“Bir qadının sənədini göndərmişdilər, adı Söyüş idi...” – Ad seçərkən daha nələrə diqqət etməliyik?

“Bir qadının sənədini göndərmişdilər, adı Söyüş idi...” – Ad seçərkən daha nələrə diqqət etməliyik?
Ötən gün Ədliyyə Nazirliyi il ərzində uşaqlara ən çox qoyulan adları açıqladı. Demək olar ki, ötən illərlə müqayisədə dəyişən nəsə yoxdur. Yenə ilk beşlikdə Zəhra, Fatimə, Məhəmməd, Yusif kimi ərəb mənşəli adlar qərarlaşıb. Görünən odur ki, böyük əksəriyyət hələ də standartlardan kənara çıxmır. Bunun da nəticəsidir ki, bəzən siniflərdə Fatimə, Məhəmməd, Yusif adlı 4-5 uşaq olur.
 
Bəs, bu tendensiyanı necə dəyişmək olar? Lüğətimizə yeni adlar nə üçün daxil olmur?

Məsələ ilə bağlı Sfera.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu türk mənşəli adların qoyulması üçün kampaniyaların başlamasının lazım olduğunu bildirib:

"Adların statistikasına baxanda görürük ki, onların çoxu insanlarımızın İslam dininə olan etiqadından irəli gəlir. Cəfər Cabbarlı hələ öz dövründə çalışırdı ki, türk əsilli adlar çox olsun. Türk tərkibli adların qoyulması üçün müəyyən mənada işlər görülməli, kampaniyalar aparılmalıdır. Bu istiqamətdə təbliğati işlər yetərincə olmadığından insanlar da standartlardan kənara çıxmaq istəmir. Bəzən də elə olur ki, ümumiyyətlə insanın İslam dini ilə əlaqəsi yoxdur, ateistdir, amma uşağına Zəhra, Fatimə adını qoyur. Bu da onun nənəsinin yaxud anasının adının belə olması ilə bağlı olan məsələdir".
 
 
"Bir qadının vəsiqəsi mənə göndərilmişdi, adı Söyüş idi..."
 
Ekspert xüsusilə qız uşaqlarına mənasız adların qoyulduğunu deyib: "Bəzən qız uşağına Kəsirə adı qoyurlar. Uşaq nəyi kəsir axı? Yaxud da Qızqayıt, Qızbəsdi və s. Bu adları qoymaq nə uşağa, nə də ətrafdakılara yaxşı təsir edir. Bu yaxınlarda bir vəsiqə çıxdı qarşıma. Qadının adı vəsiqədə Söyüş olaraq qeyd olunmuşdu. 54 yaşlı qadın bu yaşadək adını dəyişdirmək istəməmişdi. İnsanlar bəzən bu kimi məsuliyyətsizliklər edirlər. Uşaqlarımıza elə ad qoyaq ki, onun mənası uşağı hansısa yaxşı fəaliyyətə, uğura səsləsin".

Sosioloqun sözlərinə görə, adın hansı hərflə başlamasının belə elmi əsaslarla insan üzərində təsiri var:

"Uşağa ad vermək sadə məsələ deyil, bu insanın taleyində mühüm rol oynayır. Valideynin birinci borcu övladına gözəl ad qoymaqdır. İnsan öz adına köklənir. Bəzi adlar var ki, doğurdan da insana ağırlıq gətirir. Bu elmdə də təhlil olunub. Hətta hərflərin insan üzərində təsirləri mövcuddur. Bu baxımdan elmi əsaslarla təbliğat aparılsa daha yaxşı olar".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR