\"Ermənistandakı növbədənkənar parlament seçkiləri öküz döyüşlərini xatırladır\" - ŞƏRH

\
"Sanki Paşinyan və Köçəryan seçkilərdə qalib gəlmək üçün  yox, bir-birini məhv etmək uğrunda mübarizə aparırlar. Bu, onların bir-birini parçalaması üçün əllərinə düşmüş fürsətdir”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, diqqətlə fikir verdikdə, Ermənistandakı növbədənkənar parlament seçkiləri İspaniya, Meksika, Kolumbiya, Ekvador, Venesuela, Peru və digər bu kimi ölkələrdə təşkil olunan öküz döyüşlərini xatırladır:

"Seçkini ağır hərbi məğlubiyyət və Qarabağ cəbhəsində yaranan yeni status-kvonun meydana çıxardığı böhranı aradan qaldırmaq cəhdi kimi də qiymətləndirmək olar. Məğlubiyyətdən dərhal sonra ölkədə başlayan qarşıdurmanı aradan qaldırmaq üçün Paşinyan və onun tərəfdarları son variant kimi seçkiyə getməyə razılıq verdilər. Lakin iqtidar müxalifətin irəli sürdüyü şərtlər daxilində deyil, öz tərtib etdiyi və ona sərf edən qaydalar çərçivəsində seçkini formalaşdırmağa başladı. 

Müxalifətin Baş Nazirin istefasının ardınca bir illik  keçid hökumətinin yaradılması və ondan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi yerinə yetirilmədi. Deməli, qarşıdurmanın aradan qaldırılması üçün müxalifəti qane edən addımlar atılmadı. Paşinyanla ona qarşı dayanan qüvvələr arsındakı qarşıdurma sadəcə donduruldu. Parlament seçkilərindən sonra bu qarşıdurmanın yeni qüvvə ilə alovlanacağı  şübhəsizdir”.

Müsahibimiz qeyd edib ki, qəddar mübarizənin səbəbi həm Paşinyan, həm də Köçəryanın məğlub olduqdan sonra onları nəyin gözlədiyindən xəbərdar olmaqlarıdır:

"Köçəryan yenidən həbsxanaya qayıtmaq, hətta işlədiyi hərbi cinayətlər qarşılığında Azərbaycana təhvil veriləcəyi qorxusundan sakitlik tapmır. Paşinyan isə məğlub olaraq və bunun nəticəsində Baş Nazir kürsüsünü məhkəmə salonundakı onu gözləyən dəmir qəfəslə dəyişmək istəmir. Ona görə də bu iki namizədin arasında "olum ya ölüm” mübarizəsi gedir. Bu mübarizə eyni zamanda seçkidən sonra qaçılması mümkün olmayacaq vətəndaş itaətsizliyi və ya vətəndaş müharibəsinin baş verəcəyindən xəbər verir.

Çoxlarının ümid etdiklərinin əksinə olaraq, növbədənkənar parlament seçkiləri Ermənistanda seçkiyə qədər mövcud olan qarşıdurma və xaosu aradan qaldırmayacaq, əksinə daha da şiddətləndirəcək. ABŞ-ın regionda fəallığının artırılması istiqamətində atdığı addımları da nəzərə alsaq, ermənilərin uzunmüddətli "qara zolağa” düşdüklərini proqnozlaşdırmaq heç də çətin deyil”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR