Bu halda saxta əsginas verən şəxslər HƏBS OLUNA BİLMƏZ - AÇIQLAMA

Bu halda saxta əsginas verən şəxslər HƏBS OLUNA BİLMƏZ - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, oktyabrın 8-də Binəqədi qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Aldığı yanacağın müqabilində oradakı işçiyə 20 manatlıq saxta əsginas verən 45 yaşlı S.Rüstəmov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə qeyd edib ki, ümumiyyətlə, saxta pulların dövriyyəsi ilə bağlı qanunvericilikdə də cəzalar nəzərdə tutulur. 

 

Bəs vətəndaşlar saxta pulu necə müəyyənləşdirə bilər? Saxta pullar dövriyyədə uzun müddət qala bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, saxta pul dövriyyədə çox qala bilməz:

 

“Saxta pul nə qədər “keyfiyyətli” hazırlansa da, onun dövriyyədə olan puldan fərqi istər-istəməz hiss olunur. Bir az ciddi diqqət yetirdikdə bu, həm kağızın materialı, onun qoruyucu vasitələri və.s  baxımından, dərhal özünü biruzə verməlidir. Vətəndaşda saxta pul o zaman ola bilər ki, həmin şəxsin özü pulun hazırlanmasında bu və ya digər formada iştirakı var. Əksər halda bu, belə olmalıdır. Çünki rəsmi dövriyyədə saxta pulun uzun müddət qala bilməsi qeyri-realdır. Hər kəs bu və ya digər sahədə çalışır, kimsə sosial müavinət, pensiya alır, kimsə işlədiyi yerdən maaş alır, yəni vətəndaşların gəlirləri bütövlükdə rəsmi xarakter daşıyır. Vətəndaşlara ödənilən istər təqaüd, pensiya, sosial müavinət və.s  vəsaitlər dövriyyədə olan, Mərkəzi Bank tərəfindən emissiya olunmuş pul nişanlarıdır. Əgər bu və ya digər vətəndaşda bundan əlavə saxta pul nişanı varsa, bu, həmin vətəndaşın dolayı yolla pul nişanının hazırlanmasında iştirakını göstərir”.

 

Ekspert qeyd etdi ki, saxta pul təsadüfən – alış-veriş zamanı və ya qeyri-rəsmi ödənişlər zamanı bəzi vətəndaşların əlinə keçə bilər:

 

“Bu zaman da yaxşı olar ki, həmin vətəndaş pul nişanına diqqət yetirsin.  Bir daha deyirəm, pərakəndə satış şəbəkəsində, rəsmi alış-verişdə belə pul nişanlarının dövriyyədə ola bilməsi inandırıcı deyil. Tanımadığınız şəxslərdən bu və ya digər formada ödəniş əldə etdiyimiz zaman pul nişanının kağız materialından, onun daxilində qoruyucu lent şəklində işarənin olub-olmamasından və pul nişanının üzərindəki rəsmi parlaqlığı, çəkiliş formasından onun saxta olub-olmadığını müəyyən edə bilərik. Ümumiyyətlə, pul nişanının kağız materialına əllə toxunduqda onu hiss etmək o qədər də çətin deyil”.

 

Maraqlıdır, saxta puldan istifadə edən şəxslərlə bağlı qanunvericilikdə hansısa tədbirlər varmı? Pulun saxta olduğunu bilməyən, amma onu istifadə edən vətəndaşlarla bağlı vəziyyət necədir? Ən əsası, saxta pulu istehsal edənləri hansı cəzalar gözləyir? 

 

Bununla bağlı saytımıza açıqlama verən vəkil Turan Abdullazadə bildirdi ki, Cinayət Məcəlləsinin 204-cü maddəsinə əsasən, satış məqsədilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma- beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

 

“Bu Məcəllənin 204.1 və ya 204.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, burada yalnız satış məqsədilə saxta pulu hazırlama, əldə etmə və ya satma cinayət məsuliyyəti yaradır”.

 

Vəkilin sözlərinə görə, 20 manatlıq saxta əsginas verən şəxs o zaman məsuliyyətə cəlb oluna bilər ki, o daha öncədən bilə-bilə, qəsdən saxta pulun satış məqsədilə hazırlanmasında, əldə edilməsində iştirak etsin:

 

“Bunu isə sübuta yetirmək mümkün deyil. Çünki şəxs ifadəsində bildirsə ki, onun pulun saxta olduğundan xəbəri olmayıb, o cümlədən onun təqsirliliyinə əsas verən hər hansı digər təkzibedilməz mötəbər dəlil də yoxdursa,  burada heç bir məsuliyyət yaranmır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR