“Əlində bel və süpürgə olan işçiləri küçələrə tökməklə...” – Hanı texnikalar, hanı önləyici tədbirlər?
15:05 / 24.02.2021
2723
"Nə yaxşı ki, Bakıda qarlı havalar çox olmur. Yoxsa ,Bakı
qısa müddətdə bərbad vəziyyətə düşər. Necə ki bu gün şəhər bir neçə saat ərzində
qara təslim oldu. Bəziləri deyir ki, Bakıya qar yaraşmır. Bakıya qar yaraşır,
paytaxtımıza yaraşmayan səriştəsiz məmurlardır”.
Bu sözləri Sfera.az-a açıqlamasında yol nəqliyyatı
eksperti Elməddinn Muradlı deyib. O bildirib ki, bir neçə gün əvvəl müxtəlif
texnikalar nümayiş etdirirlər, bəyanatlar verirlər, amma nəticəyə gələndə sözlə
əməl üst-üstə düşmür:
"Dünən gecədən şaxta və qar artıq nə qədər insana
maddi-mənəvi zərər vurub. Xəsarət alanlar, ölənlər, neçə min manatlıq ziyana
düşən insanlar var. Avtomobillər yollarda sürüşüb, kütləvi qəzalar baş verib.
Bütün bunlar onu göstərir ki, müvafiq qurumlar qışa hazır deyil. Nəticədə isə insanlar
əziyyət çəkir. Bu sahədə çox ciddi işlər görülməlidir. Dövlət tərəfindən
qurumların fəaliyyətinə , maddi-texniki bazasının genişlənməsinə hər il nə qədər
vəsait ayrılsa da, yenə də işlər köhnə qaydada davam edir. Təxminən 5 ildir,
Bakıya bu formada qar yağmırdı. Bu illər ərzində inkişaf etmək əvəzinə, gerilələmə
müşahidə edilir”.
Ekspert təəssüflə qeyd edib ki, qurumlar
açıqlamalarında əsas küçə və yolların təmizləndiyini bildirirlər:
"Lakin əsas küçə və yollarda işlərə dünən gecədən
deyil, səhərdən başlayıblar. Digər tərəfdən əsas yolları başa düşdük, bəs başqa
yollar? Həmin yollarda hərəkət edənlər insan deyil? Bu nə yanaşmadır, bu nə
biabırçılıqdır. Niyə əvvəldən hazırlıq görülmür? Əslində Ekologiya və Təbii Sərvətlər
nazirliyi əvvəlcədən xəbərdarlıq etmişdi ki, hava dəyişəcək, şaxta olacaq. Bunu
nəzərə almayıblar, hazırlıq işləri görülməyib. Düşünürəm ki, qurumlarla bağlı
ciddi ölçü götürülməlidir və şəhər təsərrüfatına cavabdeh qurumlar suallara
aydınlıq gətirməlidir. Şablon cümlələrlə deyil, konkret faktlarla.
Niyə hər dəfə qar-yağış yağanda, şaxta olanda biz bu
vəziyyətə düşürük? Yol təsərrüfatındakı çatışmazlıqlar, texnikaların kifayət qədər
olmaması ucbatından hələ də kommunal təsərrüfat birliyinin əməkdaşlarının
şaxtalı havalarda küçələrə tökülüb əllərində bellə, süpürgə ilə yol təmizləməsinin
şahidi oluruq. Bütün bunlar geridəqalmışlıqdır ki, bunu artıq dünyanın inkişaf
etmiş ölkələri çoxdan keçiblər. Bir balaca qar düşən kimi bütün texnikalar küçədə
olmalı, işləməlidir. Bunun öhdəsindən gələ bilmirlərsə, açıq desinlər, bunu
hansısa özəl quruma həvalə edək. Belə formal yanaşmalara son qoymaq lazımdır”.
Sfera.az