Hippokrat Andı, yoxsa Hərbi And? – Hərbi həkimlə müsahibə

Hippokrat Andı, yoxsa Hərbi And? – Hərbi həkimlə müsahibə
 

Arayış: Qurbanlı Alı Cəfər oğlu 1955-ci il may ayının 25-də Masallı rayonunun Şərəfə kəndində anadan olub. Kəndləri təxminən 630 il əvvəl Ərdəbilin eyni adlı kəndindən Masallıya köçüb. Orta məktəbi bitirdikdən sonra 1972-ci ildə Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1978-ci ildə ali təhsilini başa vurur və 4 il Cəlilabad rayonunda işləyir. Sonradan iş yerini paytaxta dəyişir. 1991-ci ilə kimi Bakıda travmatoloq-ortoped kimi işləyir. Müharibə başlayanda Ağdama gedir. 

"MediaPost” hərbi həkim Alı Qurbanlı ilə müsahibəni təqdim edir: 

- Ağdamdan Bakıya qədər uzanan yolda 40 ildən artıq hərbi həkim təcrübəniz var. Bu illərdə hərbi tibbin inkişafı hansı mərhələlərdən keçib?

- 1992-ci ilin fevralından 1 saylı Hərbi Cərrahiyyə Hospitalında travmatoloq-ortoped işləmişəm. Bir il sonra, yəni 1993-cü il avqustun 9-dan cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olundum. Həmin ilin noyabrından isə sözügedən hərbi hissənin komandiri-hospitalın Baş həkimi oldum. İki ildən sonra da aparılan ştat dəyişikliyinə əsasən, sərəncama götürüldüm. 

Həm həkim idim, həm komandir. Elə olurdu ki, bir gündə 20 əməliyyat edirdim, elə də olurdu 10. Praktiki olaraq, həm cərrahiyyə işinin içində olmuşam, həm də ön cəbhədə yaralıların çıxarılmasına xidmət etmişəm.

O vaxt müharibədə iştirak etməyənlərin əksəriyyəti həkimlər idi. Güllə, qəlpə yaralanmaları görməmişdik, amma həm yanımızda hərbi həkimlər vardı, həm də özümüz öz üzərimizdə işləyirdik. Əvvəllər bizim çətinliyimiz çox idi, ancaq səylərimiz nəticəsində inkişaf pik həddə çatdı. Bizdə elmlər namizədləri, təcrübəli həkimlər işləyirdi deyə, hər şeyi tez öyrənirdilər. Həmin vaxt hətta elmi-praktiki konfrans da keçirtdik. Konfransda müxtəlif ölkələrin nümayəndələri iştirak edirdi. Demək istəyirəm ki, biz həm də elmi işlərlə məşğul olurduq. Yaralı çox olanda və ekstremal vəziyyət yarananda Mərkəzi hospitalın həkimləri və mülki həkimlər köməyə gedirdilər.

Müharibə bitəndən sonra aydın məsələdir ki, cərrahiyyə sahəsində fasilə yarandı. O vaxt hospitalımız 3 dəfə geri çəkildi, çünki irəli getmədik, gedə bilsəydik çox ruhlanardıq. 

Ancaq indi bizim çox böyük şansımız var ki, işğal altında olan torpaqlarımızı geri qaytaraq. Bunu həmişə demişəm, hazırda hərbi tibb sahəsində irəliləyiş çox böyükdür. Əvvəllər bizdə ürək cərrahiyyəsi olmayıb. İndi isə hospitallarda ürək cərrahiyyəsi şöbəsi fəaliyyət göstərir. Bununla yanaşı, digər şöbələrdə də inkişaf var. Yəni böyük yol keçmişik və inkişaf böyükdür. 

- O vaxtkı və hazırkı hərbi tibb sahəsində nə kimi fərqlər var? 

- İndi kompüterləşmə dövrüdür, bu texnologiya özünü tibdə də göstərir. O vaxtın hərbi tibbini görən biri kimi deyə bilərəm ki, indi inkişaf var. İstər ləvazimat və texniki təchizat, istərsə də dərman və preparatlar baxımından. Sadəcə, hərbi tibb sahəsinin inkişafı konsepsiyası olmalıdır, o da ya yoxdur, ya da zəifdir ki, mən hiss etmirəm. Hərbi tibbə kadrları verənlər daha keyfiyyətli işləməlidirlər ki, hərbi sahəyə güclü kadrlar verə bilsinlər. Bu məsələdə əlil olmasaq da, ortabab vəziyyətdəyik. Yəni vəziyyət Türkiyədə, Almaniyada gördüyüm səviyyədə deyil. Düşünürəm ki, həkimlərin, eləcə də hərbi həkimlərin maaş məsələsinə diqqət etmək lazımdır. Axı unutmaq olmaz ki, həkim xəstə ilə işləyəndə sağlamlığının bir hissəsini ona verir. 

- Hərbi hissənin komandiri olmusunuz, deməli, tabeliyinizdə şəxsi heyət vardı. Onların problemlərini də bilirdiniz. Çətinlikləri nə idi?

- Ailəni Bakıda qoyub 300 km məsafəyə getmək istər müharibə olsun, istərsə də dinc dövr, fərqi yoxdur, çox çətin idi. Müharibə vaxtı elə yerdə qalırdıq ki elə yaralıları da orada qəbul edə bilək. Yəni yaralılar gələndə ən tez vaxta çata bilək, gecikmə söhbəti olmasın. Mənim 200-ə qədər işçim vardı və hamısı da hər an işinin başında olublar. Zəng çalınanda 1-3 dəqiqə ərzində yaralının yanında olurduq. Mənim işlədiyim hospital hazırda Sarıcalıda yerləşir. 

Hərbi həkimlərin əsas çətinliyi keçirdikləri stress, sərf etdikləri enerjidir. Verdiyin enerjinin də yerini qida ilə doldurmaq olmur. Ümumiyyətlə, onun yeri heç nə ilə dolmur. 

- Azərbaycan Ordusunda koronavirusla bağlı görülən tədbirləri necə qiymətləndirirsiniz?

- Mən belə düşünürəm ki, virusa qarşı kifayət qədər tədbirlər görülür. Müəyyən ölkələrdə hərbçilərin virusa yoluxma faktları çoxdur, bəzilərində yoluxma ehtimalları var. Ancaq bizdə ümumən virusa yoluxma sayı azdır. Hərbi hissələrin tibb məntəqələri öz vəzifələrinin öhdəsindən gəlirlər. 

Ümumiyyətlə, virusdan qorxmaq da düzgün deyil, ancaq bütün hallarda bəşəriyyət ciddiləşməlidir. Virusdan maksimum dərəcədə qorunmaq lazımdır, məncə, bacarırıq, qoruna bilirik. Hepatit C, B xəstəlikləri var ki, əvvəllər onların müalicəsi yox idi, ancaq indi mümkündür. Hələ 1992-ci ildə hökuməti məlumatlandırmışdım ki, orduda Hepatit C var, ciddi tədbirlər görülməlidir. Hətta cərrahlara da dedim ki, diqqətli olsunlar. Bu, həm özlərinin, həm də xəstələrin sağlamlığı üçün vacib idi. Ancaq heç kimə bir kəlmə belə etmədim ki, Azərbaycanda bu xəstəlik var. Sadəcə, diqqətli olmaları üçün tapşırıq verdim. Çünki qorxu yaratmağa ehtiyac yox idi.

- Bu gün ixtisaslı, savadlı hərbi həkimlər hazırlanır? 

- Bəli, hazırlanır. Azərbaycan Tibb Universitetinin Hərbi Tibbi fakültəsində hazırlanır. Dövlət onlara müəyyən imtiyazlar da verir. Onlara sahib çıxılır. 

 Müharibə vəziyyətindəyik. Ali Baş Komandan hər an əmr verə bilər. Əgər belə olarsa, kifayət qədər hərbi həkimlərimiz olacaq?

- Bu gün müharibə başlasa, mövcud vəziyyətdə işləyə bilən kifayət qədər hərbi həkim var. Onlar müharibə vəziyyətinə hazırdırlar. 

Düzdür, heç nə tam təminatlı ola bilməz, amma vəziyyət pis deyil. Yaxşı işlər görülür. Hospitalların maddi-texniki imkanı yüksəkdir, kadrlar ixtisaslaşıb. Düşünürəm ki, əsgərlər də dövlətin övladlarıdır, həkimlər də. Onlara həmişə sahib çıxmaq lazımdır. 

- "Həkim xoşbəxtliyi sağlamlıqda, hərbçi isə azadlıqda görür” deyirlər. Siz həm həkimsiniz, həm də hərbi sahəni təmsil edirsiniz. Bu fikirlə nə qədər razısınız?

- Bir dəfə dünyaya gəlirsən, normal yaşamaq lazımdır. Ancaq yaralı əsgər baladan doğmadır. Mən və kollektivim buna sona qədər əməl etdik. Biz həkimlər tez-tez qan verirdik, yaralılara bizdən asılı olan bütün formalarda kömək etməyə çalışırdıq. Onu deyə bilərəm ki, ən böyük eşq Allah eşqidir: bizi yaradana, bizə bütün varlıqları bəxş edənə. Sonra da valideyn, yəni Vətən, millət eşqi gəlir. Ancaq ən böyük eşq Allah eşqidir, səni nə qədər təmin eləsələr də, sən heç vaxt hər şeyə nail ola bilməzsən. Amma imtina etməyi də bacarmalısan: vətən naminə, gələcək nəsillərin naminə... Biz yeri gələndə canımızdan da imtina etməyi bacarmalıyıq. Milli ideologiya önəmli amildir. Demirəm, insanları zombiləşdirmək lazımdır ki, get düşmənlərlə mübarizə apar. Onun özü istəyib getməlidir. Eynilə də, xəstəni müalicə edəndə təşəbbüskar olmalısan. Mənim bir sözüm var: xəstəni müalicə etməmiş "haqqımı ver” deyən həkimlər müsəlmandırmı? Yaxud da, yaralı əsgərə öz övladı kimi yox, bazar mənbəyi kimi baxan müsəlmandırmı? Dünyanın dərki budur.


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....