ƏDV-nin bir hissəsi geri necə qaytarılacaq? – ŞƏRH

ƏDV-nin bir hissəsi geri necə qaytarılacaq? – ŞƏRH

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin qaytarılması Qaydasının tətbiqinə başlanılıb. Yeni qaydalara görə ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçı şəxsiyyəti təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə edvgerial.az saytında qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı istehlakçı üçün elektron kabinet yaradılır. İstehlakçının mobil telefonuna və ya elektron poçt ünvanına qeydiyyatın təsdiqi barədə məlumat göndərilir. O, alış-veriş, qida və s. xidmət zamanı əldə etdiyi çekin məlumatlarını online yerləşdirir. Sonda hesablanmış məbləğ istehlakçının bank kartına köçürülür.


Sfera.az xatırladır ki, Azərbaycanda fiziki şəxslər tərəfindən ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün 2019-cu ilin yanvarın 1-də Vergi Məcələsinə 165.5 maddəsi əlavə edilib. Bu təcrübədən ölkəmizdə ilk dəfədir ki, istifadə edilir və onun tətbiqində məqsəd pərakəndə ticarət və ictimai iaşə dövriyyəsinə nəzarəti artırmaq, burada şəffaflığı təmin etməkdir. Yeni qaydaya əsasən, fəaliyyəti şəffaf olan sahələrdə ƏDV-nin geri qaytarılması sistemi tətbiq edilmir. Məsələn, aptek, yanacaqdoldurma məntəqələrində həyata keçirilən ödəniş zamanı hesablanan ƏDV geri qaytarılmayacaq. Yalnız ictimai iaşə müəssisələrində, supermarketlərdə və ƏDV ödəyicisi olan digər ticarət obyektlərində hesablanan ƏDV geri qaytarılacaq.

 

Dövlət əhalini stimullaşdırır ki, ödədiyiniz pulun müqabilində çek alın və daha sonra onu bizə təqdim edin, biz isə xərclərinizin bir hissəsini geri qaytaraq. Bunun mümkün olması üçün ilk növbədə ticarət müəssisəsinin və ya xidmət obyektinin ƏDV ödəyicisi olması lazımdır. Əgər obyekt ƏDV ödəyicisidirsə, burada ödəniş edən istehlakçı kassa aparatından çıxan çek tələb etməlidir.

 

Kiçik mağaza və kiçik iaşə sektoru ƏDV ödəyicisi deyilsə, bu vəziyyətdə onların verdiyi çeklərdən istifadə etmək mümkün deyil.


Vergi Məcəlləsinə xeyli müddət öncə xüsusi maddənin əlavə edilməsinə baxmayaraq ƏDV-nin geri qaytarılmasına yeni başlanılması sistemin texniki təminatının və mexanizminin hazır olmaması ilə bağlı idi. Artıq qaydalar hazırdır və sistem işə salınıb. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilən ƏDV-nin 15 faizini, nağd qaydada ödənilən ƏDV-nin 10 faizini təşkil edir. İstehlakçı alacağı pulu hesablamaq üçün alış-veriş və ya xidmətə görə ödənilən çeklərdə olan məbləğləri toplayaraq nağd ödənişlərdə vəsaiti 118-ə bölünərək 10-a vurmaqla, nağdsız ödənişlərdə isə 118-ə bölərək 15-ə vurmaqla müəyyən edə bilər.


Artıq bir neçə gündür ki, ƏDV-nin geri qaytarılması sistemi tətbiq olunur. Amma bəzi satış mərkəzlərində verilən kassa çeklərində fiskal İD nömrələrinin olmadığı üzə çıxıb. Bəzilərində isə bu məlumatlar bazaya daxil edilmir. Fiskal İD nömrəsinin olmaması və məlumatların bazaya daxil edilməməsi istehlakçının ödədiyi ƏDV-nin bir hissəsini geri almasını qeyri-mümkün edir.

 

Çekin etibarlı olması üçün onun Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən formaya uyğun gəlməsi, eyni zamanda vergilər departamentinin onlayn sisteminə qoşulan xüsusi kassa aparatlarının və POS-terminalların olması vacibdir. Çek ciddi maliyyə sənədidir, onun forması Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və orada müəssisə haqqında, ödənilən məbləğ, ƏDV məbləği haqqında məlumat olur. Buna görə də bu məsələdə istehlakçının diqqətli olması vacibdir. Çünki bəzi hallarda istehlakçıya kassadan çıxan çek yox, sadəcə olaraq kompüterin yaddaşında olan məlumatı çıxaran çek verilir. Bu cür çeklər qəbul edilməməlidir, çünki həmin çekləri edvgerial.az saytında yaradılan elektron kabinetdə qeydiyyatdan keçirmək olmur. Eyni zamanda diqqət yetirmək lazımdır ki, kassa aparatı yeni nəsil aparatlardan olsun.

 

Əgər qeyri-nağd şəkildə ödəniş edilərsə POS-terminal olmalıdır. POS-terminaldan ödəniş edilən zaman da çek alınmalıdır. POS-terminallar da yeni nəsil terminallar olmalıdır. Köhnə terminallar sistemə qoşulmur və verilən çek əhəmiyyətsiz olur. İstehlakçılar buna da diqqət yetirməlidir.

 

Doxsan gün ərzində istehlakçı sahib olduğu çekə dair məlumatları saytdakı kabinetində doldura bilər. İlk məlumatın daxil edildiyi tarixdən 30 gün sonra isə ona verilən pulu ala bilər.


Qeyd edilən zəruri çek sənədləri yoxdursa, istehlakçı İqtisadiyyat Nazirliyinin qaynar xəttinə zəng edərək şikayət etməlidir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR