Azərbaycan saytlarına kütləvi haker hücumu hansı mənbədən edilib? - AÇIQLAMA

Azərbaycan saytlarına kütləvi haker hücumu hansı mənbədən edilib? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda bir sıra informasiya resursları kütləvi haker hücumuna məruz qalıb. Bu səbəbdən "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az", "Baku TV" və digər saytların fəaliyyətində problemlər yaranıb. Hazırda həmin saytlara giriş məhdudlaşıb. Haker hücumuna məruz qalan “Report” informasiya agentliyinin saytında “Hüseynçilər” hərəkatının loqosu yerləşdirilib. Sonradan isə həmin bildiriş yığışdırılıb və hazırda saytlara girişdə sadəcə “Bu sayta daxil olmaq mümkün deyil” yazısı görünür. 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, hücumun eyni anda və eyni üsulla həyata keçirilməsi onun koordinasiyalı və məqsədyönlü olduğunu göstərir.

 

Onun sözlərinə görə, kiber hücum edənlərin saytlara yerləşdirdikləri mesajlar hücumun mənbəyini müəyyən etmək üçün əsas ola bilməz:

 

“Hücumun haradan və kim tərəfindən edildiyini müəyyənləşdirmək üçün aidiyyəti qurumlar və saytların kibertəhlükəsizliyinə cavabdeh mütəxəssislər birgə araşdırma aparmalıdır. Xüsusilə diqqət çəkən məqam odur ki, bir neçə gün əvvəl Azərbaycanın aparıcı televiziya kanallarından biri – İTV-nin saytı da kiberhücuma məruz qalmışdı. Bu ardıcıl hücumlar göstərir ki, hansısa maraqlı qüvvələr Azərbaycanın informasiya məkanını zəiflətməyə və təsir altına salmağa çalışır. Əlbəttə, burada texniki amillər də nəzərə alınmalıdır. Ola bilər ki, hakerlər eyni sistemə bağlı media resurslarının zəifliklərini aşkar edərək onları hədəfə alıblar. Lakin hücumun xarakterinə əsasən ehtimal etmək olar ki, məqsəd daha çox informasiya sahəsinə təsir göstərmək, ictimai fikrə müdaxilə etməkdir”.

 

O.Gündüz qeyd etdi ki, geniş oxucu kütləsinə malik xəbər resursları milli informasiya resurslarıdır, onların kibertəhlükəsizliyi gücləndirilməli, müdafiə sistemləri yenilənməli və mümkün hücum ssenarilərinə qarşı proaktiv tədbirlər görülməlidir. Əks halda, bu cür hücumlar davam edə və daha ciddi fəsadlara səbəb ola bilər:

 

“Azərbaycanda son bir neçə ildə kibersektorda, xüsusilə də dövlət sektorunda çox böyük işlər görülüb.Kritik sektorun təhlükəziliyi ilə bağlı ciddi infrastruktur qurulub və bu işlər davam etdirilir. Amma biznes sektoru, media sahəsinin və vətəndaş cəmiyyəti sahəsinin kibertəhlükəsizliyi ilə bağlı görüləcək işlər daha çoxdur”.

 

Mütəxəssis vurğuladı ki, MEDİA və Elektron Təhlükəsizlik Xidməti onlayn media resurslarının kiber müdafiəsini gücləndirmək üçün daha fəal rol oynamalıdır:

 

“Ümumiyyətlə, bu qurumların onlayn media sektorunun təhlükəsizliyini təmin etmək istiqamətindəki səylərini yetərli hesab etmək olmaz. Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır. Yaxşı mütəxəssislər cəlb etməli, onların peşəkarlığının artırılmasına da resurslar ayrılmalıdır. Müasir yanaşmalar kibertəhlükəsizliyə daha ciddi diqqət ayrılmasını, bu sahəyə investisiyaların yatırılmasını və daha peşəkar mütəxəssislərin cəlb olunmasını tələb edir. Bütün bunlar isə böyük maliyyə resursları tələb edir, lakin bəzi media qurumlarının bu sahədə imkanları olmaya bilər.  Ona görə də milli informasiya resurslarına dövlət və müvafiq qurumlar tərəfindən real dəstək verilməlidir”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR