İkinci ən isti mart - Dünyaya necə təsir etdi?

İnsanların yaratdığı iqlim dəyişikliyi səbəbindən qlobal temperatur yüksəlməkdə davam edir.
Sfera.az xəbər verir ki, 2023-cü ilin mart ayı tarixdə ikinci ən isti mart kimi qeydə alınıb.
Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidmətinin açıqladığı hesabata görə, Dünya temperaturla bağlı qeydlərin aparılmasına başlandığından bəri bu il ikinci ən isti martı geridə qoyub.
Tarixin ən isti martı isə 2016-cı ildə qeydə alınıb.
Məlumata görə, ötən ay havanın temperaturu Cənubi və Mərkəzi Avropada orta səviyyədən yüksək olub.
Şimali Afrikanın çox hissəsi, Rusiyanın cənub-qərbi, Asiya, Şimali Amerikanın şimal-şərqi, Argentina, Avstraliya və Antarktika sahilləri də mart ayında orta səviyyədən çox isti olub.
İstisna olaraq, qərb və mərkəzi Şimali Amerikada keçən ay normaldan daha soyuq hava müşahidə edilib.
Hesabat dünyanın müxtəlif yerlərindəki peyklərdən, gəmilərdən, təyyarələrdən və hava stansiyalarından götürülmüş milyardlarla ölçümün təhlili əsasında hazırlanıb.
Qeyd olunub ki, yüksək temperatur dəniz buzlarının kiçilməsinə gətirib çıxarıb.
Antarktikada buzun həcmi son 45 ildə qeydə alınan ikinci ən aşağı səviyyəyə enib. Bu, buzlaqların orta enindən 28 faiz aşağıdır.Dəyişiklik buzlaqların 10 illik azalmasının davam etməsi deməkdir. Dəniz buzunun azalması su səviyyəsinin yüksəlməsinə səbəb olur, sahilyanı yaşayış məntəqələrini və adaları təhlükə altına alır.
Oxşar tendensiya Arktikada da müşahidə olunub, dəniz buzunun əhatə etdiyi ərazi orta səviyyədən 4 faiz aşağı düşüb ki, bu da tarixdə dördüncü ən aşağı göstəricidir.
Lalə
Sfera.az