Humanitar yardım aparan yük maşınları Qəzzaya daxil oldu - Fələstinlilər narazıdır

Humanitar yardım aparan yük maşınları Qəzzaya daxil oldu - Fələstinlilər narazıdır

Qəzza ilə Misir arasında Rəfah keçid məntəqəsi açılıb.


Humanitar yardım daşıyan 20 yük maşını keçid məntəqəsindən Qəzzaya daxil olub.

Sfera.az bildirir ki, yardım aparan yük maşınlarına Misir və Fələstin qapısı arasındakı əraziyə keçməyə icazə verilib.
Oktyabrın 21-də səhər saatlarında açılan Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına humanitar yardım göndərilib.

“Əl-Cəzirə” kanalının verdiyi məlumatda qeyd edilir ki, yardımın həmçinin yenidən BMT nəqliyyatına yüklənməsi və anbarlara aparılması, oradan Qəzza zolağına paylanması planlaşdırılır.


Dohadakı Həməd Bin Xəlifə Universitetinin Yaxın Şərq üzrə dosenti Mark Ouen Consun sözlərinə görə isə:

“Bu məbləğdə yardım tamamilə əhəmiyyətsizdir”.


"Təxminən 100.000 ton yardım yarım milyon insanın ehtiyaclarını bir həftə təmin etmək üçün kifayət edər. Qəzzada iki milyon insanın olduğunu və bu yardımın yalnız bir hissəsinin keçdiyini nəzərə alsaq, bu kimə bəs edəcək"? - deyə o bildirib.
 

O həmçinin qeyd edib ki, humanitar yardım almaq vacibdir, lakin bunu Qəzzanın qələbəsi kimi qəbul etmək yanlışdır.
Şəhər artıq təchizatını bitirib. 20 yük maşını yardım müəyyən dərəcədə çətinliyin yüngülləşdirilməsini təmin edə biləcək.
 

“Ediot Ahronot” nəşri keçid məntəqəsinin saat 16:00-a qədər fəaliyyət göstərəcəyini bildirib. Lakin hadisə yerində olan CNN müxbirinin sözlərinə görə, humanitar yardım daşıyan 20 yük maşını keçdikdən sonra Rəfah keçid məntəqəsi tezliklə bağlanıb.


Humanitar yardıma nələr daxildir?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qəzzaya humanitar yardım 1200 nəfərə yetəcək dərmanlar və digər tibbi ləvazimatları və 235 yaralıya yerində yardım üçün portativ travma çantalarını əhatə edib. Təchizatlara həmçinin 1500 nəfərlik xroniki xəstəlikləri olan insanlar üçün dərmanlar, 300 min nəfər üçün zəruri dərmanlar və üç aylıq tibbi ləvazimatlar daxildir. ÜST-nin ləvazimatlarında minlərlə insan üçün cərrahi alətlər və avadanlıqlar, dezinfeksiyaedici maddələr, antibiotiklər, su çənləri və çadırlar da var.
 

"ÜST bu vacib ləvazimatların təhlükəsiz keçməsini, xəstəxanalara və səhiyyə müəssisələrinə çatdırılmasını təmin etmək üçün Misir və Fələstin Qızıl Aypara Cəmiyyətləri ilə işləyir" - deyə məlumatda bildirilir.
 

Ümumdünya Səhiyyə Təşkilatı, humanitar yardımların yerli sakinlərin ehtiyaclarını ödəmək ehtimalının az olduğunu bildirib, çünki hərbi əməliyyatlar artmaqda davam edir.
 

Xatırladaq ki, oktyabrın 17-də ABŞ-ın dövlət katibi Antoni Blinken ABŞ və İsrailin Qəzza zolağına digər dövlətlər tərəfindən veriləcək humanitar yardımın çatdırılması üçün birgə plan hazırladığını bildirmişdi. Onun sözlərinə görə, İsrail əsasən HƏMAS terrorçularının humanitar yardımdan istifadə edə biləcəyindən narahatdır.
 

Bundan əlavə, İsrail 1 milyondan çox Qəzzalını evakuasiya etməyə çağırıb.
 

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatı öncəsi insanları şəhəri tərk etməyə çağıran vərəqələr paylayır. BMT belə addımların onsuz da faciəvi vəziyyəti fəlakətə çevirəcəyini bildirib.
 

İsrail ordusu oktyabrın 13-də verdiyi açıqlamada Qəzza zolağının şimal hissəsinin sakinlərinin 24 saat ərzində ərazinin cənub hissəsinə təxliyyə edilməli olduğu barədə xəbərdarlıq edib. İDF yaxın günlərdə Qəzza şəhərində hərbi əməliyyatların aktivləşəcəyini bildirib. BMT bu əmri ləğv etməyə çağırıb. BMT bunu təxminən 1,1 milyon insanın didərgin düşməsinə gətirib çıxaracağı ilə əlaqələndirib. Bu rəqəm, bütün Qəzza zolağı əhalisinin yarısı deməkdir.
 

“Qəzza şəhərinin vətəndaşları, öz təhlükəsizliyiniz və ailələrinizin təhlükəsizliyi üçün cənubu tərk edin və sizdən canlı qalxan kimi istifadə edən HƏMAS terrorçularından uzaqlaşın” - deyə İsrail tərəfi xəbərdarlıq edir.


Eyni zamanda ordu əlavə edib ki, qəzzalılar yalnız növbəti elandan sonra şəhərə qayıda biləcəklər.
 

Təşkilatın nümayəndəsi Stefan Düjarrikin sözlərinə görə, bir milyondan çox insanın didərgin düşməsi dağıdıcı humanitar nəticələrə gətirib çıxaracaq.
 

Müharibə Zonası müşahidəçilərinə görə, İsrail Müdafiə Qüvvələri bununla da bölgədə quru əməliyyatına hazırlaşır, lakin bu qərar İsrailin BMT ilə əlaqələrini dalana dirəyib.
 

İsrailin BMT-dəki səfiri Gilad Erdan beynəlxalq qurumun cavabını biabırçı adlandırıb. O, BMT-ni HƏMAS-ı qınamağa və İsrailin özünümüdafiə hüququnu dəstəkləməyə çağırıb.


Bu arada ölənlərin sayı artmaqda davam edir. Bu günə qədər İsraildə 1300 nəfər ölüb, əksəriyyəti Həmasın həftə sonu hücumlarının qurbanı olub.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR