Mövsüm dəyişikliyi yalnız təbiətdə deyil, insanların daxili aləmində də müəyyən dəyişikliklərə səbəb olur. Havanın soyuması və gün işığının azalması bəzən insanlarda yorğunluq, halsızlıq və əhval dəyişikliyi yarada bilir. Eləcə də, yaz fəslində artan günəş işığı daha çox pozitiv emosiyalara gətirib çıxarır.
Sfera.az-a açıqlama verən psixoloq Gövhər Məmmədova bildirib ki, mövsüm dəyişikliyi insanın daxili dünyasında da müəyyən təsirlərə səbəb olur ki, bu da birbaşa psixoloji vəziyyətimizə sirayət edir:
“Yaz fəslinin gəlişi ilə əhval-ruhiyyənin yüksəlməsi gözlənsə də, ani gün işığına məruz qalmaq bəzən baş ağrısı, yorğunluq kimi hallara gətirib çıxara bilər. Zaman keçdikcə orqanizm bu dəyişikliklərə uyğunlaşır".
Psixoloq eyni vəziyyətin payız aylarında da müşahidə olunduğunu qeyd edib.
Onun sözlərinə görə, alışdığımız günəş işıqlarını daha az gördükdə hormonlarımız fərqli fəsilə uyğunlaşmağa çalışır və bu dövrdə halsızlıq, yuxusuzluq, yorğunluq kimi hallar baş verə bilər:
“Havaların soyuması və günlərin qısalması isə yuxu sisteminə əlavə təsir göstərir. Bunun qarşısını almaq üçün evdə qapalı qalmaq əvəzinə açıq havada vaxt keçirmək, idmanla məşğul olmaq və yuxu rejimini nizamlı saxlamaq tövsiyə olunur”.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində aparılan sorğular insanların fəsillərə münasibətini ortaya qoyub. Ən çox sevilən fəsil payız olub. Respondentlərin təxminən 39-41 faizi payızı sevdiyini bildirib. Ən az sevilən fəsil isə cəmi 10-11 faiz qış olub.
Bəzi ərazilərdə isə insanların daha çox yay fəslini üstün tutduğunu göstərib.
Mütəxəssislər bildirirlər ki, insanların fəsillərə olan sevgisi əsasən iqlim şəraiti, yaşadıqları regionun xüsusiyyətləri və şəxsi emosional bağlılıqla izah olunur. Payız yarpaqlarının rəngarəngliyi, baharın yenilənmə hissi və yayda açıq havada vaxt keçirmək imkanı seçimlərdə mühüm rol oynayır.
Fidan Hacızadə
Sfera.az