Məxfi sənədlərlə bağlı DETALLAR:  Zelenskinin xüsusi tapşırığı, gizli göndərilən silahlar...

Məxfi sənədlərlə bağlı DETALLAR:  Zelenskinin xüsusi tapşırığı, gizli göndərilən silahlar...

ABŞ Müdafiə Nazirliyi və kəşfiyyat xidmətlərinə aid məlumatların internetə sızması dünya mediasının gündəmindən düşmür.

 

Sfera.az bildirir ki, sözügedən sənədlərlə bağlı hər gün yeni detallar ortaya çıxır. Materiallarda təkcə Ukraynanın müharibəyə hazırlığı deyil, Misir və Böyük Britaniyanın münaqişədə iştirakı və digər informasiyalar da yer alıb. Məxfi sənədlərin əsas ifşaları isə bunlar olub:

 

Əks-hücum - ABŞ kəşfiyyatı fevral ayında Ukraynanın gözlənilən yaz əks-hücumunun perspektivlərini qoşunların sayı və texnikanın tədarükündəki çatışmazlıqlar səbəbindən aşağı qiymətləndirib. Yalnız xırda döyüşlərdə qazanclar gözlənilib.

 

Hava hücumundan müdafiə - ABŞ kəşfiyyatı Ukraynaya hələ də hava hücumundan müdafiə arsenalının təxminən 90%-ni təmin edən Sovet dövründən qalma zenit-raket komplekslərinin tükənməsi ilə bağlı xəbərdarlıq edib. Ukraynada “SA-11 Gadfly” raketlərinin martın sonunda, S-300 raketlərinin isə may ayında tükənəcəyi və potensial olaraq hava hücumu sahəsində Rusiyaya uduzacağı proqnozlaşdırılıb. Pentaqon raketlərin başqa mənbələrini axtarmağı və onlardan istifadədə daha qənaətcil olmağı tövsiyə edib.

 

Volodimir Zelenski və dronlar – Sənədlərdə həmçinin, Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıyanı yanına çağıraraq Rostov vilayətindəki Rusiya hərbi obyektlərinə hücum etmək üçün dronlardan istifadə etməyi tapşırdığı qeyd olunub.

 

Çin və Ukrayna - Kəşfiyyat hesabatlarından birində Pekinin müəyyən səbəblərdən Rusiyaya yardımını artıra biləcəyi deyilib.

 

Misir və Rusiya - “Washington Post” qəzetinin yazdığına görə, sənədlərdən birində Misir prezidenti Əbdülfəttah əs-Sisinin 40 min raket istehsalının gizli şəkildə Rusiyaya göndərilməsi barədə göstəriş verdiyi bildirilib.  Ağ Ev isə heç bir silah göndərilmədiyini deyib.

 

Böyük Britaniya xüsusi təyinatlıları - Sənədlərdən birində göstərilib ki, Böyük Britaniya bu ilin fevral-mart ayları arasında Ukraynaya 50-yə qədər xüsusi təyinatlı yerləşdirib, bu isə həmin zaman ölkədəki qərb xüsusi təyinatlılarının yarıdan çoxunu təşkil edib. Sözügedən rəqəm müvafiq olaraq 14 və 15 xüsusi təyinatlı yerləşdirdiyi deyilən ABŞ və Fransanın sayından xeyli çoxdur.

 

Macarıstan və ABŞ -  Sənədlərdə göstərilib ki, Macarıstanın baş naziri Viktor Orban ABŞ-ı “Fidesz” partiyasının əsas üç rəqibindən biri kimi təsvir edib. Müzakirə “Fidesz” parlament qrupunun fevral ayında keçirilən iclasında aparılıb. Budapeştdəki hökumətyönlü mənbə “Guardian”a bildirib ki, Orban ABŞ-ın deyil, konkret olaraq Bayden administrasiyasının adını çəkib.

 

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi və Pentaqon məxfi sənədlərin sızması ilə bağlı təhqiqata başlayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR