“Hər yerdə pul saxlayırdı, dolablarda, qab-qacağın içində...” – Qızı və mühafizəçisi Stalini belə xatırlayır
Gündəm
14:19 / 24.11.2021
1266
70 il ərzində
sovet ideologiyasının rəsmi təbliğatına görə SSRİ vətəndaşları
bərabər hüquqa malik olublar, yəni sıravi vətəndaşdan tutmuş dövlət məmurlarına,
siyasi birincilərə qədər hamı bərabər olub. Bəli, milyonlarla insan
istehsal müəssisələrində, zavod və fabriklərdə, təhsil, mədəniyyət, səhiyyə
ocaqlarında işləyərək zəhmətləri ilə qazandıqları halal pulla sosial
rifahlarını normallaşdırıblar.
Bəs kommunist
rejiminin rəhbərləri necə? Əmək haqqı cədvəlindəki məbləğlər
onların zəngin həyatına bəs edibmi?
Sfera.az sovet liderlərinin, SSRİ-nin yüksək ranqlı
dövlət məmurlarının xərclərindən, xərclədikləri pullardan bəhs edən silsilə
yazıları təqdim etməyə başlayır. İlk yazıda SSRİ-yə 30 il rəhbərlik etmiş İosif Stalinin xərclərindən
bəhs edəcəyik.
Qeyd edək ki, Stalin hakimiyyətə gələndə onun maaşı
225 rubl olub. Bu məbləğ 1935-ci ildə 500 rubla qaldırılıb. Daha sonra ölkəni
idarə etməyinə görə Stalin maaş cədvəlində 1200 rubla qol çəkib.
Uzun illər Stalin sadə həyat tərzi sürən lider kimi
təqdim olunub. Əslində isə sovet lideri kifayət qədər zəngin həyat tərzi sürüb.
Belə ki, avropalı həmkarlarından heç də fərqlənməyən Stalin ən bahalı
maşınlarda gəzib, Kremldə səkkiz otaqlı mənzilə sahib olub. Onun üçün Moskvada
və SSRİ-nin ən səfalı yerlərində 21 bağ evi tikilib.
Məlum olduğu kimi, Stalin həftədə ən azı iki-üç dəfə
yaşadığı bağ evində silahdaşları üçün ziyafət təşkil edib. Həmin ziyafətlərdə
süfrəyə düzülən təamlar və içkilər sıravi vətəndaşlar üçün əlçatmaz sayılıb. Təbii
ki, bu süfrələr maaş hesabına təşkil edilməyib.
Ümumiyyətlə, Stalinin bütün xərcləri dövlət
hesabına qarşılanıb. Ərzaq, geyim, yanacaq, mənzil və bağ evində təmir işləri,
tibbi xidmət və digər xərcləri dövlət ödəyib. Əslində, bu qanuna uyğun olub. Mərkəzi
Komitənin İşlər İdarəsində dövlət başçısının xərcləri üçün müəyyən olunmuş vəsait
ayrılıb. Qanuna uyğun olmayan o olub ki, Stalinə qanuni ayrılmış puldan 10-15 dəfə
artıq pul xərclənib. Əlavə xərclənən pullar isə kiminsə ayağına yazılıb.
İstər Moskvada olanda, istərsə də səfərlərə çıxanda Stalin
heç vaxt cibində pul gəzdirməyib. Daha doğrusu buna ehtiyac olmayıb. Qəfil pul
lazım olanda isə mühafizəçilərindən götürüb. Təbii ki, qaytarmaq şərtilə. Bu
haqda mühafizəçisi Aleksey Rıbin xatirələrində də yazıb:
"Stalinin üstündə
heç vaxt pul olmazdı. Təcili pul lazım olduqda isə bizdən götürərdi. Belə hadisələr
əsasən səfərlərdə olurdu. Yaxşı xatırlayıram, Soçidə olarkən Stalin parkın
yanında maşını saxlatdırıb düşdü. Onu görcək ətrafdakılar başına yığışdı.
Uşaqlar daha çox idi. Stalin Vlasikə (mühafizə rəisi) göstəriş verdi ki,
uşaqları konfetə qonaq etsin. Yaxınlıqda şirniyyat köşkü var idi. Satıcısı da
gürcü idi. Vlasik həmin köşkdən iki iri qutu konfet gətirib uşaqlara payladı. Bir
azdan biz geri döndük. Axşamüstü Stalin Vlasikdən soruşdu:
- Sən
o satıcının pulunu ödədinmi?
- Xeyr,
yoldaş Stalin, imkan tapa bilmədim.
- Təcili
get, satıcı ilə hesablaş.
Cibində pul gəzdirməsə
də, Stalinin bağında həmişə böyük məbləğlər olub. Qızı Svetlana Alliluyeva öz
xatirələrində bu haqda yazıb:
"Atamın yaşadığı
bağda bütün dolablarda, yazı masasının siyirtmələrində, hətta qab-qacaq
servantında da içində pul olan zərflər olurdu. Atamın o pulların məbləğindən xəbəri
olmurdu və heç vaxt həmin pullardan götürüb cibinə qoymurdu. Ümumiyyətlə, atamın
pula münasibəti fərqli idi. Mən Jdanovlar ailəsindən ayrıldıqdan sonra atam mənə
qarşı çox qəzəbli idi. Bir dəfə əsəbi vaxtında mənə dedi ki, havayı və hər
şeyin hazırına yaşayırsan. Amma sonra biləndə ki, yeməkxanadan gətizdiriyim yeməklərin
pulunu ödəyirəm, bir az sakitləşdi. O, mənim Kremldəki mənzildə yaşamağımı istəmirdi.
Nəhayət, bir gün bu məsələni də həll etdik. Mənə şəhərdə ev verdilər. Mən
azadlıq, insanlarla ünsiyyət haqqı qazandım. Kremldə bu mümkün deyildi. Köçəndə
mənə dedi ki, belə daha yaxşıdır, ində sən nə dövlət maşınından, nə dövlət
evindən, nə də dövlət bağından istifadə edəcəksən. Biz az-az görüşürdük. Görüşəndə
mənə pul verirdi. Amma atam, xüsusilə 1947-ci ildəki pul islahatından sonra
qiymətləri çox da ayrıd etmirdi. Onun yaddaşında inqilabdan əvvəlki pullar daha
çox qalmışdı. 100 rubl, bu onun üçün ən böyük pul idi. Bir dəfə 3-4 min rubl
verdi mənə, elə düşünürdü ki, bu milyon deməkdir. Hər şeyi köhnə pulla
hesablayırdı...”
Sadə həyat tərzi
ilə "fərqlənən” Stalin qızına və hər iki oğluna Moskvanın mərkəzində, ən prestijli binalarda mənzillər
verib, onlar xarici maşınlarda gəziblər. Elm və mədəniyyət xadimləri, ölkədə
böyük xidməti olanlar mənzil şəraitindən əziyyət çəkdikləri bir vaxtda sovet
lideri ailə üzvlərini daha üstün sayıb.
Stalin haqqında
yaradılan miflərdən biri də onun vəfatından sonra bağ evindən çıxan əşyalarla
bağlı olub. Belə ki, sovet lideri vəfat edəndən sonra bağ evindəki əşyalar rəsmiləşdirilib:
6 kitel, 10 şalvar, 4 şinel, 4 furajka (hərbi baş geyimi), 900 rubl saxlanılan əmanət
kitabçası.
İlham Cəmiloğlu
Sfera.az