Cəbhədə son baş verənlərlə bağlı beynəlxalq hüquq nə deyir? - AÇIQLAMA
“Ermənistan və Azərbaycan BMT müqaviləsini qəbul edərək bu təşkilata üzv olub. Beləcə, hər ikisi bir-birinə qarşı bu formatı qəbul edib. Burada da bir-birinin ərazi bütövlüyünü tanımaq və problemləri dinc yolla həll etmək kimi mühüm maddələr var.
Ancaq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 30 ildir tanımır və bizə qarşı içində soyqırımın və etnik təmizliyin olduğu müharibə aparıb, işğal həyata keçirib”.
Sfera.az bildirir ki, bunu politoloq Nazim Cəfərsoy deyib. O bildirib ki, məhz qeyd edilənlər fonunda Ermənistanın BMT formatına əhəmiyyət vermədiyini demək mümkündür:
“Hətta bu ölkə 4 BMT qətnaməsinə də konkret 28 il boyunca tüpürüb. Yəni Ermənistan BMT müqaviləsinin ona tanıdığı formatı Azərbaycanla münasibətdə hər mənada çox açıq şəkildə rədd edib. Beynəlxalq hüququn ən əsas prinsiplərindən biri dövlətlərarası münasibətlərdə bərabərlik və qarşılıqlılıq prinsiplərinin hakim olmasıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, Azərbaycanın da onun ərazi bütövlüyünü tək tərəfli olaraq tanıması kimi bir borcu yoxdur!
Beynəlxalq hüquqda öz qəbul və tətbiq etmədiyin prinsipi başqasından tələb etmək kimi bir şey yoxdur. Ermənistan 30 ildir Azərbaycanla ərazi bütövlüyünü tanıdığını ifadə edən ikili müqavilə də imzalamayıb. 2 ildir bu müqaviləni imzalamır, əsas səbəb də beynəlxalq hüquqa görə Azərbaycanın olan Qarabağ bölgəsini və anklavların bizim olduğunu qəbul etməməkdir. Bu konteksdə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tək tərəfli tanımaq borcu yoxdur”.
Ekspert qeyd edib ki, bərabərlik və qarşılıqlılıq prinsiplərinə görə, Azərbaycanın da hazırda Ermənistan ərazisi sayılan yerlərin statusunu müzakirəyə çıxarmaq hüququ var: “Ermənistan Azərbaycanla sərhədlərini dəqiqləşdirmə və nişanlama işlərində də hərtərəfli mane yaradır, müasir texnoloji imkanlarla qısa müddətdə həll olunacaq məsələni uzadır. Yəni Azərbaycanın sərhədlərini bizim əleyhimizə şübhə altına alır. O zaman Azərbaycanın da bərabərlik və qarşılıqlılıq prinsiplərinə görə Ermənistan sərhədlərini şübhə altına alma haqqı var! Ermənistan 30 il işğalçı siyasət aparıb və hazırda Azərbaycanda işğal qüvvələri var. Bu ölkə ərazilərimizdən öz qüvvələrini çıxarmayana qədər qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycanın da Ermənistan ərazisinə girmə hüququ doğur. Üstəlik beynəlxalq hüquqda sıx -sıx ABŞ -ın və İsrailin istifadə etdiyi önləyici legitim müdafiə hüququ buna imkan verir.
Bu çərçivədə təhdid təşkil edən hərbi hədəfləri vurmaq beynəlxalq hüquqa uyğundur. Hətta geniş mənada bu hüququn içinə bəzən "bufer zona qurmaq" da daxil edilir ki, bunun nümunələri var. Ermənistan rəsmiləri də hər fürsətdə Azərbaycana hərbi zərər vermək niyyətlərində olduqlarını bəyan edirlər. Bu şərtlərdə Azərbaycan da Ermənistanda hərbi hədəfləri vuranda önləyici legitim müdafiə hüququndan istifadə edib”. N.Cəfərsoy həmçinin vurğulayıb ki, beynəlxalq hüquqda "isti izləmə" kimi bir haqq daha var:
“Qısaca, bu hüquq sizə qonşu ölkədən terrorist və ya diversant hücum edəndə onun arxasınca qonşu ölkənin sərhədindən içəri girə biləcəyinizi deyir. Bu hüququ da ABŞ, İsrail, Türkiyə və s. istifadə edir. Son hadisədə Azərbaycan beynəlxalq hüquqa görə, Ermənistan diversantlarını isti təqib etmək hüququndan istifadə edib! Hələ bizim cinayətkarları mühakimə etdirmə və təzminat istəmə hüquqlarımız da var. Hamısını sonuna qədər istifadə etməliyik. Beynəlxalq hüquqda belə şeylər olduğunu bilmək lazımdır, əks halda, fikirlərdə cəhalət qalib gəlir və elə bilirlər, Azərbaycan haqsızdır!”.
Türkan