalarında İranı Məhsa Əmininin ölümünə qarşı ictimai etirazlar bürüdü. 22 yaşlı qız Tehranda "yanlış hicab geyindiyinə" görə əxlaq polisi tərəfindən saxlanılıb və bir neçə gün sonra o xəstəxanada vəfat edib. Polis, Məhsanın stansiyada xəstələndiyini (ürəyini tutub) iddia edib. Bu səbəbdən onu həkimə aparıblar və orada dünyasını dəyişib. Lakin yaxınları iddia edirlər ki, qızın heç vaxt ürəyində problem olmayıb və həbs zamanı vurulan zərbələr əsl ölüm səbəbi olub.


Ölkənin 100 şəhərində küçələrə çıxan etirazçılar əvvəlcə qızın ölümündə günahkarların araşdırılmasını və cəzalandırılmasını tələb etsələr də, zaman keçdikcə şüarlar ictimai-siyasi kontekstə doğru dəyişib. Xalq “Qadın, Həyat, Azadlıq” şüarı altında küçələrə çıxıb, qadınların itaətsizlik əlaməti olaraq xalqın gözü qarşısında saçlarını kəsdirib, hicabları yandırıb. Etirazlar dövlət hakimiyyəti tərəfindən vəhşicəsinə yatırılır. Rezin güllələr, gözyaşardıcı qazlar və kütləvi həbslər ölkəni bürüyüb.
 

“Human Rights Watch” təşkilatının məlumatına görə sentyabrın ortalarından bu yana İranda keçirilən etirazlarda 23-ü uşaq olmaqla 200-dən çox adam ölüb. Təkcə Tehranda hazırda 300-dən çox insan həbs edilib, dörd nəfəri isə ölüm cəzası gözləyir.

 

Hətta “Zenit”in keçmiş hücumçusu Serdar Azmun da iranlı qızların müdafiəsinə qalxıb. Buna görə o, dünya çempionatında millidə yer almaqdan məhrum edilib.

 

Serdar Azmun: “Milli komandanın qaydalarına görə yığım başa çatana qədər danışmaq qadağandır, amma mən daha susmaq istəmirəm. Əgər buna görə yığmadan qovulmuşamsa, iranlı qadının başının bir tükünə qurban olsun. Bu yazı heç vaxt silinməyəcək. İnsanları asanlıqla öldürdüyünüz üçün ayıb olsun. Davam edin, iranlı qadınlar." - paylaşımı edib.


Digər idman ulduzları, o cümlədən jurnalist, fəal və qadın hüquqları müdafiəçisi Məsih Əlinejad sosial şəbəkələrdə paylaşım etməkdən daha da irəli gedərək FİFA-ya məktub göndərərək İran Futbol Federasiyasının fəaliyyətinin dayandırılmasını və millinin dünya çempionatından kənarlaşdırılmasını xahiş ediblər.

 

“İranın öz xalqına qarşı vəhşiliyi kritik həddə çatıb ki, bu da futbol və idman dünyasından birmənalı və qəti şəkildə ayrılmağı tələb edir.. Hər kəs üçün təhlükəsiz yer olmalı olan futbol İranın qadınları, hətta kişiləri üçün də təhlükəsiz yer deyil. Qadınların ölkə boyu stadionlara girişi sistematik olaraq qadağan edilir ki, bu da FİFA-nın dəyərlərinə ziddir” - məktubda deyilir.
 

 

İranda stadionlara buraxılmayan qadınlara qarşı ayrı-seçkiliyə qarşı mübarizə aparan Açıq Stadionlar təşkilatı da oxşar bəyanatla çıxış edib (sonuncu dəfə ölkədə qadınlar tribunalara 5 oktyabr 1981-ci ildə buraxılıb).

 

“Niyə FİFA İran dövlətinə və onun nümayəndələrinə dünya səhnəsinə çıxış imkanı verdi? Halbuki İran nəinki elementar insan hüquqlarına və ləyaqətinə hörmət etməkdən imtina edir, hətta indi də öz xalqına işgəncə verir və öldürür? Biz FİFA-nı nizamnaməsinin 3-cü və 4-cü maddələri əsasında İranı Qətərdə keçiriləcək 2022-ci il Dünya Çempionatında iştirakdan dərhal kənarlaşdırmağa çağırırıq”- “Open Stadiums”un açıq məktubunda belə deyilir.

 

FİFA nizamnaməsinin 3-cü maddəsində təşkilat “beynəlxalq ictimaiyyət tərəfindən tanınan insan hüquqlarına hörmət etməyə sadiqdir və bu hüquqlara riayət olunmasını təmin etməyə çalışacaq” deyilir.
 

4-cü maddədə isə “irqinə, rənginə, etnik, milli və ya sosial mənşəyinə, cinsinə, əlilliyinə, dilinə, dininə, siyasi mövqeyinə və ya hər hansı digər xüsusiyyətinə, alıcılıq qabiliyyətinə, doğulduğu yerə görə hər hansı ölkəyə, fərdlərə və ya insanlar qrupuna qarşı ayrı-seçkilik, cinsi oriyentasiya və ya hər hansı digər səbəblər işdən kənarlaşdırılma və ya qovulma ilə cəzalandırılacaq.”-deyilir.
 

“Ukrayna dünya çempionatında olmalıdır. İranın orda yeri yoxdur! İran rəhbərliyi dünya çempionatında milli komandalarının oyununu seyr edərək əyləndiyi halda, ukraynalılar İranın pilotsuz təyyarələri və İran raketləri ilə atəşə tutulacaq.

 

"Şaxtyor" Futbol Klubu FİFA-nı və bütün beynəlxalq ictimaiyyəti İran yığmasının dünya çempionatında iştirakına dərhal qadağa qoyulmasına nail olmağa çağırır. Boş qalan yeri dünya çempionatında iştirak etməyə layiq olduğunu sübut edən Ukrayna yığması tutmalıdır. Pley-off mərhələsində digər komandalarla müqayisədə qeyri-bərabər şəraitdə o, ürəyi ilə oynayırdı. Bu qərar tarixi və idman baxımından ədalətlidir. Hər kəsi futbol bürokratiyasına təzyiqlərə qoşulmağa çağırıram. Boş tezis arxasında gizlənərək 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının səhvlərini təkrarlamaq kifayətdir”– “Şaxtyor”un direktoru Palkin sosial şəbəkələrdə yazıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR