Müsahİbə

Hərbi ekspert: “Azərbaycan əsgəri bu gün bütün məişət qayğılarından azaddır” - MÜSAHİBƏ

Hərbi ekspert: “Azərbaycan əsgəri bu gün bütün məişət qayğılarından azaddır” - MÜSAHİBƏ
 Ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov "Report”un suallarını cavablandırıb:

- Son illər orduda hansı islahatlar aparılıb?

- Son illər orduda islahatlar geniş vüsət alıb. Faktiki olaraq, ordu sanki yenidən doğulub, yəni müasir standartlara cavab verməsi və güclənməsi baxımından təkcə hərbi texnika, sursat, ləvazimat, döyüş vasitələri ilə təminat deyil, həm də əsgərin məişət şəraitinin, yaşayış vəziyyətinin, cəmiyyətdəki rolunun artırılması istiqamətində böyük işlər görülüb.

Hamımız bilirik ki, yaxın keçmişdə əsgər yeməyini əsgər yeməkxanasında özü hazırlayır, geyimini camaşırxanalarda özü yuyurdu və digər məsələlər vardı ki, bu, onun hərbi hazırlığına yük idi. Ancaq son illər Müdafiə Nazirliyinin verdiyi əmrə əsasən bu kimi hallar aradan qaldırılıb. Əsgərin əsas vəzifələri var: ancaq hərbi hazırlıqla məşğul olmaq, təlimlər keçmək, səngərdə dayanmaq, düşmənə təpki göstərmək, silah və sursata vaxtlı vaxtında, yerində qulluq etmək, istismarını düzgün qurmaq.

Digər dəyişikliklər ordunun təminatı sahəsindədir. Əvvəllər əsgərin rasionunda ona xeyir verən qidalar çox az idi, bu rasion da bizə sovet dönəmindən qalma idi. Ancaq indi əsgərin rasionunda güclü kalorisi olan qidalar, mövsümi meyvələr, şirələr, salatlar var. Bundan əlavə, rasion tamamilə dəyişdirilərək milli mətbəxə uyğunlaşdırılıb.
 
 
Silah-sursat, hərbi texnikanın yenilənməsi baxımından böyük işlər görülüb. Bu gün Azərbaycan Ordusunda müasir hərb elminə uyğun islahatlar aparılır. Keçmişdə ordu anlamında kəşfiyyat deyəndə biz kəşfiyyatçıları, onların insanlar vasitəsilə düşmənin mövqelərinin arxasına keçib hansısa məlumatın əldə edilməsini başa düşürdük. Ancaq bu gün Azərbaycan Ordusunda PUA-lar var ki, onlar təkcə düşmənin arxa tərəfində, yaxud uzaq məsafəsində kəşfiyyat aparmır, həm də zərbə əməliyyatlarını da icra edirlər. Bu da 2016-cı ilin Aprel döyüşlərində özünü göstərdi.

Bundan əlavə, Müdafiə Sənayesi Nazirliyi çox güclü və müasir zərbə uçuş aparatları hazırlayaraq orduya verib. Bu da həm kəşfiyyat məlumatları toplayır, həm də düşmənin vacib strateji obyektlərinə zərbə vurmaq üçün nəzərdə tutulub. Son illər müasir artilleriya qurğuları özünün mobilliyi ilə düşmənə zərbə vurur və qarşı tərəfin artilleriyasından yayınaraq yerini tez bir vaxta dəyişir.

İslahatlar özünü təkcə texnikanın müasirləri ilə əvəzlənməsində, əsgərin məişətinin yaxşılaşdırılmasına, qidasında göstərmir, bu, həm də ordudakı kadr siyasətinə də təsir edir. Bu gün Azərbaycanın zabitləri bir çox başqa böyük hərbi məktəbləri olan ölkələrdə öz biliklərini artırırlar, NATO müasir standartlarına uyğun olan hərbi texnikaları öyrənirlər. Bu da Azərbaycan Ordusundakı islahatların bir hissəsidir.
 
 
- Əvvəllər hərbi hissələrin vəziyyət yaxşı deyildi. Bu sahədə dəyişiklik varmı? Hazırda hərbi hissələr müasir tələblərə cavab verir?

- Yaxın tariximizə qədər hərbi hissələrdə vəziyyət, demək olar ki, acınacaqlı idi. Sovet vaxtından qalan tikililər, əsgər yataqxanaları, məişət şəraitini təmin edən binalar, qərargahlar, komanda mərkəzləri müasir tələblərə uyğun deyildi. 

Son illər hərbi hissələrdə dəyişikliklər var. Bu, yeni, müasir hərbi hissələrin, əsgərin standartlara cavab verən şəraitini təmin edən yardımçı binaların tikilib istifadəyə verilməsində, müxtəlif sinif bazaları, taktiki və texniki sahələrin, texnikanın toplanması üçün müasir texnika parklarının qurulmasında özünü göstərir. Belə hərbi hissələr, bazalar, parklar ölkənin hər bir guşəsində tikilib istifadəyə verilir. Bu iş dayanmayıb, bu gün də davam etdirilir. Sözsüz ki, yaxın gələcəkdə digər böyük strateji hərbi obyektlərin tikilib başa çatdırılmasının və istifadəyə verilməsinin şahidi olacağıq.

- Azərbaycan Ordusunda kifayət qədər təlimlər keçirilirmi? Təlimlər ordunun döyüş qabiliyyətinin yüksəldilməsində hansı rola malikdir?

- Təlimlər ordunun bel sütunudur. Əgər təlimlər olmasa, əsgər döyüşdə hansı hərəkətlər edəcəyini, hansı tərəfə hücuma keçəcəyini, hansı istiqamətdən qorunacağını, necə taktika seçəcəyini, silah-sursatdan, texnikadan istifadəni bilməz. Təlimlər mütləq bir anlayışdır.

Bu gün Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin taktiki, komanda təlimləri keçirilir. Artilleriya, tank, hava hücumundan müdafiə təlimləri torpaqlarını işğaldan azad etmək üçün döyüş astanasında olan Azərbaycanın hərbi kontingentini real döyüşə hazırlayır. Belə bir deyim var: "Təlimdə çətin, döyüşdə asan".
 
 
Təbii ki, heç bir döyüş asan olmur, lakin hazırlıqlı ordu döyüşdə hansı hərəkəti edə biləcəyini əvvəlcədən bilir və düşmənin hansı taktika seçəcəyini elmi və praktiki cəhətdən əvvəlcədən öyrənir. Hərbi təlimlər olmasa, döyüşdə çaşqınlıq yaranar və bunun nəticəsində də məğlubiyyət qaçılmaz olar.

- Təlimlər gənc kadrların təcrübəsinin artmasına necə təsir edir?

- Təlimlərin gənc kadrların hazırlanmasında rolu böyükdür. Təkcə hərbdə deyil, bütün elmlərdə belə bir anlayış var ki, nəzəriyyə praktikanın başlanğıc nöqtəsidir. Praktika isə hazırlığın anasıdır. Bu gün gənclərin hərbi təlimlərdə öyrəndikləri onların hərbi məktəblərdə oxuduqları nəzəriyyənin davamıdır.
 
 
Zabit, gizir, MAXE, əsgər olmasından asılı olmayaraq, gənclər üçün hərbi təlimlərin, ümumiyyətlə təlimlərin böyük rolu var. Çünki çölün verdiyi biliyi sinif otağı verə bilməz. Əsgər, yaxud zabit təlimdə nəzəriyyədən əlavə bir çox məsələlərlə qarşılaşır. Bunlar da təlimlər vaxtı çözülür.

- Ordunun inkişafında gənc kadrların rolu nə qədərdir?

- Ordunun inkişafında kadrların rolu böyükdür. Bu onun gənc olub-olmamasından irəli gələn amil deyil. Əgər kadr öz biliyini paylaşa, hərbi kontingenti hansısa elmlərə yiyələndirə bilirsə və bunun üçün çalışırsa, sözsüz ki, orduda və cəmiyyətdə bu insanların rolu böyükdür. Gənclərin orduda rolu isə danılmazdır, çünki bu gün yol gəncliyindir. Onların orduda olması yeni kadrlar, yeni qüvvə, yeni arzular deməkdir.

Bizim arzularımız torpaqlarımızın azad olunmasıdır. Gənclərin də orduda olması, yeni qüvvənin, gənc fikirlərin hərbi kollektivə qoşulması ordu üçün böyük qazancdır.

Təbiətimizdə olan bütün canlılar kimi hər şeyin gəncləşməsinə ehtiyac var. Ordu da belədir, həmişə gənc qalmalıdır. Onun hansısa kadrları yaşlaşa da bilər, yaxud ehtiyata da çıxa bilər. Lakin onun yerini doldurmaq üçün gənc kadrlara həmişə ehtiyac var.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031