Süni yolla uşaq yaratdılar - DÜNYADA İLK

İngiltərədə genetik xəstəliklərin qarşısını almaq məqsədilə ilk dəfə üç nəfərin DNT-sindən istifadə edilərək sağlam embrionlar yaradılıb.
Sfera.az xəbər verir ki, bu yeni texnika nəticəsində səkkiz körpə-dörd oğlan və dörd qız (onlardan biri eyni əkizdir) dünyaya gəlib. Körpələrin hamısı sağlamdır və genetik xəstəlik əlaməti daşımır. Hazırda bir hamiləlik də davam edir.
Bu proseduru keçən qadınlarda mitoxondriya mutasiyası olduğundan, onların övladlarında ölümcül xəstəlik riski yüksək idi. Yeni üsul isə bu mutasiyaların ötürülməsinin qarşısını alır.
Mitoxondriya xəstəlikləri adətən erkən yaşda özünü göstərir və uşaqlarda inkişaf geriliyi, fiziki məhdudiyyət və erkən ölümə səbəb ola bilər. Hər 5000 körpədən biri bu xəstəliklə doğulur.
İngiltərə bu texnologiyanı qanuniləşdirən ilk ölkə olub. 20 ildən artıq bu sahədə çalışan professor Doug Turnbull nəticələri “böyük bir rahatlama” adlandırıb.
Elmi araşdırmalara görə, körpələrdə xəstəliyə səbəb ola biləcək qüsurlu mitoxondriyalar ya aşkarlanmayıb, ya da çox aşağı səviyyədə olub. Mütəxəssislər bu üsulun gələcəkdə daha da təkmilləşdirilə biləcəyini bildirirlər.
Qeyd edək ki, mitoxondriyalar hüceyrənin nəfəs alması və yaşaması üçün vacib olan enerjini istehsal edən kiçik fabriklərdir. Onlar olmasa, bədənimizin hüceyrələri yaşaya bilməz.
Fidan Hacızadə
Sfera.az