"Uber"in sürücüsü jurnalisti TƏHQİR ETDİ: "Küçə söyüşü söydü, hələ də..."

"Uber"in sürücüsü jurnalisti TƏHQİR ETDİ: "Küçə söyüşü söydü, hələ də..."

Son zamanlar taksi sürücülərinin qadın sərnişinlərə qarşı qeyri-etik hərəkətləri ilə bağlı şikayətlərə çox rast gəlinir.Bu barədə həm redaksiyalara məlumatlar daxil olur, həm də sosial şəbəkələrdə şikayətlər yazılır.

 

Sfera.az xəbər verir ki, bu dəfə oxşar hadisə jurnalist Zarufa Məmmədovanın başına gəlib.

 

Jurnalist bildirib ki, "Uber" taksi şirkətinin sürücüsü onu küçə jarqonu ilə təhqir edib:


“Başıma gələni yazıram!!! Əsəbdən hələ də əllərim əsir!!!! Özümə gələ bilmirəm. Mən ömrümdə belə mədəniyyətsizlik görməmişəm!!!


İşə gecikməmək üçün "Uber"dən taksi sifariş vermişəm. Gəldi, yol boyunca mənimlə aqressiv danışdı. Təyinat yerinə çatdıq, nağd pulum olmadığı üçün ödənişi kartla (card to card) etməyi təklif etdim, razılaşmadı. Ödəniş 6 manat idi (hətta 5.90) İş yoldaşlarımdan xahiş etdim, tez 6 manat gətirdilər. 6 manatı ödəmək istədikdə məndən 40 qəpik də tələb etdi. Halbuki, programda ödənişi 5.90 göstərirdi. Artıq aldığını bilsəm də, razılaşdım. Təklif etdim ki, 1 manatı kartına göndərim. Razılaşmadı, məni küçə söyüşü ilə təhqir etdi və getdi. Yerimdəcə quruyub qaldım... İllərdir, taksidən istifadə edirəm, amma heç bir taksi şirkəti ilə belə bir hal yaşamamışam. Görəsən, taksi şirkətləri sürücüləri işə götürərkən onların psixoloji vəziyyətləri ilə maraqlanırlarmı? Həmin sürücü məni təhqir etdi, şəxsiyyətimi alçaltdı. Bunun bir cəzası olacaq, ya yox? Bilmirəm. Bircə onu bilirəm ki, hələ də özümə gələ bilməmişəm”.


Mövzu ilə bağlı saytımıza danışan hüquqşünas Səbuhi Axundov bildirib ki, etik normaları aşıb təhqir səsləndirən şəxslər xüsusi ittiham qaydasında məsuliyyət daşıyırlar: 


“Azərbaycan qanunlarına əsasən şərəf və ləyaqəti təhqir olunan şəxs məhkəməyə müraciət edib, məsələni hüquqi yolla həll edə bilər. Bu, ağır cinayət də deyil, sırf əxlaq və mənəvi məsələdir. Söz azadlığı deyilən anlayışdan heç bir halda  sui-istifadə etmək olmaz.Təhqir və şəxsiyyətin alçaldılması 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) də müraciət etdik. Qurumdan bildirildi ki, zərərçəkmişlə əlaqə saxlanılacaq, detallar öyrənilib araşdırılacaq və daha sonra ətraflı məlumat veriləcək.

 

Zarufa Məmmədova isə saytımıza verdiyi açıqlamada bildirdi ki, hadisədən xeyli saat keçməsinə baxmayaraq, onunla heç bir qurum əlaqə saxlamayıb.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR