Ulduzda su izləri tapıldı

“Johns Hopkins” Universitetinin rəhbərlik etdiyi araşdırma nəticəsində NASA-nın Ceyms Vebb Kosmik Teleskopu(JWST) Yerdən 155 işıq ili uzaqlıqda yerləşən “HD 181327” adlı gənc ulduz sisteminin ətrafında su buzu izlərini müəyyən edib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, 23 milyon yaşlı bu ulduz sistemi Günəş sistemimizin çox erkən dövrlərindəki halına bənzədiyi üçün tədqiqatçılar tərəfindən “erkən Günəş analoqu” kimi qiymətləndirilir. “HD 181327” hələ planetlərin tam formalaşması mərhələsinə çatmadığı üçün ətrafında sıx toz və qaz diski mövcuddur. Alimlər Ceyms Vebb teleskopunun yaxın infraqırmızı spektroqrafı (NIRSpec) vasitəsilə ulduzun ətrafındakı suyun kimyəvi izlərini aşkar ediblər.
Məlum olub ki, buzun böyük hissəsi sistemin xarici kəmərində cəmlənib və bu sahədəki buz ümumi kütlənin 20 faizindən çoxunu təşkil edir. Bu xüsusiyyətlər Günəş sistemimizin erkən dövründəki buzlu strukturlara bənzəyir. Tədqiqatda qeyd olunur ki, ulduza yaxınlaşdıqca su buzu miqdarı azalır. Diskin orta hissəsində isə demək olar ki, heç bir suya rast gəlinməyib. Bu vəziyyətin ulduzun yaydığı ultrabənövşəyi şüaların bu buzları buxarlandırması ilə bağlı olduğu ehtimal edilir. Araşdırmanın aparıcı müəllifi Çen Şie bildirib ki, belə buzlu strukturlar planetlərin formalaşması üçün vacib rol oynayır: “Su buzu, gələcəkdə əmələ gələcək qayalı planetlərə suyun daşınmasını təmin edə bilər. Bu, həyat üçün əlverişli şəraitin yaranmasında əsas amillərdən biridir”, – deyə o vurğulayıb. Bundan əlavə, “HD 181327” sistemində buzlu hissəciklərin toqquşması nəticəsində kosmosa səpələndiyi müşahidə edilib. Bu isə həmin ulduz sisteminin hələ də aktiv formalaşma mərhələsində olduğunu göstərir.
Fidan Hacızadə
Sfera.az