Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib. 

 

Sfera.az bildirir ki, qəzaya uğrayan “Ferrari F40” İtaliya brendinin Enzo Ferrari rəhbərliyi altında yaradılmış ən son modelidir. 478 at gücünə malik V8 mühərrikli avtomobil 324 km/saat sürət yığmağa qadirdir və dövrünün ən sürətli avtomobili olub. “Ferrari F40” Ştutqart yaxınlığındakı tuneldə qəzaya uğrayıb. 


Bu “Ferrari” Ştutqart ətrafında yerləşən “Mechatronik” dilerində 3 milyon avroya satılıb. Alıcılar avtomobili Boblingen şəhərindəki köhnə avtomobil sərgisində nümayiş etdirmək qərarına gəliblər. 24 yaşlı avtosalon əməkdaşına avtomobili sərgiyə sürməyi tapşırıblar.

 

Boblingenə cəmi 18 km yol getmək lazım olsa da, salon işçisi bu tapşırığın öhdəsindən gələ bilməyib. Sürücü tuneldə idarəetməni itirib və divara çırpılıb.

 

Sürücü xəstəxanaya aparılsa da, ciddi xəsarət almadığı üçün ambulator müalicə üçün evə buraxılıb. Lakin “Ferrari F40” kifayət qədər zərər çəkib. Avtomobilin ön hissəsi zədələnib və bahalı təmirə ehtiyacı var.

 

“Ferrari”nin tezliklə bərpa olunacağına şübhə yoxdur, çünki o, qiymətli kolleksiyaçı modelidir. Avtomobil Enzo Ferrarinin rəhbərliyi altında yaradılmış sonuncu modeldir. Bu kupelərdən cəmi 1311 ədəd, 1987-1992-ci illərdə istehsal olunub.

 

“Ferrari F40” dövrünün ən sürətli avtomobili olub. Onun 2,9 litrlik 478 at güclü tvin-turbo V8 mühərriki ona 100 km/saat sürəti 4,1 saniyəyə yığmağa və maksimal sürəti 324 km/saata çatdırmağa imkan verir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR