İran İstanbulda mühüm görüş keçirir

İran ilə İngiltərə, Fransa və Almaniya arasında nüvə proqramına dair danışıqlar İstanbulda davam etdirilir. İkinci dəfə təşkil olunan görüş, İranın İstanbul Baş Konsulluğunda keçirilib.
Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, danışıqlarda İranı xarici işlər nazirinin müavinləri Məcid Tahtrevançi və Kazım Qaribabadi təmsil edir.
Görüş mətbuata qapalı şəraitdə baş tutur.
Tərəflər son olaraq 16 mayda İstanbulda bir araya gəlib, ABŞ-İran arasında davam edən dolayı danışıqlarla paralel təmasların davam etdirilməsi barədə razılığa gəlmişdilər.
Xatırladaq ki, İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında 2015-ci ildə imzalanan sazişlə Tehranın nüvə proqramı məhdudlaşdırılmış, əvəzində beynəlxalq sanksiyalar ləğv edilmişdi. ABŞ 2018-ci ildə sazişdən birtərəfli qaydada çıxaraq İrana qarşı sanksiyaları bərpa etmişdi. Avropa ölkələri bu addımı tənqid etsələr də, Tehranın gözlədiyi əvəzləyici addımları atmamaqda ittiham olunublar.
Buna cavab olaraq İran öhdəliklərini mərhələli şəkildə dayandırıb və yüksək səviyyəli uran zənginləşdirmə fəaliyyətlərinə başlayıb.
İran rəsmiləri Avropa ölkələrinin artıq sazişin iştirakçısı statusunu itirdiyini və “snapback” mexanizmini tətbiq etməyə hüquqi əsaslarının olmadığını bildirirlər.
Bəsti Rəfizadə
Sfera.az