İrandan MAQATE-yə CAVAB

Təhlükəsiz və toxunulmaz məkanda yerləşən yeni nüvə obyektinin tam tikildiyi və uranın zənginləşdirilməsinə yaxın vaxtlarda başlanılacağı bildirilib.
Sfera.az Mehr agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın vitse-prezidenti və İran Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami verdiyi açıqlamada danışıb.
Onun sözlərinə görə, sentrifuqaların quraşdırılması başa çatdıqdan sonra zənginləşdirmə prosesi dərhal işə salınacaq. Eslami bu addımı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) Rəhbərlər Şurası tərəfindən İran əleyhinə qəbul edilmiş qətnaməyə cavab kimi təqdim edib.
Qeyd olunan qətnamədə İranın son 20 ildə ilk dəfə nüvə silahlarının yayılmaması üzrə öhdəliklərini pozduğu vurğulanır. Sənəd ABŞ və Avropa üçlüyü – Almaniya, Böyük Britaniya və Fransa tərəfindən təklif edilib. İranlı rəsmilər bu qərarı siyasi təzyiq vasitəsi kimi qiymətləndirərək, Qərbin nüvə razılaşması çərçivəsində öz öhdəliklərinə əməl etmədiyini bildirirlər.
Eslami əlavə edib ki, yeni nüvə obyektinin işə salınması ABŞ və Avropa ölkələrinin, xüsusilə də İsrailin təzyiqlərinə qarşı atılmış cavab addımıdır.
Atom Enerjisi Təşkilatının sözçüsü Behrouz Kamalvəndi də qətnaməni sərt şəkildə tənqid edərək onu “Qərbin strateji səhv hesablaması” adlandırıb.
“Onlar düşünürlər ki, siyasi təzyiqlərlə İranı haqlı mövqeyindən çəkindirmək mümkündür. Ancaq biz əvvəldən xəbərdarlıq etmişdik ki, bu cür qərarlara uyğun cavab veriləcək”, – deyə o bildirib.
Cavab tədbirləri çərçivəsində İran uranın zənginləşdirilməsi üzrə üçüncü obyektin işə salınacağını, Fordo nüvə obyektində isə birinci nəsil sentrifuqaların altıncı nəsil qabaqcıl maşınlarla əvəzlənəcəyini açıqlayıb. Kamalvəndinin sözlərinə görə, bu dəyişiklik zənginləşdirmə prosesinin həm həcm, həm də səmərəlilik baxımından əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Tehranın bu addımları beynəlxalq miqyasda yeni gərginlik dalğasına səbəb ola bilər. İran isə Qərbin təzyiqləri qarşısında nüvə proqramını daha da gücləndirmək niyyətində olduğunu açıq şəkildə ortaya qoyur.
Fidan Hacızadə
Sfera.az