Göydəniz Qəhrəmanov: “Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri strateji əhəmiyyət kəsb edir”

Göydəniz Qəhrəmanov: “Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri strateji əhəmiyyət kəsb edir”
Kateqoriya məlum deyil17.09.25, 10:12817 👁️
T

“2020-ci ildə Azərbaycanın apardığı və 44 gün davam edən İkinci Qarabağ müharibəsində əldə edilmiş parlaq Qələbə təkcə hərbi sahədə deyil, həmçinin siyasi və mənəvi aspektlərdən də tarixi dönüş nöqtəsi kimi səciyyələndirilir. Bu Zəfərdən üç il sonra, 2023-cü ilin sentyabrında keçirilmiş suverenliyin bərpası əməliyyatı nəticəsində torpaqlarımızda separatizmin qalıqları da tamamilə məhv edildi. Beləliklə, 30 ilə yaxın davam edən işğala son qoyuldu və Azərbaycan suverenliyini bütün Qarabağ və Şərqi Zəngəzur ərazisində tam bərpa etdi. Bu prosesin əsas siyasi memarı kimi cənab Prezident İlham Əliyevin liderliyi və qətiyyəti xalq tərəfindən yüksək qiymətləndirilir. Hərbi zəfər Azərbaycanın beynəlxalq nüfuzunu dahada artırdı və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı.”

 

Bu fikirləri mətbuata verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.

 

Daha sonra deputat cənab Prezident İlham Əliyevin Qarabağa səfərlərinin həm də dövlət suverenliyimizin dünyaya bir nümayişi olduğunu bildirib: “Möhtərəm dövlət başçımızın işğaldan azad edilmiş ərazilərə ardıcıl və sistemli səfərləri əlbəttə ki, ilk növbədə hələ də anti-Azərbaycan əhval-ruhiyyəsində qalmaqda davam edən bəzi Qərb dövlətlərinə ünvanlanmış ciddi siyasi mesajdır – bu torpaqların əzəli və əbədi sahibi Azərbaycandır. Digər tərəfdən isə bu səfərlər, həm də ölkə başçısının “Biz Qarabağı dirçəldəcəyik” vədinin əməli təsdiqidir. 2025-ci ilin 19 iyul tarixində Şuşada keçirilən III Qlobal Media Forumu çərçivəsində cənab Prezidentin forum iştirakçıları ilə görüşü zamanı verdiyi mesajlar regional sabitlik, sülh və inkişaf çağırışlarının bariz nümunəsi idi. 14 sentyabr 2025-ci ildə Xankəndidə Qarabağ Universitetinin Klinikası və Tibb və sağlamlıq elmləri fakültəsinin açılışında iştirak isə Azərbaycanın elm və təhsil infrastrukturunu bu bölgədə bərpa etməkdə nə qədər israrlı olduğunu sübut etdi.”

 

Sonda G.Qəhrəmanov işğaldan azad olunmuş ərazilərdə təsis edilmiş şəhər günlərinin dövlətçiliyin daha bir siyasi rəmzi və eyni zamanda da xalqın qan yaddaşına yazılan yeni, şanlı bir səhifə olduğunu qeyd edib: “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün məhz 20 sentyabr tarixində təsis edilməsi əlbəttə ki, təsadüfi deyil. Bu qərar, iki il öncə uğurla həyata keçirilmiş əməliyyatın nəticəsi olaraq Azərbaycanın suverenliyinin tam bərpasının rəmzi olaraq qəbul edilir. Ümumiyyətlə, azad olunmuş ərazilərdə təsis edilmiş şəhər günləri, təkcə tarixi və mədəni yaddaşın qorunması deyil, həm də milli həmrəyliyin dahada möhkəmləndirilməsi baxımından böyük siyasi əhəmiyyət daşıyır. Hər il qeyd ediləcək bu gün, gələcək nəsillərə ərazi bütövlüyü və suverenlik dəyərlərini aşılamaqla yanaşı, regionun inkişafına töhfə verəcək mühüm tədbirlərin keçirilməsi üçün də unikal platforma olacaq” – deyə, millət vəkili fikirlərini tamamlayıb.

PAYLAŞ
Sehliyali
Yüklənir...