\"Fransa səfiri deport olunmalıdır” - Politoloq
12:14 / 27.07.2021
540
"ABŞ, Fransa və Rusiyanın ölkəmizdəki səfirləri XİN-ə çağırılmalı, onlara azı xəbərdarlıq olunmalı, nota təqdim edilməlidir. Amma Fransanın Bakıdakı səfiri ümumiyyətlə deport olunmalıdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ-ın Ermənistandakı səfirinin Kəlbəcərlə sərhəd zonasına, ondan bir müddət əvvəl isə Rusiyanın həmin ölkədəki səfirinin Zəngəzurda sərhəd məntəqəsinə səfərlər etməsinə münasibət bildirərkən, politoloq Cümşüd Nuriyev deyib:
"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Ermənistanda və Azərbaycandakı səfirləri beynəlxalq hüququ kənara qoymaqla ancaq dövlətlərindən aldıqları tapşırıqları icra edirlər”.
C.Nuriyev bildirdi ki, ABŞ, Fransa və Rusiyanın İrəvandakı səfirləri özlərini sanki Ermənistan siyasətçiləri kimi aparırlar:
"Həmin səfirlərin sərhəddə görünməsini Azərbaycan Müdafiə Nazirliyi təbii ki, qeyd edib. Amma bu məsələyə Müdafiə Nazirliyi deyil, Xarici İşlər Nazirliyi bəyanat verməlidir. Lakin onların nədənsə səsi çıxmır. Fransanın Azərbaycandakı səfiri həyasızcasına Qarabağdakı ermənilərə status verilməsini istəyib.
Azərbaycan Prezidenti iyulun 22-də Daşkəsəndə çıxışında dedi ki, status məsələsi həmin dediyi yerdədir. Yəni cəhənnəmə gedib, orada yanır. Əbədi olaraq yanacaq”.
Politoloq qeyd etdi ki, sözügedən 3 ölkənin İrəvandakı səfirlərinin sərhədə etdikləri bu səfərlər son dövrlər baş verən gərgin prosesləri təhlil edib, fəaliyyətlərini ona uyğun qurmağa hesablanmış addımdır:
"Hazırda ABŞ Ermənistanı Rusiyanın, Moskva isə Vaşinqtonun cəngindən qoparmaq istəyir. Minsk qrupu həmsədr ölkələrinin Ermənistandakı səfirləri ölkələrinə məlumat vermək üçün son baş verən atəşkəsin pozulması hadisələrini yerindəcə dəqiqləşdirməkdən ötrü sərhəd zonasına baş çəkirlər. Həmin məlumatlar bu ölkələrdə analitiklər tərəfindən təhlil olunaraq, sonda həmin səfirlərin növbəti fəaliyyəti üçün siyasi reseptlər hazırlanacaq”.
Rüfət SULTAN
Sfera.az