Avtomobilin qeydiyyata alınmasında nələr nəzərə alınmalıdır? - EKSPERT DANIŞDI
“Nəqliyyat vasitələrinin qeydiyyatdan keçirilməsi "Yol hərəkəti" haqqında qanunla tənzimlənən bir məsələdir.
Ölkəyə ilk dəfə gətirilən nəqliyyat vasitələri bir pəncərə sistemi ilə həyata keçirilir”. Avtosfer.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında yol hərəkətləri qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, Bakı şəhəri Qaradağ rayonu “Meyvəli” adlanan ərazidə gömrük komitəsinin və yol polisinin də orada qeydiyyat şöbəsi fəaliyyət göstərir. Avtomobillər ölkəyə gətirilən kimi gömrük prosesləri aparıldıqdan sonra digər şöbədə də yol polisindən qeydiyyatdan keçirilir. Qeydiyyat zamanı avtomobilin nömrəsi, rəngi, mühərriki və digər aqreqatlarla bağlı məlumatlar yoxlanılır. Bizim hazırki qanunvericiliyə görə təkrar qeydiyyat zamanı yanlız sükan idarəetmə mexanizmi və əyləc sistemində hansısa problem yaranarsa, polis avtomobili qeydiyyata almaqdan imtina edə bilər. Avtomobillər alınıb-satılarkən də qeydiyyat prosesi həyata keçirir. Bu zaman alan və satan şəxslər ərizə yazırlar. Mühərrikin həcminə və maşının ilinə görə rüsum dəyişə bilər. Dəyişməyən rüsumlar da var. Qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi isə 30 manatdır. Sadəcə müyyən bir vaxt lazımdır ki, avtomobilin üzərində olan bütün cərimələr ödənilsin. Avtomobilin sükan idarəetmə mexanizmi və əyləc sistemi saz vəziyyətdə olmalıdır. Təbii ki, bu zaman heç bir problem yoxdursa, avtomobil qeydiyyata alınacaqdır”.