"ChatGPT" onları işdən çıxarıb...

İşəgötürənlər işçilərin taleyini getdikcə daha çox süni intellektə həvalə edirlər.
Sfera.az xəbər verir ki, “ResumeBuilder.com”un apardığı sorğuya görə, 1342 menecerdən 60 faizi mühüm insan resursları qərarlarında süni intellektin növü olan - “LLM” modelindən istifadə etdiyini etiraf edib.
Sorğuda iştirak edən menecerlərin 78 faizi maaş artımı, 77 faizi isə yüksəliş qərarlarında süni intellektdən yararlandığını bildirib. Ən diqqətçəkən məqam isə işdən çıxarılmalarla bağlıdır. Menecerlərin 66 faizi kimin işdən çıxarılmasına qərar verərkən “ChatGPT”kimi “AI” alətlərinə müraciət etdiklərini deyib. Hətta hər 5 menecerdən 1-i bu qərarları tamamilə süni intellektə həvalə etdiyini, yəni insan müdaxiləsi olmadan son sözü “AI”nin dediyini bildirib.
Lakin mütəxəssislər bu tendensiyanın təhlükəli tərəflərinə diqqət çəkirlər. Süni intellekt bəzən istifadəçinin mövqeyinə yaltaqlanaraq onun qərəzlərini gücləndirə bilər. Məsələn, menecer işçini işdən çıxarmağa bəhanə axtarırsa, “AI” həmin qərəzi təsdiqləyərək səhv qərarlara yol aça bilər. Üstəlik, bu modellərin “halüsinasiyalar” adlandırılan uydurma cavablar yaratmaq meyli riski daha da artırır.
Fidan Hacızadə
Sfera.az