Məsuliyyətsiz müəllim və tərbiyəçilərə hansı cəza veriləcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı Sədəf Əsədzadə özəl uşaq bağçasında dünyasını dəyişib. İddialara görə, uşağın ölümündə bağça müəllimlərinin səhlənkarlığı mühüm rol oynayıb. Belə ki, onlar hadisə ilə bağlı təcili tibbi yardıma gec müraciət ediblər. Həkimlər hadisə yerinə gəldikləri zaman azyaşlının 1 saat öncə dünyasını dəyişdiyi müəyyən olub. Bəzən bağçalarda uşaqların nəzarətsiz qalması, onlara şiddət göstərilməsi kimi arzuolunmaz hallara da rast gəlirik. Halbuki valideynlər məhz onlara güvənib övladlarını əmanət edirlər.
Bağçalarda pedaqoqların fəaliyyəti qənaətbəxşdirmi? Bu istiqamətdə hansı tədbirlərə ehtiyac var?
Bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, Azərbaycanda uşaq bağçalarında baş verən faciəvi hadisələr, xüsusən də 2 yaşlı Sədəf Əsədzadənin ölümü valideynlər arasında bağçalara olan etibarı ciddi şəkildə sarsıdıb. Ekspertin sözlərinə görə, bu hadisə bağçalarda tərbiyəçilərin və müəllimlərin məsuliyyəti, uşaqların təhlükəsizliyinə nəzarətin səviyyəsi, habelə bağçaların ümumi vəziyyəti ilə bağlı ciddi suallar doğurur:
“Bağçalarda müəllim və tərbiyəçilərin sayı da tələbata cavab vermir. Hazırda bağçalarda müəllim-tərbiyəçi sayı təxminən 20 min civarındadır, lakin bu, təhsil keyfiyyəti və nəzarət üçün kifayət etməyən bir rəqəmdir. Hər bir müəllim və ya tərbiyəçi onlarla uşağa nəzarət etməyə məcbur qalır, bu da tərbiyəçilərin çox zaman diqqətsizlik etməsinə səbəb olur. Nəticədə, uşaqların təhlükəsizliyi risk altına düşür. Bu risk Sədəf Əsədzadə hadisəsində olduğu kimi, bəzən faciə ilə nəticələnir. Valideynlər bağçalara uşaqlarını əmanət edərkən onların təhlükəsizliyinin təmin ediləcəyini gözləyirlər. Lakin bəzən baş verən hadisələr göstərir ki, bir çox bağçalarda tərbiyəçilərin səhlənkarlığı uşaqların fiziki və psixoloji təhlükəsizliyi baxımından ciddi problemlər yaradır. Təcili tibbi yardımın gecikməsi, uşaqların nəzarətsiz qalması və bəzi hallarda müəllimlərin uşaqlarla kifayət qədər məşğul olmaması bu sahədə ciddi boşluqların olduğuna işarədir”.
Ekspert bildirib ki, qanunvericiliyə görə, tərbiyəçilər və müəllimlər uşaqların təhlükəsizliyinə cavabdehdirlər:
“”Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu”na görə, uşaqların təhlükəsiz şəraitdə təhsil alması onların fundamental hüququdur. Müəllim və tərbiyəçilər bu hüquqları pozduqda, qanun qarşısında cavabdeh olurlar. Bu baxımdan, bağçalarda nəzarət və təhlükəsizlik qaydalarının gücləndirilməsi üçün ciddi islahatlara ehtiyac var. Düşünürəm ki, tərbiyəçilər üçün xüsusi təlim proqramları təşkil edilməli və onların uşaq psixologiyası, təhlükəsizlik qaydaları haqqında məlumatları təkmilləşdirilməlidir. Bağçalarda texnoloji nəzarət vasitələri tətbiq olunmalı, məsələn, müşahidə kameraları və uşaqların hərəkətlərini izləyən sistemlər qurulmalıdır. Həmçinin xüsusilə şəhərətrafı bölgələrdə yeni bağçalar açılmalı və dövlət-özəl əməkdaşlığı ilə bağça sahəsində islahatlar həyata keçirilməlidir. Müəllim və tərbiyəçilərin məsuliyyətsizliyinə görə daha sərt cəzalar nəzərdə tutulmalı və uşaqların təhlükəsizliyinin təmin edilməsinə ciddi nəzarət edilməlidir”.
Digər müsahibimiz, deputat Ceyhun Məmmədov isə qeyd etdi ki, hazırda bu sahədə müəyyən problemlər müşahidə olunur:
“Qeyri-peşəkarların bu sahədə çalışması və bəzən müxtəlif problemlərin yaşanması bu sırada yer alır. Bu mənada hesab edirəm ki, bağçaların alınıb Elm və Təhsil Nazirliyinə verilməsi olduqca önəmli və vacib bir qərar idi. Bu gün görürük ki, bu sahədə nə qədər problemlər yaşanır. Nazirliyin də qarşısında vəzifələr durur, davamlı olaraq biz kimlərinsə işdən azad olunduğunun, uzaqlaşdırıldığının şahidi oluruq. Hesab edirəm ki, hələ də qarşıda görüləsi çoxlu işlər, atılası addımlar var. Qeyd edilən məsələdə isə yanaşmalar fərqli ola bilər. Biz daha çox rəsmi məlumatlara istinad etməliyik. Aidiyyəti qurumlar hüquqi qiymət verməlidir. Əgər fakt təsdiqini taparsa, əlbəttə, hüquqi müstəvidə ölçü götürülməlidir. Konkret fikir bildirmək üçün düşünürəm ki, məsələ ciddi araşdırılmalıdır, yəni həqiqətən hadisə belə olub, ya yox. Əks halda, qiymət vermək düzgün olmaz”.
Millət vəkili bildirdi ki, fakt təsdiq olunduğu halda isə məsuliyyət daşıyan hər bir şəxs cəzalandırılmalıdır: “Bu, yalnız müəyyən bir mərhələdən sonra atılacaq bir addım, qəbul ediləcək qərar olmalıdır. Əgər həqiqətən səhlənkarlıq olubsa, bununla bağlı da mütləq cəza tədbiri görülməlidir”.
Günay Rəsulqızı