“Ermənistanda qanlı vətəndaş qarşıdurması baş verə bilər” - Politoloq

“Ermənistanda qanlı vətəndaş qarşıdurması baş verə bilər” - Politoloq

"Ermənistanda keçirilən son etiraz aksiyalarından sonra Respublikaçılar Partiyasının mövqeyində dəyişiklik baş verib. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bəyan edib ki, respublikaçılar deputatların 1/3-ü tərəfindən irəli sürülən namizədi dəstəkləyəcək. Respublika Partiyası öz namizədini irəli sürməyəcək. Bunun qarşılığında parlamentdə çoxluq təşkil edən partiya hava limanının, sərhəd-keçid məntəqələrinin və yolların blokadasına son qoyulmasını tələb edir. Vaqram Baqdasaryanın açıqlamasından görünür ki, Sərkisyan, Köçəryan, Nalbəndyan və hərbi-cinayətkar xuntanın digər emissarlarının Moskvaya səfərləri heç bir müsbət nəticə verməyib və Ermənistanın mövcud hakimiyyəti proseslərə nəzarət imkanını əldən verib”.


Politoloq Elçin Mirzəbəyli bu fikirləri Ermənistanda yaşanan hadisələri Musavat.com-a şərh edərkən bildirdi.


Siyasi təhlilçi dedi ki, mayın 1-də parlament çoxluğunun Paşinyanın namizədliyini dəstəkləməməsinin səbəblərindən biri proseslərin soyuması üçün vaxt qazanmaq, digəri isə xarici dəstək almaq niyyəti ilə bağlı ola bilər: "Son iki gün ərzində aksiyaların kütləviliyinin daha da artması və bütün ölkəni əhatə etməsi, polisin və hərbçilərin prosesə müdaxilə etməməsi hakimiyyətin bütün dayaqlarını itirdiyini göstərir. Görünür, hakim klanın nümayəndələri situasiyanın ciddiliyini və dəyişməyəcəyini başa düşüblər və 1/3 məsələsini ortaya atmaqla vəziyyətdən çıxmaq istəyirər. Onsuz da gün kimi aydındır ki, "Çarukyan” və "Çıxış” bloklarının səsi bunun üçün yetərlidir. Bu baxımdan mayın 8-də Paşinyanın baş nazir seçilməsi üçün heç bir maneə yoxdur”.


Amma E.Mirzəbəyli vurğuladı ki, əgər bu zamanadək hakim klan proseslərə təsir etmək imkanı əldə edərsə, o zaman mövqeyini dəyişə bilər: "Çox az da olsa, belə bir ehtimal var. Əgər Paşinyan baş nazir seçilərsə, o zaman seçkilərədək mövcud hakim klanın nümayəndələri onun fiaskoya uğraması və gözdən düşməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəklər. Digər tərəfdən, Paşinyanın özü də seçkilərədək olan dövr ərzində Ermənistanda hər hansı bir müsbət dəyişikliyə nail olmaq ağlında və potensialında deyil. Paşinyanı siyasi liderliyə kütlə gətirib. Kütlə isə vahid mövqeyə sahib deyil. Digər tərəfdən o, özü də bunu başa düşüb. Kütlə küçələrə çıxmaqla siyasi hakimiyyəti yola salmağın mümkünlüyünü anlayıb və o, qısa müddət ərzində küçələrdən yığışmayacaq və Ermənistanın taleyini küçələrdə, meydanlarda həll etməyə çalışacaq. Diqqət yetirin, əvvəllər Ermənistanda baş verən bütün proseslər hakimiyyət ierarxiyasının 1-ci pilləsindəki şəxsin iradəsi və təbii ki, onu idarə edənlərdən aldığı təlimatlar əsasında həyata keçirilirdi. Bu proses dalana dirəndiyi, həmçinin hakimiyyətin formasını dəyişməyin vacibliyi ortaya çıxdığı üçün konstitusiya dəyişdirildi. Sərkisyan bununla siyasi mübarizəni parlament müstəvisinə və özünün müəyyənləşdirdiyi şərtlər altında təmin etmək istəyirdi. Lakin bu istək fiaskoya uğradı və proseslər küçə və meydanlara qayıtdı. İndi bu prosesi küçə və meydanlardan geriyə - parlamentə qaytarmaq olduqca çətindir. Ermənistan kimi iqtisadiyyatı çökmüş, hər tərəfdən özünün yaratdığı düşmənlərlə əhatə olunmuş bir ölkə üçün bu, bəlkə də mümkünsüzdür”.


Bu baxımdan politoloq düşünür ki, Ermənistanda sabitlik hələ uzun müddət bərpa olunmayacaq: "Hətta ən kəskin və qanlı vətəndaş qarşıdurmasının baş verməsi də mümkündür. Sabitliyin bərpa olunması üçün kütlənin özünə inamını, iradəsini qırmaq lazımdır. Kütləyə başa salınmalıdır ki, onun iradəsi ilə formalaşan siyasi hakimiyyət ölkəni idarə etmək gücündə və potensialında ola bilməz. Kənardan idarə olunan və imitasiya edilən bütün inqilabların mahiyyətində bu amil dayanır. Seçkilərəqədərki dövrdə və seçkilər zamanı kütlənin ram edilməsi prosesi baş verə bilər. Bunun elementləri isə sabotaj, xaos, ölkə həyatının bütün sahələrində nəzərə çarpan geriləmə, ictimai təhlükəsizliklə bağlı problemlərin artması, sabitliyin uzun müddət ərzində pozulması, insanların özünü hətta evlərində belə, təhlükəsiz hiss etməmələri və sairdir. Rusiyaya gəldikdə isə, Moskva bu proseslərə açıq şəkildə müdaxilə etməyəcək. Açıq müdaxilədən o zaman danışmaq olardı ki, Ermənistan müstəqil dövlət olsun və Rusiya birbaşa, yaxud emissarları vasitəsilə Ermənistandakı proseslərə təsir göstərmək niyyətinə düşsün. Rusiya Ermənistanın içindədir”.


OXŞAR XƏBƏRLƏR