Dünyada ən böyük yenidənqurma layihəsi Türkiyədə həyata keçiriləcək - ARAŞDIRMA
2023-cü ilin fevralında baş verən fəlakətli zəlzələlərdən sonra Türkiyə dağılmış şəhər və qəsəbələrini yenidən qurmalıdır.
Bəs Türkiyə hökuməti buna nail ola bilərmi?
Sfera.az xəbər verir ki, İngiltərənin “The Telegraph” nəşri bununla bağlı araşdırma aparıb. Həmin araşdırmanı ixtisarlarla təqdim edirik.
Hesablamalara görə, təxminən 70 min kvadrat kilometr ərazini əhatə edən və 11 əyalətdə müşahidə olunan zəlzələlər Türkiyə hökumətinə 103 milyard dollara başa gələcək. Xərcin bu qədər böyük olmasına səbəb zəlzələ nəticəsində minlərlə binanın dağılması və daha 300 min binanın zədələnməsinə görə sökülmə zərurəti ilə bağlıdır. Türkiyədə baş verən zəlzələ miqyasının və dağıdıcılığının böyüklüyünə görə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Avropanın "bir əsrin ən pis təbii fəlakəti" kimi təsvir edilib.
Türkiyənin cənub-şərqini ayağa qaldırmaq üçün lazım olan bərpa və yenidənqurma, müasir Avropa tarixində az sayda rast gəlinib. İkinci Dünya müharibəsi istisna olmaqla yalnız 1986-cı il Çernobıl nüvə qəzasının nəticələrinin aradan qaldırılması bu qədər böyük məbləğdə vəsait tələb edirdi.
Türkiyə hökuməti sadəcə yeni binalar tikməməlidir. Həm də evsiz qalan insanlara qayğı göstərməlidir. Evlərini tərk edən və indi köçkün olan üç milyon insana dəstək vermək lazımdır. Onların yarıdan çoxu qida və suya lazımi çıxışı olmayan sığınacaqlarda yaşayır ki, burada xəstəlik təhlükəsi böyükdür.
Çətinliklər çox böyükdür və Türkiyədə həyatı yenidən qurmaq asan olmayacaq.
Antakya zəlzələdən ən çox ziyan çəkən şəhərdir. Burada yaşayış fondunun təqribən 80 faizi zədələnib, şəhərin tarixi mərkəzində ən azı 1200 bina tamamilə dağılıb.
Zəlzələnin baş verdiyi regionda Antakyada olduğu kimi ağır dağıntılar olan şəhərlər çoxdur. Cənub-şərqdə bir neçə şəhər mərkəzi eyni aqibətlə qarşılaşıb. İlk zəlzələnin episentrinə yaxın olan Nurdağıda qəsəbənin 50 faizi dağılıb, yarım milyonluq Kahramanmaraşda isə 1000-ə yaxın bina yerlə-yeksan olub. Ümumilikdə, zəlzələ zonasında söküləcək binaların sayı 298 448-dir. Hökumətin məlumatına görə, söküntülər zamanı 210 milyon tona qədər dağıntı yaranacaq.
Zəlzələ işsizlik problem də yaradıb. BMT-nin hesabatına görə, zəlzələ zonasında 4 milyon işçi zərər çəkib. Hesabatda əlavə olunur ki, yeni dolanışıq vasitələri olmadan bu şəxslər ayda orta hesabla 230 dollar itirəcəklər. Bunu həll etmək üçün hökumət insanları daimi iş axtararkən müvəqqəti ödənişli işə cəlb etmək üçün bir təşəbbüs irəli sürüb. Türkiyənin cənub-şərqindəki 35 şəhərdə tətbiq olunan bu sxem, işsiz olanlar üçün fabrik işindən tutmuş şəhərin təmizlənməsinə yardıma qədər 10 000 qısamüddətli iş təmin etməyi hədəfləyir. Dövlət və özəl sektorlar arasında əməkdaşlığın başqa bir nümunəsində, Kahramanmaraşın kənarında, podratçı şirkətlərə məcburi köçkün ailələri üçün 2100 müvəqqəti mobil konteyner quraşdırmaq üçün hökumət tərəfindən tapşırıq verilib.
Bu cür yaşayış yerləri köçkünləri çirkli, izdihamlı düşərgələrdən çıxarmaq və təhlükəsiz yerlərə aparmaq üçün sadəcə yarımçıq evdir və təhsilə, işə qayıtmağı asanlaşdırır. Ötən ay hökumət Türkiyənin cənub-şərqində 100 min konteyner quraşdırmağı planlaşdırdığını bildirib.
Hökumətin kütləvi tikinti layihələrini idarə edən Türkiyə Mənzil İnşaatı İdarəsi (TOKİ) yenidənqurma işində əsas ictimai oyunçu olacaq. TOKİ yaxın bir il ərzində 300 000 yeni ev tikməyi hədəfləyir.
Lakin bu müddətdə ağır şəraitdə yaşayan insanların qorunması da vacibdir. Proqnozlara görə yeni mənzillər tikilənə qədər həmin insanların soyuqdan və ya istidən qorunması, təmizlik, çimmək və tualet üçün lazım olan su və kanalizasiya sistemi ilə təmin edilməsi vacibdir. Ötən ay Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) tərəfindən aparılan ərazi qiymətləndirmələri göstərdi ki, yaşayış məntəqələrinin üçdə birindən çoxunda duş yoxdur, 25 faizində isə kifayət qədər içməli su yoxdur. Kahramanmaraşdakı rəsmi yerdəyişmə yerində yaşayan ailələr “The Telegraph”a açıqlamasında düşərgənin 12 000 sakininin özlərini təmizləmək üçün hər gün 1 litr su aldığını bildiriblər.
Artıq zəlzələ regionunda salınan bir çox düşərgədə qaşınma və birə epidemiyası qeydə alınıb. Vəba da təhlükə olaraq qalır; xəstəlik artıq Suriyanın şimal-qərbində alovlanıb. Bununla belə, BMT-nin hesablamaları göstərir ki, zəruri dərman vasitələri bütün köçkünlərin təxminən dörddə birində mövcud deyil. Xüsusən xroniki xəstəliklərə qarşı dərmanlara daha çox ehtiyac yaranıb.
Dərmanlarla təchizatı ilə yanaşı zəlzələ nəticəsində xəsarət alan şəxslərin müəlicəsinə də ehtiyac var. Belə insanların sayı minlərlədir.
Beləliklə, Türkiyə üçün zəlzələnin yaratdığı iqtisadi və hümanitar problemin aradan qaldırılması qarşıdakı aylarda daha ciddi çətinliklər yaradacaq. Türkiyə hökuməti həm böyük məbləğdə vəsait tapmalı, həm də nəticələrin aradan qaldırılması üçün icra işlərini təşkil etməlidir.
Vasif