Elmira Axundova Ukraynadan gedib - Vətəndaşlarımız nə etməlidir?
17:19 / 03.03.2022
1453
Rusiya-Ukrayna müharibəsi ilə Ukraynadakı azərbaycanlıların təxliyə edilməsi və təhlükəsizliyinin təmin olunması mövzusu aktuallaşdı.
Bu kimi məsələlərin həlli üçün isə əksər soydaşımız ilkin müraciəti Azərbayan Respublikasının Ukraynadakı Səfirliyinə etdi. Lakin münaqişə ocağının təhlükəli hal alması ilə səfir Elmira Axundovanın Ukraynanı tərk etdiyi və qarşılıqlı əlaqənin yaranmasının mümkünsüz olduğu bildirilib.
Maraqlıdır, bu kimi böhran situasiyalarında səfirlik hansı şəkildə işləməli idi? Elmira Axundovanın Ukraynanı tərk etməsi doğru haldırmı?
Mövzu ətrafında Sfera.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ukraynadakı Azərbaycan Səfirliyini Ukraynanın təmin etməli olduğunu bildirib. Müsahibimiz səfirlik işçilərinin sayının az olduğunu deyib:
"Azərbaycanda səfirliklərdə bir səfir, 3-4 diplomat işləyir. Düzdür, ölkədən-ölkəyə fərq olur, amma tərkib təxminən belədir. Onların da imkanlarında 4-5 avtomobil var. Səfirliyi qəbul edən ölkələr qarşılıqlı olaraq bir-birlərinə imtiyazlar verirlər. Səfirliyin fəaliyyətinin təşkil edilməsi onu qəbul edən ölkədən asılıdır. Biz Azərbaycanda Ukrayna səfirliyi üçün təhlükəsizlik məsələlərini və s. təmin edirik. Buna adekvat olaraq da Ukrayna bizim səfirliyi təmin etməlidir. Lakin görürük ki, orada müharibə şəraitidir və Ukraynanın bunu icra etməyə imkanı yoxdur. Qarşılıqlı öhdəlik olan halda biz vətəndaşlarımızın Ukraynada təhlükəsizliyinin təmin olunması ilə bağlı məsələ qaldıra bilərik. Lakin Azərbaycan diplomatları fiziki olaraq oradakı vətəndaşlarımızın təhlükəsizliyini təmin edə bilmək gücündə deyil”.
Ekspert vətəndaşlarımızın səfirlikdən kömək gözləməməli olduğunu deyib:
"4-5 nəfərdən hansısa yardımın gözlənilməsi absurddur. Səfirin Ukraynada olub-olmaması təlimat əsasında müəyyənləşir. Elmira Axundova təlimatla Ukraynanı tərk edə bilər. Əgər səfir Azərbaycan tərəfinə məlumat versə ki, təhlükəsizlik təmin olunmur, hərbi əməliyyatlar davam edir, o zaman mərkəz müxtəlif qərarları verə bilər. Bu qərarların içərisində səfirliyin tərkibinin azaldılması, yaxud tərkibin hamısının Azərbaycana qaytarılması ilə bağlı da məsələ ola bilər. Bundan başqa səfirlik nümayəndələri başqa yaxın ölkəyə göndərilə bilər. İnsanlar başa düşməlidirlər ki, onlar bu vəziyyətin qurbanıdırlar. Səfirlik imkanları çərçivəsində Ukraynadakı azərbaycanlılara köməklik göstərib, qatar reysləri təşkil edilib. Səfirliyin fəaliyyətini Ukrayna təmin etməli idi, lakin buna Ukraynanın indiki vəziyyəti imkan vermədi”.
Əzizə Zeynal